AZƏRBAYCANA QARŞI FRANSA-İRAN CƏBHƏSİ... – Bu iki ölkəni bizə qarşı birləşdirən “dəyər” nədir?

23-05-2021, 15:01   




Erməni isterikasının Fransadakı təzahürü Avropa Parlamentinə də daşınıb...
Avropa Parlamentinin Azərbaycana qarşı çıxardığı son qətnamədə deyilənlər bu sənədin qəbulunda əsas təşəbbüskarın Fransa olduğuna heç bir şübhə yeri qoymur. Qarabağ münaqişəsində çoxdan vasitəçilikdən çıxıb, münaqişə tərəfinə çevrilən Fransanın bu sənəddəki “izi” “Avropa İttifaqı və Minsk Qrupunun 10 noyabr razılaşmasında iştirak etməməsindən” təəssüf ifadə edilən bəndində özünü xüsusilə göstərir. Minsk Qrupunda Avropa İttifaqını təmsil edən ölkə hansıdır? Fransa. Yəni demək istəyirlər ki, Fransa başda olmaqla, bizi adam yerinə qoymadınız...
Məlum olduğu kimi, qurumun cümə axşamı keçirdiyi plenar iclasında qəbul edilən qətnamədə Azərbaycandan tələb olunur ki, münaqişə zamanı və sonra saxlanılan bütün hərbi və mülki şəxslər, yəni terrorçu-diversantlar "təcili və şərtsiz" azadlığa buraxılsın.
Qətnamədə, həmçinin Bakıdakı Hərbi Qənimətlər muzeyinin bağlanması istənilib, eləcə də, yenidən status məsələsi gündəmə gətirilib. Bu tələblər Fransa başda olmaqla, qurumun “başını itirməsindən” xəbər verir. “Hərbi əsirlər” və status məsələsində Azərbaycanın mövqeyi bəllidir və bu cür çağırışlar bir çox ölkə və qurumlar tərəfindən edilib.

Lakin Hərbi Qənimətlər muzeyilə bağlı bənd artıq gerçəkdən bu cür ciddi qurum hesab edilən təşkilatın qeyri-ciddi, hətta acınacaqlı duruma, səviyyəyə düşməsindən xəbər verir. Deməli, qurum hesab edir ki, bir ölkənin daxili işlərinə hansısa muzeyin bağlanmasına göstəriş verə biləcək dərəcədə qarışa bilər.
Bu, açıq-aşkar erməni isterikasının Fransadakı təzahürü və bunun məhz Paris vasitəsilə Avropa İttifaqı kimi əhəmiyyətli quruma daşınması anlamını daşıyır. Qətnamənin dili, “ruhu” da göstərir ki, onu hazırlayanlarda Azərbaycana qarşı kin, nifrət son həddədir, Avropada isə bunun əsas daşıyıcısı Fransadır...
Maraqlıdır ki, bu qətnamənin qəbul edildiyi ərəfədə İran parlamentinin milli təhlükəsizlik və xarici siyasət komitəsinin sədri Möjtaba Zonnur bəyan edib ki, İran özünün “şimal sərhədlərinin dəyişdirilməsinə” imkan verməyəcək. 
Söhbət Zəngəzurdan Naxçıvana çəkilməli olan dəhlizdən gedir: “İran İslam Respublikasının mövqeyi çox aydındır və qətiyyətlidir: biz regionda hər hansı dəyişikliyi qəbul etmirik, region ölkələrinin ərazi bütövlüyü saxlanılmalıdır. Biz habelə öz sərhədlərimizdə hər hansı transregional qüvvələrin mövcudluğunu da qəbul etmirik. İranla Ermənistan arasında mövcud olan sərhədlər müdafiə olunmalıdır və bütünlüklə saxlanılmalıdır...”

Göründüyü kimi, Avropa İttifaqı, daha doğrusu, Fransa ilə eyni danışıq tonu, eyni təhdid və hədə-qorxu, təzyiq dili. Və bu dil məhz Azərbaycana qarşı yönəlir.
Bu bəyanat, Ermənistanda böyük məmnunluqla qarşılandı. Məsələn, Ermənistanda tanınan politoloqlardan olan Qriqor Balasanyan “İranın dəqiq mövqeyi erməni tərəfini cəsarətləndirdi” deyə bildirdi...
Ancaq bu açıqlama da absurdluğuna görə Avropa İttifaqının qətnaməsindən geri qalmır. Çünki Zəngəzuri dəhlizinin İran ərazisi, yaxud sərhədlərilə heç bir əlaqəsi yoxdur. Xəritəyə baxsaq görərik ki, hazırda müzakirəsi gedən Qaragölün ətrafı birbaşa Ermənistan-İran sərhədindən aralıdır. Yəni orada baş verə biləcək dəyişikliyin İranla həmsərhəd hissəyə yaxından-uzaqdan aidiyyəti yoxdur.
Bu, Azərbaycan və Ermənistan arasında həll olunmalı məsələdir, ölkəmiz İrana qarşı heç bir ərazi iddiası irəli sürməyib, belə olan halda, bunun İrana nə aidiyyatı var? Təbii ki, bu reaksiyanı anlamaq asandır və bununla Azərbaycanın 44 günlük müharibədəki qələbəsinin və Naxçıvana dəhliz açmaq imkanı əldə etməsinin kimləri qıcıqlandırdığı daha aydın görünməyə başlayır...

Daha bir məqam - İran Zəngəzur dəhlizi məsələsi gündəmə gələn kimi, “Fars körfəzi - Qara dəniz” nəqliyyat və tranzit dəhlizi layihəsini ortalığa atdı. Məlumat üçün qeyd edək ki, bu layihə İrandan Ermənistan vasitəsilə Gürcüstanın Poti limanına və Qara dəniz üzərindən Bolqarıstanın Varna və Burqas limanlarına çıxışı nəzərdə tutur. Lakin əksər mütəxəssislər bu layihəni mənasız və perspektivsiz sayırlar. Çünki onun reallaşdırılmasına azı 2 milyard dollar lazımdır ki, bunu da xərcləməyə nə dılğır Ermənistanın gücü, nə də İranın hazırkı durumu imkan vermir.
Digər yandan belə bir layihəyə, onun Gürcüstan və digər ABŞ müttəfiqlərinin ərazisindən keçəcəyi nəzərə alınsa, Vaşinqtonun razılıq və imkan verməyəcəyi şübhəsizdir. Yəni ki, bu layihənin perspektivi yoxdur. Deməli, ölü doğulmuş bu fikri ortaya atmaqda məqsəd Zəngəzur dəhlizinə qarşı çıxmaq, Azərbaycana təzyiq göstərmək üçün bəhanə axtarmaqdan başqa bir şey deyil.
Göründüyü kimi, bir çox məqamlarına görə, yuxarıda qeyd etdiyimiz Fransanın və İranın Azərbaycana münasibətdə mövqeləri üst-üstə düşür. Görəsən, nədir bu dövlətləri ölkəmizə qarşı birləşdirən “dəyər”- “erməni sevgisi”mi? Təbii ki, yox. Əslində, səbəblər çoxdur, lakin onların ən başlıcaları sırasında Azərbaycan-Türkiyə münasibətləri və birliyi durur...

Nəhayət, bütün bu qeyd etdiklərimizi nəzərə almaqla, Fransanın uzaqda, İranınsa qonşuluğumuzda olduğunu unutmamalıyıq. Təəssüf ki, ölkəmizə həmin bu qonşumuzun mənfi təsirləri olduqca yüksəkdir.
Xeyli vaxtdır İrandan Azərbaycana dini təbliğat və narkotikdən başqa nə gəlir? Nə qədər acınacaqlı olsa da, hazırda Azərbaycanın ali baş komandanının yox, İrandakı ayətullaların əmri əsasında hərəkətə keçməyə hazır olan çoxlu sayda beyni yuyulmuş, savadsız fanatiklərimiz var. 
Bu, ölkəmiz üçün strateji təhlükədir. Belələri xüsusən sosial şəbəkələrdə fəallıq göstərək, gənclərin beynini yumağa, onları Azərbaycan dövlətinin maraqlarına zidd ideologiyaların təsiri altına salmağa çalışırlar. Bu təhlükəni təhlükəsizlik orqanlarımızdan tutmuş dini qurumlarımıza qədər bütün müvafiq strukturlar gözardı etməməli, vaxtında lazımi addımlar atmalıdır.
Təəssüf ki, Qafqaz Müsəlmanları İdarəsinin fətva və addımıları, ümumiyyətlə, bu qurumun belə demək mümkünsə, “aurası” da uzun illər məhz İran yönümlü olub...
İranı düşmən, yad ölkə kimi göstərmək fikrindən uzağıq. Bu, heç Azərbaycanın milli maraqlarına da uyğun deyil, orada on milyonlarla soydaşımız yaşayır. Ancaq təəssüf ki, bu ölkəyə uzun illərdir rəhbərlik edən rejim özünü Azərbaycandan daha çox Ermənistanın dostu kimi aparmaqla, bütün dünyada özünü islam təəssübkeşi kimi göstərdiyi halda, qonşuluğundakı Azərbaycanda yaşayan müsəlmanların ermənilər tərəfindən işğala, haqsızlığa, qırğına məruz qalmasına adekvat reaksiya vermir. 

Əksinə, işğalçıya sahib çıxmaqla, hərdən hətta onun maraqları naminə az qala saç yolub, ah-vay salmaqla, sətiraltı da olsa müsəlman qonşusunu hədələməklə, yumşaq desək, nə dostluq, nə qardaşlıq, nə də normal qonşuluq nümunəsi göstərir...
Cəlal Məmmədov
“AzPolitika.info” 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.