Rusiyanın baş diplomatının “çanta”sında nələr olacaq -ekspertlərdən maraqlı açıqlamalar
Rusiyanın xarici işlər naziri Sergey Lavrov Azərbaycana işgüzar səfər edəcək. Bu barədə bu gün Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova keçirdiyi brifinqdə bildirib. Onun sözlərinə görə, Rusiya XİN başçısı mayın 10-11-də Azərbaycana səfər edəcək. M. Zaxarova qeyd edib ki, mayın 5-6-da isə S. Lavrov Ermənistanda səfərdə olacaqGöründüyü kimi, Rusiyanın baş diplomatı Azərbaycana Ermənistandan sonra – 5 gün – Bakıya gələcək və Azərbaycan Prezidenti ilə görüşəcək. Adətən, bölgəyə səfər edən diplomatlar və ya rəsmi şəxslər davamlı şəkildə Bakı və İrəvana görüşlər keçirirlər. Vaxtilə S.Lavrov da səfər qrafikini belə müəyyənləşdirmişdi. Belə olan təqdirdə bu dəfə Rusiya XİN rəhbəri nədən İrəvandan sonra dərhal yox, 5 gün sonra Bakıya gəlməyi planlaşdırıb? Belə çıxır ki, S.Lavrovun “çanta”sında hansısa təkliflər olacaq və onlar ətrafında İrəvanda danışıqlar aparılandan sonra Kremldə müzakirəsinə ehtiyac yaranacaq. Maraqlıdır, bu səfər zamanı gündəmdə üçtərəfli sazişlərin reallaşması məsələsimi olacaqmı? Xatırladaq ki, Lavrov bu günlərə həm erməni həmkarı, həm də Azərbaycan XİN rəhbəri Ceyhun Bayramovla telefonla danışıb. Demək olarmı ki, prezident Putin onu bölgəyə hansı missiya ilə göndərir?
Ceyhun MəmmədovDeputat Ceyhun Məmmədov “Yeni Müsavat”a bildirdi ki, davamlı olaraq Azərbaycan, Rusiya və Ermənistan tərəfi üçtərəfli anlaşma ilə bağlı davamlı müzakirələr aparırlar: “Razılaşmada əksini tapan bir sıra məsələlər həllini tapsa da, açıq qalan və Azərbaycan tərəfini narahat edən məsələlər var. Səfərin gerçəkləşməsində əsas məqsəd tərəflərin mövqeyini öyrənmək, eləcə də Rusiya tərəfinin mövqeyini tərəflərə çatdırmaq və müvafiq məsləhətləşmələr aparmaqdır”.
C.Məmmədovun fikrincə, aradakı fərq böyük ehtimalla yenidən məsləhətləşmələr və mövqelərin uzlaşdırılması ilə bağlıdır: “Azərbaycan tərəfinin mövqeyi məlumdur. Razılaşmanın icrası ilə bağlı açıq qalan məsələlər həllini tapmalıdır. Ermənistan təxribat törətməkdən və təxribatçı bəyanatlar verməkdən çəkinməlidir. Eyni zamanda, Azərbaycan “İskəndər-M” raketləri ilə bağlı Rusiya tərəfinin izahatını gözləyir. Hələ ki, Azərbaycan tərəfinə qane edici cavab verilməyib”.
Elxan Şahinoğlu “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Azərbaycana səfərləri heç zaman xeyrimizə olmayıb: “Rusiyalı diplomatın bütün təşəbbüsləri ziyanımıza olub. 2016-cı ilin aprelində təcili Bakıya gəldi və inandırdı ki, münaqişənin həlliylə bağlı “həll planı” işə düşəcək. İşğalçıya qarşı əks-hücumu dayandırdıq, ancaq Lavrov Bakını tərk etdikdən sonra Dağlıq Qarabağ ətrafındakı rayonların boşaldılması vacibliyini arxa plana keçirdi. Lavrov yenə gəlir. Rusiyanın xarici işlər naziri mayın 5-6-da Ermənistanda, mayın 10 və 11-də isə Azərbaycanda olacaq. Səfərlər arasındakı bir neçə günlük fasilə diqqətimi çəkdi. Belə çıxır ki, Lavrov mayın-5-də İrəvana gedəcək, mayın 6-da Moskvaya qayıdacaq, 4 gün keçdikdən sonra yenidən bölgəyə - Azərbaycana gələcək. Nədən Lavrov birbaşa İrəvandan Bakıya gəlməyəcək? Görünür, Lavrovun hər iki tərəf üçün “sürpiz” təklifləri var. Lavrov həm də Türkiyə Cumhurbaşqanı Rəcəb Tayyib Ərdoğanı qabaqlamaq istəyir. Çünki, Ərdoğan daha əvvəl bəyan etmişdi ki, Ramazan bayramında, yəni mayın ortalarında Şuşaya gəlmək istəyir. Bakı və Ankara bu səfərə hazırlıqlara başlayıb”.
E.Şahinoğlunun qənaətincə, Moskva bu gedişatdan narahatdır: “Kreml Ərdoğanın Şuşaya səfəri zamanı irəli sürəcək təkliflərdən ehtiyat edir. Ərdoğanın aprelin 24-də azərbaycanlı həmkarı İlham Əliyevlə telefon danışığından sonra “birgə addımlar atacağıq” açıqlaması da Kremli narahat etməmiş deyil”. Politoloq hesab edir ki, Lavrov Bakıya hansı təkliflə gəlirsə-gəlsin, Kremlin növbəti hiyləsinə aldanmaq olmaz: “Rusiyanın Qarabağdakı hərbçiləri Xankəndidə “hərbi parad” keçirəcək və bundan bir gün sonra Lavrov Bakıya gəlib bizi sakitləşdirməyə və “balanslı xarici siyasəti” qorumağa çağıracaq. Rusiya ilə Türkiyə bizim üçün eyni ola bilməz. Bunu Lavrova da anlatmağın zamanıdır”.
Elxan ŞükürlüPolitoloq Elxan Şükürlünün sözlərinə görə, Lavrovun səfəri Cənubi Qafqazın Rusiya-Qərb seçimi arasında qalmış iki ölkəsi - Ermənistan və Azərbaycanla münasibətlərdə meydana çıxmış yeni situasiyaya aydınlıq gətirilməsi ilə bağlıdır: “Yeni situasiya da ondan ibarətdir ki, ABŞ və Fransa çox fəal şəkildə Ermənistandakı seçki prosesinə müdaxilə edərək, Rusiyanın mövqelərinə zərbə vurmağa və Qərbyönümlü qüvvələrin Ermənistan parlamentinin əksəriyyətini götürməsinə nail olmağa çalışır. ABŞ prezidentinin məlum “soyqırım” açıqlaması, Fransanın ATƏT Minsk Qrupunun fəaliyyətini yenidən canlandırmaq cəhdi məhz Paşinyan və tərəfdarlarını qorumağa, gücləndirməyə hesablanıb. Təbii ki, Rusiya da öz qüvvələrini hərəkətə gətirməli, Paşinyanın mövqeyinə zərbə vurmalıdır. Rusiya, bir tərəfdən, öz qüvvələrini vahid blokda birləşdirməyə çalışacaq, o biri tərəfdən də Paşinyanı məcbur edəcək ki, 10 noyabr və 11 yanvar razılaşmalarının icrasını təmin etsin. Çünki bu razılaşmaları icra etmədikcə, Rusiyanın 44 günlük savaş müddətində gözəl müttəfiqlik münasibətləri qurduğu Türkiyə-Azərbaycan ittifaqını da haqlı olaraq narazı salır”. E.Şükürlünün fikrincə, Rusiya yaxşı görür ki, o, Ermənistanı razılaşmaların icrasına məcbur etmədikcə, Azərbaycan və Türkiyədə Rusiya əleyhinə mövqelər getdikcə güclənir və bu tendensiya gələcəkdə Türkiyə-Azərbaycan ittifaqına Qərblə yenidən yaxınlaşmaq fürsəti verir: “Rusiyanın Ermənistanı sıxışdırmamasına, prosesi uzatmaq istəyinə cavab olaraq Azərbaycanın “İsgəndər-M” raketləriylə bağlı mövqeyi, düşünürəm ki, Kreml üçün ciddi siqnal oldu və onlar Azərbaycanın Türkiyə ilə bərabər hansı addımlar ata biləcəyini gördülər. İndi Rusiya çalışacaq ki, Azərbaycanla daha ehtiyatlı davransın. Üstəlik, Rusiya görür ki, 44 gün ərzində olduğu kimi, 20 iyun seçkilərində də onun Ermənistanda yenidən mövqeyinin güclənməsində Azərbaycan çox önəmli rol oynaya bilər. Hazırda Baydenin soyqırım bəyanatından sonra Türkiyə və Azərbaycanda antiamerikanizm sürətlə yüksəlir və bu hal Rusiya üçün Türkiyə və Azərbaycanla münasibətləri yeni mərhələyə keçirmək üçün çox gözəl imkanlar açır”.
Bu mənada politoloq hesab edir ki, Lavrovun gəlişi də bu yeni imkanları dəyərləndirmək və sonrakı addımların nələrdən ibarət olacağını dəqiqləşdirmək üçündür: “İstənilən halda, Azərbaycan qarşıdakı 2 aydan maksimum dərəcədə faydalanmağı bacarmalı və Ermənistanı 10 noyabr və 11 yanvar razılaşmalarına yerinə yetirməyə vadar etməlidir”.
S.Lavrovun 2016-cı ildə İrəvana səfər etdiyi vaxt Ağrı dağının fotosunu çəkməsini sözsüz ki, nə Türkiyədə, nə də Azərbaycanda çoxları unutmayıb. Həmçinin 2017-ci ildə onun
“Dağlıq Qarabağ Azərbaycanın daxili işi deyil” açıqlaması da yaddan çıxmayıb. Rusiya XİN başçısı yalnız prezident Putinin “Dağlıq Qarabağ Azərbaycanın ayrılmaz tərkib hissəsidir”, bəyanatından və prinsipial mövqeyindən sonra öz açıqlamalarında korrektələr etməyə başlayıb. Bu mənada Lavrovun daxili heç zaman bizə fayda vəd etmir, odur ki, diqqətli və ehtiyatlı olmaqda fayda var...
E.Paşasoy,“Yeni Müsavat”