Rusiyanın “İsgəndər M” sükutu: sülhməramlıların çıxışı tezləşə bilər

4-05-2021, 10:46   



Politoloqun fikrincə, “Rusiya səmimi davranmırsa...” bəyanatı yaxın gələcəkdə təsirlərini göstərəcək, Qarabağdakı rus qoşunlarının 5 ili keçmədən bölgəni tərk edəcəyi istisna olunmur; partiya sədri: “Rusiya beynəlxalq xarakterli cinayətin şərikidir”

500 kilometr mənzilli “İsgəndər-M” ballistik raketləri Rusiya ordusunun istifadəsi üçün nəzərdə tutulur. Beynəlxalq sazişlərə əsasən, bu raket növünün ixracı qadağandır. “Yeni Müsavat” yada salır ki, Ermənistanın arsenalında onun yalnız ixrac növü olan “İsgəndər-E”  raketləri mövcuddur. Lakin “İsgəndər-M” raketlərinin qalıqlarının Şuşada aşkarlanması xeyli vaxtdır Azərbaycan ictimaiyyətində böyük etirazlara səbəb olub. Bakı məsələyə aydınlıq gətirilməsi üçün Rusiya rəhbərliyinə müraciət edib.
Azərbaycan Prezidenti bir müddət öncəki açıqlamasında bildirib ki, o, məsələni rusiyalı həmkarı Vladimir Putinlə də müzakirə edib, Azərbaycan Müdafiə Nazirliyi isə Qarabağda “İsgəndər-M” raketlərindən istifadə olunduğunu təsdiqləyən foto və videomaterialları Moskvaya göndərib. Rusiya tərəfi Azərbaycana bununla bağlı indiyə qədər heç bir izahat verməyib.
Şuşada “İsgəndər-M”in qalıqlarının tapılması dünya mediasında
“Paşinyan Ermənistanın baş naziridir. O deyir ki, biz raketdən istifadə etmişik. Rusiya Müdafiə Nazirliyinin rəsmisi isə onların raketdən istifadə etmədiyini deyir. Bu, nə deməkdir? Bu, Rusiya Müdafiə Nazirliyinin Ermənistan Müdafiə Nazirliyinə nəzarət etməsi deməkdir?”, - deyə Prezident çıxışı zamanı sual etmişdi.
Azərbaycan şimal qonşusu ilə münasibətlərdə balansı saxlamağa çalışır. Amma Rusiyanın Ermənistana daimi hərbi dəstəyi, Ermənistan ordusunun Moskvanın yardımı ilə modernləşdirilməsi bu münasibətləri sual altında qoyur. Analitiklərin sözlərinə görə, Rusiya erməni ordusuna bu silahları müharibədə istifadə üçün veribsə, bu, beynəlxalq normaların pozulması hesab olunduğundan Moskva üçün kifayət qədər böyük başağrısıdır, ona görə etiraf etmir. Bu addım Rusiyanı Qərbin sanksiyaları ilə üz-üzə qoya bilər.
Digər bir səbəb isə “İsgəndər”lərin ermənilərin əlinə qeyri-qanuni yollarla keçməsi ehtimalından qaynaqlanır. Rusiyada olan erməni lobbisinin şəxsi zəmində əlaqələri ən yüksək hərbi eşelona qədər gedib çıxır. Raketlərin hökumətin xəbəri olmadan Ermənistana keçməsinin açıqlanması Rusiya təhlükəsizlik orqanlarına qara ləkə yaxacaq. Bəs bu susqunluq nə qədər davam edəcək?
Artıq həmsədrlərin bölgədə görə biləcəyi iş qalmayıb" – Qulamhüseyn Əlibəyli
Qulamhüseyn Əlibəyli 
Aydınlar Partiyasının sədri, hüquqşünas Qulamhüseyn Əlibəyli “Yeni Müsavat”a bildirdi ki, Rusiyanın sükutu axıra qədər davam edəcək. Onun sözlərinə görə, “İsgəndər M” raketlərinin istifadəsi və satışı qadağandır: “Şuşaya atılan raket Rusiya silahlı qüvvələrinin balansında olan silahdır. Bu raketlərin ermənilərdə olması və yaxud ruslar tərəfindən Şuşaya atılması bəlli deyil. Ancaq Rusiya bu məsələdə məsuliyyətini başa düşür”.
Q.Əlibəyli istisna etmir ki, raketin atılmasında rusların rolu olmayıb: “Rusiya tərəfi bildirir ki, bununla bağlı araşdırma aparırlar, amma nəticə verməyəcək. Çünki Rusiya beynəlxalq xarakterli cinayətin şərikidir”.
Azerforum.com - Baydenin Qafqaz siyasəti necə olacaq - ekspertlərdən fərqli  fikirlər
Züriyə Qarayeva
Siyasi ekspert Züriyə Qarayevanın sözlərinə görə, Rusiya və Ermənistan açıq şəkildə etiraf etdilər ki, müharibə zamanı Azərbaycan ərazisinə dağıdıcı və istifadəsi qadağan olunan  “İsgəndər” raketləri atılıb: “Vətən müharibəsi bitdikdən sonra dayanmadan neytrallıq faktorunu bəhanə gətirib sülhməramlı missiyanın icrasında, Türkiyəni uzaqlaşdırmağa çalışan Rusiya bir daha əsl hiyləgər niyyətini ortaya qoymuş oldu. Dolayı yolla bəyan etdi ki, mənə nə Azərbaycan, nə Ermənistan, sadəcə, öz maraqlarımı təmin etmək lazımdır. Prezident İlham Əliyevin çıxışı zamanı ifadə etdiyi kimi ”Tərəfdaşlar bir-biri ilə səmimi davranmalıdırlar". Rusiya səmimi davranmırsa, deməli, strateji tərəfdaş ifadəsi tərəfdaş ifadəsi ilə əvəzlənməlidir. Bu açıqlama yaxın gələcəkdə Rusiya ilə əməkdaşlığın hansı çərçivədə məhdudlaşacağını göstərməklə, həm də “sülhməramlı” qüvvələrin də 5 ili keçmədən Azərbaycan torpaqlarından çıxıb gedəcəklərinə işarə vermiş oldu".
Ekspert qeyd etdi ki, strateji əməkdaşlıq təşkilati və konstruktiv addımlarla gücləndirilir: “Münaqişələrin qarşısının alınması, eyni zamanda postmünaqişə dönəmində strateji tərəfdaşlarla siyasi dialoqu inkişaf etdirmək də bu addımlar kontekstindədir. Prezidentin bəyan etdiyi kimi, əgər Rusiya strateji müttəfiq olmayacaqsa, deməli, postmünaqişə dövrünün layihələrindən də kənarda tutulmuş olacaq”.
Qeyd edək ki, “İsgəndər” raket kompleksinin istifadə olunması barədə ilk dəfə Ermənistan Silahlı Qüvvələrinin keçmiş Baş Qərargah rəisi Movses Akopyan danışmışdı. O, 2020-ci ilin noyabrında jurnalistlərlə görüşü zamanı müharibənin son günlərində “İsgəndər”lərdən istifadə edildiyini bildirmişdi.
2021-ci ilin fevralında isə Ermənistanın baş naziri Nikol Paşinyan “1in.am” portalına müsahibəsində keçmiş prezident Serj Sarkisyanın “İsgəndər” raket kompleksinin Qarabağ müharibəsi zamanı istifadə edilmədiyinə dair eyhamına cavab verərək “Bu eyham mənə ünvanlanmış ola bilər, lakin mən düşünürəm ki, rədd edilmiş (Serj Sərkisyan nəzərdə tutulur) gərək bir çox sualların cavabına bələd olsun və cavabları ona məlum olan sual verməsin. Qoy soruşsun ki, niyə ”İsgəndər"dən buraxılan raket partlamayıb? Yaxud niyə, məsələn, 10 faizi partlayıb. Bəlkə o raket 80-ci illərin silahı idi?"
Emil SALAMOĞLU,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.