15 iyundan sonra Rusiyada kim qalacaq?

23-05-2021, 14:56   


Miqrantlara verilən müddət yaxınlaşır, Azərbaycan səfirliyi çağırış etdi, Rusiyanın işçiyə ehtiyacı var, amma..

Rusiyada qeyri-leqal yaşayan və çalışan MDB ölkələri vətəndaşlarına iyunun 15-nə qədər federasiya ərazisini tərk etmək üçün verilən zaman yaxınlaşır. Yada salaq ki, Rusiya daxili işlər nazirinin birinci müavini Aleksandr Qorovoy aprelin 16-da MDB Parlament Assambleyasının Sankt-Peterburqda keçirilən toplantısında üzv ölkələri öz vətəndaşları arasında bu istiqamətdə təbliğat işi aparmağa çağıraraq, Rusiyanı könüllü tərk etməyəcəkləri halda, bu şəxslərin zorla çıxarılacaqları və ölkəyə girişlərinə qadağa qoyulacağı barədə xəbərdarlıq edib. Rusiya DİN-in məlumatına görə, Rusiyada MDB ölkələrindən olan qeyri-leqal miqrantların sayı 1 milyondan çoxdur və onların 120 min nəfəri Azərbaycan vətəndaşıdır. İyunun 15-nə qədər həmin şəxslər ya vətənə qayıtmalı, ya da üçüncü bir ölkəyə getməlidirlər.Mayın 21-də Azərbaycanın Rusiyadakı səfirliyi bu ölkə ərazisində qeyri-qanuni yaşayan miqrantlarla bağlı nazir müavini Aleksandr Qorovoyun xəbərdarlığını xatırladan məlumat yayıb. Səfirliyin məlumatda deyilir ki, bu kateqoriyaya aid Azərbaycan Respublikasının vətəndaşları 15 iyun tarixinədək Rusiya ərazisində öz hüquqi vəziyyətlərini nizamlamaq məqsədi ilə faktiki yerləşmə yerlərində, bölgə və şəhərlərdə Daxili İşlər Nazirliyinin ərazi orqanlarının miqrasiya məsələləri üzrə bölməsinə ən qısa zamanda müraciət etməlidirlər.
“Rusiya qanunvericiliyi ilə müəyyən edilmiş müvafiq cərimə təxminən 5 000 rubl) və ya rüsumun ödənilməsindən sonra onların Rusiya ərazisində statusunun leqallaşdırılması aparılacaqdır.Səfirlik Rusiyada olan vətəndaşlarımıza qısa müddət ərzində aidiyyəti üzrə müraciət etməyi tövsiyə edir” deyə, məlumatda bildirilir.

Qanuna görə, ölkəyə vizasız gəlmək hüququ olan keçmiş sovet respublikalarından olan şəxslər əmək fəaliyyəti ilə məşğul olmaq üçün iş icazəsi almaqla yanaşı rus dili, Rusiya tarixi ilə bağlı imtahandan keçməlidir.
Qeyd edək ki, miqrantlarla bağlı qanun ötən ilin aprelində Rusiya prezidentinin imzaladığı qanunla qüvvəyə minib. Amma koronavirus pandemiyası ilə əlaqədar 15 mart 2020-ci il tarixinə qədər verilmiş vaxt 15 iyun tarixinə qədər uzadılıb. Sonra isə qərarın icrası yenidən 2021-ci ilin 15 iyuna qədər ertələnib.
Miqrantlarla bağlı qanunların sərtləşdirilməsi ölkədə işsizliyin səviyyəsini aşağı salmağa hesablanmışdı. Hökumət hesab edirdi ki, əmək miqrantlarının sıxışdırılması ilə onların yerini yerli əhalinin tutması mümkün olacaq. Amma sonrakı proseslər göstərdi ki, ruslar heç də kənd təsərrüfatı və ya tikintidə işləməyə həvəsli deyilmişlər.

Miqrantlarla bağlı hələ 2007-ci ildən başlayaraq qəbul edilən qərarlar, eləcə də pandemiya Rusiyanın iqtisadiyyatına öz mənfi təsirlərini göstərməyə başlayıb. Rəsmi məlumatlara görə, Rusiya Federasiyasındakı əmək bazarında ən çox aşağıdakı ölkələrdən olan miqrantlar təmsil olunur -Özbəkistan, Tacikistan, Qırğızıstan, Ermənistan, Ukrayna, Azərbaycan, Qazaxıstan, Çin, Moldova, Belarus, Vyetnam və Türkiyə.
Həm yeni qanunlar, həm də koronavirus bəlası təkcə aqrar sahədə deyil, tikinti sektorunda da ciddi geriləməyə səbəb olub. Yazqabağı Rusiya mediası yazırdı ki, aqrar sahənin ciddi inkişaf etdiyi ölkədə indi məhsulu toplamağa belə işçi qüvvəsi çatışmır. Kənd Təsərrüfatı Nazirliyi miqrantların mövsümü iş üçün Rusiyaya buraxılmasını istəyib. Ölkədə meyvə, tərəvəz, giləmeyvə yığmaq sahələri və heyvandarlıq sahələləri daha ciddi problemlə üzləşib.
Rusiya baş nazirinin müavini Viktoriya Abramçenko Kənd Təsərrüfatı Nazirliyinə, Əmək Nazirliyinə və Daxili İşlər Nazirliyinə 2021-ci ildə əcnəbilərin mövsümi kənd təsərrüfatı işlərinə cəlb olunması məsələsinin həlli yolunu tapmağa tapşırıb. Təkcə aqrosənaye kompleksində deyil, tikintidə də “miqrant qıtlığı”nın aktual olduğunu söyləyib.
Problem həm də ondadır ki, bəzi vilayətlərdə kənd təsərrüfatı işçiləri üçün əməkhaqqı aşağıdır və bu səbəbdən bir çoxları vilayətləri deyil, məvacibin bir qədər yüksək olduğu Moskvaya üz tuturlar.Rusiyanın müəyyən bölgələrində inşaat sektorunda işçi çatışmazlığı 50 faiz təşkil edir.
Orxan Əliyev,
Musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.