İranın Xarici İşlər naziri Məhəmməd Cavad Zərifin Azərbaycana səfəri başlayıb.Mayın 26-da isə Cavad Zərif Ermənsitana yola düşəcək. Bakıya səfərin təfərrüatları barədə məlumat verilmir.
Ermənistan Xarici İşlər Nazirilyinin mətbuat katibi Anna Naqdalyan da “görüşlər keçiriləcək” deməklə kifayətlənib. Bu da öz növbəsində, iranlı nazirin səfərinin müəmmaları barədə bir sıra suallar doğurub. Lakin son zamanlara Azərbaycan-Ermənistan sərhəddində baş verən hadisələr fonunda Cavad Zərifin hər iki ölkəyə səfər etməsi onun aparacağı danışıqların məzmunu ilə bağlı ilkin qənaətə gəlməyə əsas verir.
Əvvəla, İranın Ermənistanın mövqeyini müdafiə etməsi barədə məlumatlar rəsmi Tehranın Azərbaycanın öz tarixi sərhədlərini bərpa etməsindən narahatlığını göstərir.
Qeyd edək ki, 44 günlük Vətən müharibəsi zamanı Azərbaycan Cəbrayıl , Füzuli və Zəngilan rayonlarını işğaldan azad edib İranla sərhəddini bərpa edəndə də Tehran rejiminin nümayəndələri buna sərt reaksiya vermişdilər.
Hətta bəzi İran rəsmiləri Azərbaycana ərazi iddiaları səsləndirmiş və Türkiyə prezidentinin ünvanına hədyan fikirlər səsləndirmişdi. Son günlər Azərbaycan-Ermənistan sərhəddinin demarkasiyası prosesinə münasibətdə İranın rəsmi İrəvanın mövqeyini müdafiə etməsi müşahidə olunur.
Hətta Ermənistan mətbuatı İranın Azərbaycandan öz hərbçilərini sərhəddən geri çəkməyi tələb etdiyini yazır. Mayın 24-də, yəni Cavad Zərifin səfəri öncəsi Ermənistanın Xarici İşlər naziri Ara Ayvazyan İranın bu ölkədəki səfiri Abbas Badəxşənlə Azərbaycanla sərhəddəki vəziyyəti müzakirə etməsi danışıqların əsas predmetinin məhz demarkasiya məsələsi olacağını deməyə əsas verir.
“Görüşdə regional təhlükəsizlik və sülh məsələləri diqqət mərkəzində olub. Ermənistanın sərhədyanı bölgələrində Azərbaycanın təxribat hərəkətləri nəticəsində yaranan vəziyyəti müzakirə edilib”, - deyə ermıni mediası yazır.
Bu isə rəsmi Tehranın sərhəd məsələsində İrəvanla mövqeyinin üst-üstə düşdüyünü təsdiq edir. Yəni Azərbaycanın sərhədlərinin və ərazi bütövlüyünün bərpası İranı narahat edir.
İkincisi, İran yaranmış situasiyadan istifadə edib regionda geosiyasi fəallığını artımağa çalışır. İkinci Qarabağ müharibəsi və post-münaqişə dövründə bölgədəki proseslərdən kənarda qalan İran müxtəlif taktiki gedişlər etməklə bölgədə təsirini genişləndirmək istəyir. Bu baxımdan, Azərbaycanla Ermənistan arasındakı sərhəd mübahisəsi İran üçün yeni siyasi fürsət yaradıb.
“Oğuz” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Zifəroğlu
Cebhe.info-ya açıqlamasında bildirdi ki, İranın mövqeyi ilə bağlı Azərbaycan ictimaiyyətində haqlı narahatlıqlar yaranıb:
“İranın gömrük postlarından İrana şübhəli yüklərin daşınması, İranın Ermənistanla təmasları, İran tərəfindən verilən açıqlamalar, İran generallarının Ermənistana səfərləri haqlı olaraq Azərbaycan ictimaiyyətində narahatlıq dolu suallar yaradır.Mənə elə gəlir ki, Xarici İşlər naziri Zərifin Azərbaycana səfəri zamanı bu kimi məqamlara aydınlıq gətiriləcəyini güman etmək olar. İran sərhədlərini öz maraqları çərçivəsində nəzarətdə saxlamağa çalışır. Son proseslərə müdaxilə etməklə İran bunu işğal vaxtı olduğu kimi etmək istəmir. İranın sərhəd məsləsini tez-tez gündəmə gətirməsi həm də Azərbaycanın suveren hüquqularına hörmətsilzikdir.Azərbaycan beynəlxalq hüququn subyektidir və işğala son qoyaraq öz sərhədlərini bərpa edir. Bu, Azərbaycanın suveren hüququdur. Ona görə də yalnız İran deyil, bütün dövlətlər bu məsələyə münasibət bildirərkən obyektiv olmalıdır. Xüsusilə də bu yanaşma Azərbaycanla qonşu, həmsərhəd olan, eyni dinə malik olan ölkəyə, hər zaman İslam həmrəyliyindən danışan ölkəyə aiddir.Sərhəd məsələsi İranı yalnız narahat etmir. Eyni zamanda, rəsmi Tehran baş verən proseslərdən istifadə edib “Mən də varam” deyərək öz mövqeyini nümayiş etdirmək istəyir. Azərbaycanın 44 günlük Vətən müharibəsindən sonra yaratdığı yeni reallığa münasibətdə İran da öz mövqeyini ortaya qoyur və öz maraqlarını müdafiə etməyə çalışır”.Qeyd edək ki, Cavad Zərifin Bakıya və İrəvana səfəri zamanı Zəngəzur dəhlizinin açılması ilə bağlı məsələnin müzakirə ediləcəyi ehtimal edilir. Lakin erməni politoloqlar bu dəhlizin açıqlmasında İranın maraqlı olmadığını iddia edir.
Vüqar Zifəroğlu hesab edir ki, Zəngəzur dəhlizinin açılması əslində İranın maraqlarına cavab verir:
“Çünki belə regional layihələrin həyata keçirilməsi Zəngəzuru nəqliyyat-kommunikasiya qovşağına çevirəcək. Bu tranzit məkandan İran da faydalana bilər. Həm Azərbaycan Prezidenti, həm Türkiyə Prezidenti tərəfindən region ölkələrinin inkişafına xidmət edəcək “Altılıq” format yaradılması barədə təkliflər səsləndirilmişdi.Nədənsə, Ermənistan və İran bu məslədə obyektiv mövqe sərgiləmir. Müəyyən bir əndişələri var. Ermənistanın mövqeyi məlumdur. Amma İranın iqtisadi nöqteyi-nəzərdən ona fayda gətirəcək dəhlizə qarşı çıxması subyektiv yanaşmadan irəli gəlir. Ümumiyyətlə, 1990-cı illərin əvvəllərindən başlayaraq, İranın Cənubi Qafqaz siyasətində Ermənistan xüsusi rol oynayıb. Ermənistan İran üçün xüsusi əhəmiyyətə malikdir. Ona görə də İkinci Qarabağ müharibəsindən sonra İran yaranmış reallıqları qəbul edə bilmir. Halbuki İran reallıqlarla barışmalı və öz ölkəsinin mənafeyi üçün siyasi-iqtisadi dividendlər əldə etməlidir. Təəssüf ki, İranın mövqeyinə nəzər saldıqda, xüsusilə də sərhəd məsələləri ilə bağlı İran rəsmilərinin açıqlmaları bundan çox-çox uzaq olduqlarını göstərir. İqtisadi sanksiyalardan əziyyət çəkən İran Zəngəzur dəhlizi vasitəsilə Rusiyaya, Türkiyəyə daha asan çıxış imkanları əldə edir. Amma daha subyektiv amilləri irəli çəkərək buna mane olmağa çalışır”.Müşfiq Abdulla
Cebhe.info