MAHMUDOV- USUBOV- SEYİDOV ÜÇLÜYÜNÜN BİRGƏ "DÖVLƏT ÇEVRİLİŞİ" ƏMƏLİYYATI... - Səid Dadaşbəyli həbsinin əsl səbəbini açıqladı

1-05-2021, 10:38   




Eldar Mahmudov 2004-cü ildə milli təhlükəsizlik naziri postuna qədəm basandan sonra səs-küylü və qondarma cinayət işləri adi hala çevirildi. “Mahmudovçu”ların “istintaq” adı altında törətdiyi cinayətlərin əksəriyyəti bu gün də araşdırılmamış qalıb.
Müsahibimiz Səid Dadaşbəylidir. Eldar Mahmudovun istintaqçıları 2007-ci ilin yanvarında onu və 14 gənci həbs edib, ictimiyyətə “terrorçu qrup”un ifşası haqda rəsmi məlumat verdilər. Sonrakı dövrdə üzə çıxanlar isə “mahmudovçu”ların özlərinin “terrorçu qrup”olduğunu üzə çıxardı. Səid Dadaşbəyli “Yeni Müsavat”a həbsi və sonra baş verənlər haqda danışıb.
“İstəyirdilər ki, şirkətə “juçok” yerləşdirim”

-Mən həbs olunanda bp-nin podratçıları olan şirkətlərlə işləyirdim. Bakıda yerləşən “Azeri M-İ Drillinq Fluids” ABŞ-Azərbaycan birgə müəssisəsində təchizat üzrə koordinator idim. Məni söhbətə çağırdılar. Dedilər ki, bizimlə işlə, bizim dediyimiz elə. İstəyirdilər ki, şirkətə “juçok” yerləşdirim, görülən işlərin, işçilərin dosyelərini onlara verim. Bunu mənə deyəndə qəti şəkildə etiraz elədim, əlimi stola vurub çıxıb getdim. Bundan sonra problemlər başladı. Mənə təzyiq edirdilər. Düşünürdülər ki, dediklərini edəcəyəm. Görəndə ki, heç nə alınmır, məni həbs etdilər.
“Adi koordinatorun gördüyü işi kəşfiyyat işi kimi təqdim edirdilər”
Aylarla döyür, işgəncə verir, bizdən terrorçu qrup düzəltməyə çalışırdılar. Adi koordinatorun gördüyü işi kəşfiyyat işi kimi təqdim edirdilər. Bu gün istənilən koordinatorun əlinin altında məlumat kitabçası – sarı vərəqələr var. Həmin sarı vərəqələri 25-30 manata bu gün də bütün kitab mağazalarından, köşklərdən almaq olar. Bilməyənlər üçün deyim ki, həmin sarı vərəqələr azərbaycan, rus, ingilis dilində olur, şirkətlərin telefonları, müdirlərinin adları, fəaliyyət istiqamətləri haqda məlumatlar var. Mən koordinator idim, sifariş verilirdi, boru, digər lazımi avadanlıqları satan şirkətlərlə əlaqə saxlayıb tələb olunan mal-materialları alırdıq.

“İttiham aktı ilə tanış olan şəxs açıq şəkildə istintaqçıların “tupoy”luğunu görə bilir”
Cinayət işinə mənim istifadə etdiyim sarı vərəqələri sübut kimi əlavə etmişdilər. Təsəvvür edirsiz, bilməyən adamlar da, hansılar ki, ümumiyyətlə lojistikadan bixəbərdir, bunların nağıllarına inanırdı. Halbuki bütün təchizatda oturan insanların əlinin altında sarı vərəqlər olur. Yəni o adi bir şeydir, o bizim işimizdə istifadə olunan vasitədir. Cinayət işində yazırdılar ki, mən şirkətlərin “dannı”larını yığırdım, saxlayırdım. Mənə deyirlər, Səid turba lazımdır, qalınlığı on iki millimetr məsələn. Mən bunu axtarmalıyam; həmin sarı vərəqələri əlimin altında saxlayırdım, çünki bütün şirkətlərin ünvanları, müdürlərin adı, şəkillərinə, adreslərinə qədər orada var. Onu yığmağa ehtiyac yoxdur.
Satışda 25-30 manata olan sarı vərəqələri əsas tutub mənə 274-cü maddə ilə ittiham verilib. İttiham aktı ilə tanış olan şəxs açıq şəkildə istintaqçıların “tupoy”luğunu görə bilir. Yazırlar ki, Ceyhun Əliyev və başqaları ilə biz istəmişik “Bakı-Ceyhan” boru kəmərinin şəkilini çəkək. Təsəvvür edin, biz məhz foto çəkmək istəmişik, yəni söhbət partlatmaqdan getmir. Yazırlar ki, fotonu çəkib İrana göndərməli idik, amma sonradan fikirimizdən dönmüşük. 
Tutaq ki, biz kəməri çəkmək istəmişik. Axı “Bakı-Ceyhan” boru kəməri torpağın altından gedir. Yerin altında olan borunun şəkilini çəkib İrana necə ata biləcəkdim? Bundan başqa, internetdə həmin boru kəmərinin ayrı-ayrı hissələrinin fotoları var. 2004, 2005, 2006-cı illərdə çəkilən şəkillərlə yanaşı boru kəmərinin hansı rayondan, hansı kənddən keçdiyi açıq şəkildə göstərilir. Sərgilərdə böyük plakatlarda boru kəmərinin fotoları ilə yanaşı qalınlığı, digər texniki göstəriciləri göstərilirdi. İran o qədər “tupoy”dur ki, mənə deyir ki, get o turbanın şəkilini çək, mənə göndər? Bu qədər absurd ittiham verdilər. Bu axmaq ittihamdan başqa heç bir şey yoxdur.
“Hakim Ənvər Seyidov bir tərəfdən qərar verir ki...”
Yəni bunlar başqa heç bir şey göstərmirlər ki, məsələn kim iləsə görüşdüm, o mənə “zadanie” verdi, ondan pul aldım, ya almadım. Bunların heç biri yoxdur. Özlərinə də deyirdim ki, mənə necə dövlətə xəyanət maddəsini verə bilərsən? İşi bu şəkildə göndərdilər məhkəməyə, verdilər Ənvər Seyidova. Məhkəməni iki yerə ayırdılar, gördülər ki, dəlil-sübut yoxdur qapalı elan etdilər. Bəhanə kimi vətənə xəyanət maddəsinə baxıldığını göstərdilər. 2-3 proses getdi, başladılar MTN-in marağında olan, ittiham aktından yazılan, heç bir dəlil-sübutla təsdiq olunmayan nağılları necə sərf edir, elə də “Lider”, “Space” və digər kanallarda işıqlandırmağa. 

Hakim Ənvər Seyidov bir tərəfdən qərar verir ki, 274-cü maddəyə baxılır, guya məxfi məsələlər var və məhkəməni qapalı keçirir. Cinayət Prossesual Məcəlləsində açıq - aydın yazılıb ki, məhkəmə qapalı keçirilirsə, kimliyindən asılı olmayaraq bütün iştrakçılar hamısından imza götürülməlidir. Ənvər Seyidov sözdə məhkəmə baxışını qapalı elan etdi ki, orada baş verənlərdən ictimaiyyət xəbər tutmasın. Çünki ittihamın saxta olması göz qabağında idi. İşin qapalı keçirilməsi elan olunandan sonra materiallar kənara çıxırsa, bunu yayan şəxs müəyyən edilməli, cəzalandırılmalıdır. Faktiki olaraq məhkəmənin qapalı keçirilməsi birbaşa qanunsuz olub. Özlərinin yazıdıqları saxta ittihamı telekanallardan yaydılar, bundan sonra İran Azərbaycana nota verdi. Televiziyalarda İranı ittiham edirdilər ki, Azərbaycanda İran belə məsələlərlə məşğuldur. “Səid Dadaşbəyli”nin dəstəsi var, nə bilim dövlətə xəyanət ediblər. İranla Azərbaycan arasında bu saxta ittihamlara görə üç ay qırğın gedib”.
“Qoy bu məsələni araşdırsınar, o orda nə gəzir?”
Səid Dadaşbəyli deyir ki, həbsdə olduqları dövrdə reallıqda baş verənləri ictimaiyyətə çatdıra bilməyiblər: “Bu iş başdan ayağa “sfabrikovannı”dır. Araşdırsalar, elə birinci addımda qanunsuzluqları görəcəklər. İşdə 100-dən çox, ciddi səviyyədə olan qanun pozuntuları var. Bu qanun pozuntularının 1-2-si bunların özlərinə cinayət işi başlamaq üçün bəs edir. Çünki bu iş başdan-ayağa qondarmadır. Bu işdə MTN ilə yanaşı Respublika Prokurorluğunun o dövrdə rəhbərliyində olan Rüstəm Usubovun da əli var. 2006-cı il, iyunun 8-i Rüstəm Usubov mənim və bir sıra şəxslərin telefon danışıqlarına qulaq asılması üçün əmr verir. Öz adından Səbail rayon məhkəməsinə müraciət edir. İttiham aktına da yenə də Rüstəm Usubov imza atır. Qoy bu məsələni araşdırsınar, o orda nə gəzir? Prokurorluqda başqa adam yoxdur? 

Deyir bizdə toplanan məlumatlara görə Dadaşbəyli Səid və bir sıra şəxslər... bir sıra şəxslər bilirsiz kimdir? Heç bizim tanımadığımız və bizim işimizdə keçməyən adamlar, Gürcüstan, Rusiya, bir dənə Osetiya vətəndaşı. Həmin o Səbail rayon məhkəməsinin qərarında bunlar var. Qəraradan bunların nəyə görə bizim telefonlarımıza qulaq asdıqları bilinmir. Çünki heç nə ilə əsaslandıra bilməyiblər, qanunsuzdur axı hamısı. Dinləmə haqda sənədin nömrəsi də yoxdur! Səbail rayon məhkməsi bizim dinləməmiz, özümüzün, evlərimizin güdülməyi haqda qərar verir.
Cinayət Prossesual Məcəlləsində dinləmə haqda maddələr var. İstintaq getməli, cinayət işi başlanmalı, mən dəvət olunmalıyam ora, bunların heç biri olmayıb. Rüstəm Usubov özündən Səbail məhkəməsinə üz tutur və Səbail rayon məhkəməsi də qərar verir. Prokuror özbaşına kimin gəldi telefonunu qulaq asmağa icazə verə bilməz! Azərbaycan Konstitusiyasına görə bu birbaşa Cinayət Prosesual Məcəllənin pozuntusu kimi qeydə alınmalıdır. Bundan başqa dinləmə haqda icazə 6 aylıq verilir. Noyabr ayında da Rüstəm Usubov daha bir saxta sənəd verib, bizim dinləməyimizi, güdülməyimizi 6 ay da uzadıb. Biz məhkəmədə dönə-dönə tələb etdik ki, dinləmə və güdülmə zamanı əldə etdiklərini ortaya qoysunlar.
“...guya biz kofe içib dövlət çevrilişinə hazırlaşırıq!”
1 video göstərirlər ki, mən küçədə dayanmışam, yanıma dostlarımdan biri yaxınlaşır, sonra başqa adamlar yaxınlaşır, hansılar ki, həbs olunmayıblar. O videoda biz öz aramızda danışırıq, sonra “Ekspres” kafedə otururuq, kofe içirik. Videogörüntü var, amma səsimizi, nə danışdığımızı vermirlər. Həmin videonu da maddi sübüt kimi göstərirlər, guya biz kofe içib dövlət çevrilişinə hazırlaşırıq! Biz məhkəmədə qışqırıb-bağırırıq ki, videogörüntünün səsini verin, baxın mən orda nə danışıram?

“Bu maddi sübutdursa, bəs səsi hanı?”
Mən orda Moskvadan gələn uşaq var idi, onun orda dayısının tibb mərkəzləri var idi, onlar istəyirdilər ki, “Komsomolski”də tibb mərkəzi açsınlar. Danışığa gəlmişdi ki, investorluq edim. Mən də dostum Mikayılı gətirdim ki, bunu müzakirə edək. Biz onunla bir dəfə orda görüşmüşdük. Başqa vaxt biz onunla orda görüşmürük. Həmin onu da lentə alıb göstərirdilər səssiz. Məhkəmədə özümü dağıdıram o setkadan ki, mən xahiş edirəm o videonun səsini qoyasız. Səsini qoy, bax orda mən nə danışıram! Söhbət orda nədən gedir? Elə bil divara danışırdıq. Ənvər Seyidov hakimlik etmirdi, özünü MTN müstəntiqi, o cinayətkar dəstənin üzvü kimi aparırdı. Deyir ki, bunlar maddi sübutlardır. Bu maddi sübütdursa, bəs səsi hanı? Bu məntiqlə istənilən şəxsin videosunu çəkib demək olar ki, bunlar dövlət çevrişinə hazırlaşırlar. Bizim danışıqlarımızı 70-80 səhifə çapa veriblər. Məhkəmədə də subut kimi təqdim edirlər. Mən Ceyhunla danışıram, turba necə oldu, bu necə oldu. Ənvər Seyidova deyirəm ki, xahiş edirəm bu danışıqların səslərini qoya bilərsiz? Deyir ki, yox! Halbuki həmin danışıqları özlərinə sərf edən üslubda kompyuterdə yığıb işə əlavə ediblər. Oxuyan orada konkret cinayət məsuliyyəti daşıyan bir danışıq görməyəcək.
İşə əlavə edilən danışıq isə belədir:
Mən Ceyhuna deyirəm

–Salam Ceyhun, necəsən?
Ceyhun mənə deyir: - Yaxşıyam, sən necəsən? O turba nə oldu?
Nə bilim e, hələ başım qarışıqdır.
Bu danışıqda biz bp podratçılarına lazım olan turbalardan danışırıq. Bunu sübut da edə bilərik deyirəm. Qulaq asan olmadı. Deyirlər ki, yox, siz Bakı-Ceyhandan danışırsız. Belə saxta maddi sübutlarla bizi mühakimə edirdilər. Sanki 1937-ci ildə yaşayırdıq”.
“İttiham bu cür absurd maddi sübutlara əsaslanır”
Səid Dadaşbəyli vəkili Elçin Qəmbərovun MTN istintaqçıları ilə əlaqələrindən də danışdı:
“Elçin Qəmbərov onlara işləyəndir. Bunu biz sonralar bildik. Onun özünün mənə etirafı oldu. Dedi ki, onu şantaj ediblər. Onunla bağlı deyəcəyəm...
İttihamda yazırdılar ki, guya mən fond yaratmışam, ianə toplamışam. Hanı o fond? İanə verən kimlərdir? Mikayılın kompyuterindən evinin remontuna aid yazdıqlarını götürüblər. Mikayıl orda yazıb ki, 50 dollar bu gün xərclədim rəngə, nə bilim 200 dollar “oboy”a, 30 dollar ustaya. Bunları maddi sübut kimi işə əlavə edib yazırlar ki, bu fondun buğalteriya kağızıdır. Bəs fondda 2-3 min dollar olub, bu pulla çeviriş hazırlayırıq? O qədər “tupoy”dular ki, həmin kağızlarda Mikayılın ingilis dilində yazdığı sözlərə də fikir verməyiblər. Başlığında evin təmiri xərcləri sözləri ingilis dilində yazılıb. Olmayan fondla bağlı başqa bir şey yoxdur. İttiham bu cür absurd maddi sübutlara əsaslanır. (musavat.com)
(Ardı var)
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.