airBaltic Belarus üzərində uçuşlardan imtina edir

24-05-2021, 14:47   


Avropa Komissiyasının başçısı Ursula von der Leyen bloku Alyaksandr Lukaşenka rejiminə sanksiyaları sərtləşdirməyə çağırıb
Latviyanın airBaltic aviaşirkəti Belarus üzərində uçuşlardan imtina edir. Bu haqda Delfi portalı ölkənin Nəqliyyat naziri Talis Linkaytsa istinadla yazır.
O, qərarı “Ryanair” təyyarəsinin Minskdə məcburi endirilməsi və Belarus güc strukturlarının NEXTA Telegram kanalının keçmiş baş redaktoru Roman Protaseviçi saxlaması ilə izah edib.
Nazir bu vəziyyəti “qeyri-adi” adlandırıb, Belarusun hava məkanında uçuşların təhlükəsizliyi ilə bağlı çoxsaylı suallar yaratdığını bildirib.
***
AB liderləri Belarusa sanksiyalar tələb edirlər
AB liderləri “Ryanair” təyyarəsini Minskdə endirib müxalifət jurnalistini saxlamış Belarusun avtoritar liderinə təcili sanksiyalara çağırıblar. Bu hadisə kommersiya təyyarəsinin dövlətin sponsorluğu ilə ələ keçirilməsi hesab olunur.
Mayın 24-də AB liderlərinin sammiti planlaşdırılır. Avropa Komissiyasının başçısı Ursula von der Leyen bloku Alyaksandr Lukaşenka rejiminə sanksiyaları sərtləşdirməyə çağırıb.

“Sanksiya tətbiq olunmalıdır”
“Belarus rejiminin azğın və qanunsuz davranışının fəsadları olacaq. #Ryanair təyyarəsinin saxlanmasına görə məsuliyyət daşıyanlara sanksiya tətbiq olunmalıdır”, – von der Leyen mayın 23-də tvitində yazıb.




Müxalifət fəalı və jurnalist Roman Protaseviçin olduğu, Afinadan Vilnüsə uçan təyyarə qəfildən yolunu dəyişərək Minskə istiqamətlənib. Protaseviç Belarusda ittiham olunduğu maddələrlə 15 il həbsə məhkum edilə bilər.
Belarusun BelTA dövlət agentliyinin yazmasına görə, Lukaşenka göyərtəsində bomba olduğu bildirilən təyyarənin Minskdə endirilməsindən ötrü havaya MiG-29 qırıcısının qalxmasına şəxsən göstəriş verib. Ancaq sonradan təyyarədə bomba tapılmadığı açıqlanıb.
Protaseviç sevgilisi ilə birlikdə polis tərəfindən təyyarədən çıxarılaraq aparılıb. “Ryanair” təyyarənin bir neçə saat Minskdə yubanandan sonra mayın 23-də Vilnüsdə eniş etdiyini açıqlayıb.
Potensial sanksiyalar
Litva Prezidenti Gitanas Nauseda Protaseviçin həbsini pisləyib, “görünməmiş hadisə” adlandırıb, “bu çirkin addımın hərəkəti”n arxasında Belarus rejiminin durduğunu deyib.
Onun sözlərinə görə, AB liderləri Brüssel sammitində Belarusun “dövlət səviyyəsində terror aktı”nı və “rejimə qarşı ciddi sanksiyaları” müzakirə edəcək.
AzadAvropa/AzadlıqRadiosu-na anonimlik şərtilə danışan AB rəsmisinin sözlərinə görə, potensial addımlar Belarus üzərindən AB uçuşlarının dayandırılması, Belarusun Belavia dövlət şirkəti uçuşlarının AB aeroportlarında enişinin yasaqlanması, Belarusdan AB-yə tranzitin dayandırılması ola bilər.
“Belarusun hava məkanı kommersiya uçuşları üçün tamamilə təhlükəsizdir, təkcə AB deyil, beynəlxalq ictimaiyyət də buna belə yanaşmalıdır. İndi isə bu alətdən Belarusun hava məkanından keçən istənilən təyyarəyə qarşı istifadə oluna bilər”, – Litvanın Xarici işlər naziri Gabrielius Landsbergis deyib.


ICAO-ya çağırış
AB liderləri Beynəlxalq Mülki aviasiya Təşkilatını (ICAO) araşdırma aparmağa çağıracaq. Qurum bu insidenti Çikaqo Konvensiyası çərçivəsində beynəlxalq hava səyahəti qaydalarının mümkün pozuntusu adlandırıb.
“Ryanair” insidentindən öncə AB Belarusa sanksiyaların dördüncü raundunu hazırlayırdı. Ötən avqustda prezident seçkisindən sonra müxalifətə divan tutulmasına görə aktivlərin dondurulması, adamlara, qurumlara viza qadağaları davam edə bilər.
Təyyarənin Minskdə məcburi endirilməsini və müxalifət fəalının saxlanmasını Polşa, Fransa, Almaniya, Britaniya, ABŞ rəsmiləri də pisləyiblər.


ABŞ-ın Belarusdakı səfiri Culi Fişer “Ryanair” insidentini Lukaşenkanın beynəlxalq ictimaiyyətə “həqarət”inin nümunəsi adlandırıb.
Dövlət katibi Entoni Blinken deyib ki, Birləşmiş Ştatlar ICAO-nun araşdırma aparmasını dəstəkləyir, AB, Litva və Yunanıstanla birlikdə reaksiyanı yaxından koordinasiya edir.
Protaseviç NEXTA Live Telegram kanalının administratoru olub. Bu kanal Belarusda prezident seçkisindən sonrakı etirazları geniş işıqlandırıb.
Belarus hakimiyyəti noyabrda Protaseviçə və həmkarı Stepan Putsilaya kütləvi işğtişaşların təşkili, ictimai asayişin pozulması, sosial nifrətin qızışdırılması ittihamları ilə təhqiqat başladıb.

 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.