09:00 Rusiya Prezidenti Vladimir Putin müəyyən mənada istədiklərinə nail olub, amma nəticə, yəqin ki, onu həddindən artıq məyus edəcək. Putin istəyirdi ki, onu təhlükəli marginal hesab edən Qərb onunla danışsın, Qərb isə sanksiyalar dilində danışmağa başladı. Axar.az xəbər verir ki, bu barədə rusiyalı politoloq Dmitri Oreşkin yazıb. Onun sözlərinə görə, Qərb yüksək iqtisadi standartlara, hüququn aliliyinə və insan ləyaqətinə hörmətə əsaslanan həyat modelini təklif etməklə Putini çox qıcıqlandırır: "Bir çox ölkə həmin yolu seçməklə Rusiyanın təsir dairəsindən kənarda qalır. Belə ölkələr sırasında Ukrayna da var. Bütün bunların fonunda Putin və Rusiya əhəmiyyətini itirir. Rusiya liderinin özünə diqqət çəkmək istəyi də buradan qaynaqlanır. Putin ikinci dərəcəli ölkənin lideri kimi davranır: onunla danışmağa məcbur edən problemlər yaradır. O, hesab edir ki, bu, həm onu, həm də onun ölkəsini alçaldır, ona görə də hansısa yolla hamıya cavab verməyə çalışır". Oreşkin, həmçinin bildirib ki, Putin Ukrayna ilə müharibəyə başlamayacaq, çünki onun özünü qoruma instinkti çox inkişaf edib və o anlayır ki, müharibə həm Rusiya, həm də şəxsən onun özü üçün yüz faizlik ölüm deməkdir.