Hindistanda yaşanan koronavirus bəlası hər keçən gün daha dəhşətli hal alır.Musavat.com xarici KİV-lərə istinadən bildirir ki, son sutka ərzində koronavirusa 329 min 942 yeni yoluxma və 3 min 876 ölüm faktı qeydə alınan Hindistanda Qanq çayının sahillərində cəsədlər üzə çıxmağa başlayıb. Yerli mətbuatda yayılan iddialara görə həmin cəsədlər koronavirusdan ölən xəstələrə aiddir, hansı ki, yaxınları onları dəfn etmək üçün məzarlıq və ya yandırmaq üçün yer tapa bilməyiblər. Rəsmi olaraq 30-dan çox cəsəd tapıldığı deyilsə də, iddialara görə bu say 100-dən çoxdur.
Çausa şəhərinin rəsmisi Aşok Kumar mətbuata açıqlamasında Qanq çayının sahilində çoxlu sayda cəsəd tapıldığını, lakin onların hansı səbəbdən öldüyü və çaya atıldığı haqda dəqiq məlumat olmadığını bildirib. Hindistan rəsmiləri 3-4 gün suda qalan cəsədlərin yarılacağını və Çausa şəhərində istintaqın başlayacağını açıqlayıb.
Qanqın Buxar bölgəsindəki sahilində isə 10-dan çox cəsəd tapılıb. Buxar koronavirusdan ən çox əziyyət çəkən Uttar Pradeş əyalətinin yaxınlığında yerləşir.
Beləliklə, Qanq çayının sahillərinə çıxan cəsədlər dəhşətli mənzərə yaradıb. Ən dəhşətlisi isə odur ki, it və digər heyvanlar şişmiş cəsədləri yeməyə başlayıb. Bölgədəki insanlar bununla da virusun heyvanlar arasında da yayılmasından qorxurlar.
Məşhur gənc aktyor koronavirusdan öldüKoronavirusun ikinci dalğasının vurduğu Hindistanda səhiyyə sistemi tamamilə çöküb. Məşhur hindistanlı aktyor, 35 yaşlı Rahul Vohranın ölümündən əvvəl yaydığı video bunu bir daha sübut edib.
Koronavirusa yoluxan gənc aktyor müalicə aldığı xəstəxanadan video paylaşaraq, bildirmişdi:
"Nəzarətçiləri axtarmağa çalışırsan, amma gəlmirlər. Ya da bir saata və ya daha uzun müddətdən sonra gəlirlər. Bu müddət ərzində sən onların yoxluğunu hansısa şəkildə idarə etməlisən".
Məşhur aktyorun bu paylaşımından sonra ölkənin səhiyyə sisteminin vəziyyəti bir daha müzakirə mövzusuna çevrilmişdi.
Koronavirusdan qorunmaq üçün yeni bir "çarə" - inək nəcisi...Səhiyyə sisteminin çökdüyü Hindistanda insanlar koronavirusdan qorunmaq üçün özləri üçün müxtəlif çarələr tapmağa çalışırlar. Bununla da bir qisim hindistanlı inək nəcisinin koronavirusa qarşı effektli olduğunu düşünüb, onu bədənlərinə sürtürlər. Qəribədir ki, bu inanc sürətlə populyarlaşmağa başlayıb. Lakin mütəxəssislər inək nəcisinin koronavirusa qarşı heç bir effektiv təsiri olmadığını bildirərək, əksinə bunun müxtəlif infeksiya xəstəliklərinə yol aça biləcəyi haqda xəbərdarlıq edir.
Qorxuducu mutasiya...Hindistanda son 2 həftədə virusa yoluxanların sayı müəyyən qədər azalmağa başlayıb. Bununla bağlı yaxşı xəbərlərin gəlməsinə baxmayaraq, ÜST ölkədə yayılan virusun B.1.617 olaraq göstərilən mutasiyaya uğramış ştamının təhlükəli olduğunu, digər ştamlardan daha sürətlə yayıldığını açıqlayıb. ÜST-ün məlumatına görə bu ştamm artıq 30 ölkədə aşkar edilib.
Beləliklə, B.1.617 Hindistan ştammı
əvvəllər aşkar edilən İngiltərə, Cənubi Afrika və Braziliya ştamları ilə oxşar kateqoriyaya aid edilib.
Xalidə GərayMusavat.com