Sedat Pekerin videoları: “Siyasət, qətl və narkotrafik iddiaları”

26-05-2021, 09:42   


Türkiyə hakimiyyət nümayəndələri mütəşəkkil cinayətkarlıq qrupunun liderliyində təqsirləndirilən Sedat Pekerin videolarındakı iddiaları rədd edirlər. İnternetdə yayılan videolar milyonlarla baxış cəlb edib. Onlardan birində həmçinin Azərbaycan əsilli biznesmen barədə də iddialar səslənir.

Sedat Peker kimdir və açıqlamaları niyə milyonlarla izlənir?

Artıq bir müddətdir ki, Sedat Pekerin adı Türkiyədə əsas müzakirə mövzusuna çevrilərək, ictimaiyyət və medianın diqqət mərkəzini tərk etmir.
Mütəşəkkil cinayətkarlıq qrupunun liderliyində təqsirləndirilərək ölkəni tərk edən bu şəxsə qarşı maraq onun internetə yerləşdirdiyi son 7 videosu ilə izah olunur. O cümlədən Türkiyə siyasəti ilə bağlı mübahisəli məqamlar üzərindən pərdəni qaldıran çarxlar 3 həftə ərzində milyonlarla baxış cəlb edib.
İki gün əvvəl yayılan ən son video 13 milyon dəfə izlənilib. Sedat Peker indi Dubayda olduğunu deyir. O, bundan əvvəl Türkiyədə bir neçə dəfə cinayət məsuliyyətinə cəlb olunub.

Sedat Pekerin açıqlamaları nə barədədir?

Sedat Peker yüksək rütbəli rəsmilər, geniş ictimaiyyətə tanış olan siyasət, media və biznes simalarını hədəfləyən iddialarla çıxış edir.
Youtube-da yayımlanan video çarxlarda korrupsiya, qeyri-qanuni biznes, maliyyə sövdələşmələri və hətta jurnalistlərin qətlə yetirilməsi kimi iddialar əks olunur.

Şəklin alt yazısı,Türkiyənin daxili işlər naziri Süleyman Soylu ona qarşı səslənən ittihamları rədd edir

Pekerin açıqlamalarında Türkiyə Prezidenti tənqid olunurmu?

Sedat Pekerin videolarında keçmiş və indiki hakimiyyət üzvləri hədəfə alınsa da, Prezident Recep Tayyip Erdoğana qarşı bilavasitə tənqid nəzərə çarpmır. Hərçənd ki, bəziləri hesab edir ki, qalmaqal dolayı yolla onun hakimiyyətinə artıq mənfi təsir göstərməkdədir.
BBC Türkçe ilə danışan AKP daxilindəki mənbənin dediyinə görə, son iddialarla bağlı partiyada “ciddi böhran” mövcuddur və hamı Prezidentin məsələyə necə bir münasibət bildirməsini gözləyir. “Çünki bu ittihamlar birbaşa prezidenti hədəf almasa belə, həm ona, həm də AK partiyasına zərər verir”.

Hansı nazirlər və niyə tənqid olunur?

Qalmaqallı videolarda əsas tənqid hədəflərindən biri Türkiyənin daxili işlər naziri Süleyman Soyludur. Peker, videolardan birində deyir ki, indi onun haqqında sərt ifadələr işlədən DİN başçısı bir zamanlar ona yardımçı olub.
Pekerin sözlərinə görə, o, ötən il daxili işlər nazirindən xəbərdarlıq alaraq həbsdən yayınmaq üçün ölkəni tərk edə bilib. Süleyman Soylu, ittihamları rədd edərək, onların araşdırılmasını tələb edib.
Videolarda daha bir ittiham ötən bazar günü səslənib. Sedat Peker bu dəfə sabiq Baş nazir Binali Yıldırımın oğlu – Erkamın narkotrafiklə əlaqəsi olduğu barədə danışıb. Binali Yıldırımın reaksiyası uzun çəkməyib: “İddialar tamamilə böhtandır, biz onları qətiyyətlə rədd edirik”.
Lakin belə görünür ki, sərt reaksiyalara rəğmən məşhur simalara və hadisələrə dair qalmaqallı açıqlamaların arası kəsilmir.

Azərbaycanlı iş adamı Mübariz Mənsimovla bağlı açıqlamaları nədən ibarətdir?

Sedat Peker, keçmiş daxili işlər naziri Mehmet Ağarı, Azərbaycan əsilli milyarder, iş adamı Mübariz Mənsimova qarşı sui-qəsd qurmaq cəhdində günahlandırır.
O, həmçinin Ağarı azərbaycanlı iş adamının Yalıkavak Marina limanını ələ keçirməkdə günahlandırıb. Mübariz Mənsimovun iddialara münasibəti məlum deyil.
Eynilə, Mehmet Ağar da hələ iddiaları şərh etməyib. Onun oğlu Tolga, cənab Erdoğanın hakim AK Partiyasında millət vəkilidir.

Açıqlamaların məqsədi nədir?

Sedat Pekerin YouTube kanalında silsilə açıqlamalarının əsl məqsədinin nə olduğunu demək çətindir. Aydın olan budur ki, onunla bağlı mümkün hüquqi araşdırmanın addımları ilə üzləşən Peker əlində olan imkanlardan istifadə edir.
Forbes dərgisindəki təhlilə görə, Peker artıq düşmənlərini təcrid edib, “bir-birinə qarşı qoyaraq şahmat ustadı olduğunu” sübuta yetirib. Lakin o eyni zamanda əlində olan kartları gizli saxlayır və Türkiyə dövlətində və ya beynəlxalq aləmdə hansı dəstəyə sahib olduğunu və ya ola biləcəyini açıqlamır.
anaxeber.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.