Putin necə dəyişib? – Norveç mətbuatı

26-05-2021, 17:09   




  • “Ürəyində nədirsə, dilində də odur. Rusiya prezidenti Vladimir Putin ölkənin koronavirusa qarşı istehsal etdiyi “Sputnik V” vaksinini və digər iki peyvəndi “Kalaşnikov” avtomatı ilə müqayisə edir. Bildirir ki, Rusiya vaksinləri “Kalaşnikov” silahı kimi sadə, etibarlı və təsirlidir. Bu bənzətmə Putin rejiminin Rusiyanı necə idarə etdiyini çox yaxşı göstərir”. Novator.az-ın məlumatına görə, Norveçin “Dagbladet” qəzetində dərc olunmuş “Kalaşnikov” kimi etibarlı” başlıqlı məqalədə belə deyilir.
Məqalədə bildirilir ki, əvvəllər Putin avtokratiyası nisbətən mülayim davranırdı, ictimai rəyi nəzərə alırdı: “İndi vəziyyət dəyişib, ona görə siyasi müxalifətə istənilən damğa, hətta terrorçuluq damğası da vurula bilər.
Söhbət həbsxanaya atılmış müxalifət lideri Aleksey Navalnıdan gedir. O, möcüzə nəticəsində zəhərlənmədən sağ çıxandan sonra da mübarizəsindən dönməyib. Navalnı işinin izləri bir vaxt Putinin özünün rəhbərlik etdiyi Federal Təhlükəsizlik Xidmətinə gedib çıxır, bu səbəbdən Aleksey Navalnının mübarizəsi faktiki intihar kimi görünür.
O biri yandan da Navalnı öz davranışı ilə Putini dalana dirəyib. Rusiya prezidenti müxalifəti əzmək üçün terrorçuluq haqda qanunvericiliyə üz tutmaq məcburiyyətində qalıb”.
Məqalədə deyilir ki, bir zaman Putin uğurlu lider sayılırdı: “O, xalqın siyasi düşüncəsinə yaxşı bələd olan adam kimi bir çox məsələdə ictimai narazılıqlara reaksiya verirdi.
Sovet İttifaqının dağılmasından sonrakı siyasi, sosial təlatümlər fonunda Putin Rusiyanı vətənpərvər və millətçi dayaqlar üzərində möhkəmlədə, xüsusilə İkinci Dünya müharibəsində rusların qəhrəmanlıq obrazına söykənərək ölkənin tarixi və real gücünü bərpa edə bilmişdi. O, Krımın ilhaqı zamanı da bu qəhrəmanlıq hekayətini qabardaraq öz populyarlığını təmin etmişdi.
Rusiya prezidentinin dünya ilə münaqişəsi ölkə daxilində onun siyasi çəkisini artırmışdı. Onun siyasi manipulyasiyalarına isə o vaxt elə də fikir verən olmamışdı”.
Məqalədə qeyd edilir ki, hazırda Rusiyada həqiqi müxalifətin təmsil olunmadığı “yarımparlament” fəaliyyət göstərir: “Bu “yarımparlament”də Kremlin seçdiyi, hakimiyyətə sərf edən partiyaların nümayəndələri əyləşiblər. Rusiya üzrə görkəmli ekspert Mark Qaleotti rus tarixini və müxalifətini inhisar altında saxlayan Putin sistemini “postmodern avtoritarizm” adlandırır. Aleksey Navalnı həbsxana divarları arasında belə bir sistemlə mübarizə aparır”.
Daha sonra məqalədə Putin sisteminin indi populyarlığını itirdiyi iddia olunur. Bildirilir ki, 2016-cı ildə ölkədə keçirilən parlament seçkisinə seçicilərin cəmi 47,8 faizi qatılıb: “Hətta bu rəqəm də şişirdilmiş sayılır. Sistemin göstərdiyi bütün səylərə baxmayaraq Putinin yaratdığı Vahid Rusiya Partiyasının reytinqi 30 faizə düşüb.
Hələ ki, öz müstəqilliyini qismən qoruyub saxlamış Kommunist Partiyası istisna olmaqla Rusiya Dövlət Dumasının qalan hissəsi hakim sistemi və şəxsən prezident Putini dəstəkləyir.
Digər tərəfdən Putinin reytinqi 65 faizi aşır. Bu isə başqa bir manipulyasiyanın nəticəsidir. Məsələ burasındadır ki, sistem Putinə alternativ qoymayıb, alternativlər sıradan çıxarılıb. Aleksey Navalnı məhz bu sistemi dəyişmək istəyir”.
Məqalədə deyilir ki, 2 il əvvəl Rusiyada yerli orqanlara seçkilər zamanı Navalnı sosial şəbəkələr vasitəsilə “ağıllı səsvermə” təşkil etmişdi: “Bu yolla o, Vahid Rusiya Partiyasını dəstəkləmək istəməyənləri digər partiyalardan olan tanınmış namizədlərə səs verməyə çağırırdı. Nəticədə hakim partiya Moskvanın bəzi rayonları da daxil olmaqla bir çox yerdə rəqiblərinə uduzdu.
Ona görə 2021-ci ilin sentyabrında keçiriləcək parlament seçkisində Putinin “yarımparlament”inə real müxalifət nümayəndələrinin düşə biləcəyi ehtimalı yaranırdı. Bu isə hakimiyyəti risk qarşısında qoyurdu. Beləliklə, istənilən prizmadan yanaşanda hazırda sistem Navalnını sıradan çıxarmağı çox vacib bilir. Rejim üçün əsas məsələ nəzarəti əldən verməməkdir.
Buradan da Putinin hakimiyyət modelində dəyişikliyin baş verdiyi qənaəti ortaya çıxır. Əvvəllər nisbətən populyar və populist olan avtokratiya indi öz dəyərlərini də dəyişərək sırf polis dövlətinə çevrilib. Belə rejimdə isə istənilən müxalifət qanundankənar sayılır, aksiyalarda iştirak terrora bərabər tutulur.
Navalnın güzəştə getməməsi Putini əsl avtokrat məntiqə gətirib çıxarıb. İndi Putin “Kalşnikov” kimi etibarlı olmaq məcburiyyətindədir”.
1976-cı il təvəllüdlü Aleksey Navalnı 2000-ci ildən ictimai-siyasi fəaliyyətlə məşğuldur. Rusiya Birləşmiş Demokrat Partiyasının (“Yabloko”) müxtəlif strukturlarına rəhbərlik edib. Korrupsiyaya qarşı mübarizə aparan Moskvalıları Müdafiə Komitəsinin rəhbərlərindən biri olub, “DA!” gənclər hərəkatının, “Xalq” hərəkatının yaranmasında iştirak edib. 2013-cü ildə 5 il, 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzalarına məhkum edilib.
Aleksey Navalnı 2020-ci il avqustun 20-də Rusiyanın Tomsk şəhərində zəhərlənib. Avqustun 22-də Almaniyanın paytaxtı Berlinə aparılıb, “Şarite” klinikasında müalicə olunub. Navalnının sinir iflici törədən, kimyəvi silah sayılan “Noviçok” adlı xüsusi maddə ilə zəhərləndiyi təsdiqlənib.
“Şarite” klinikasında müalicəsini sentyabrın 22-də başa vuran siyasətçi bir müddət sonra bəyan edib ki, vətəninə qayıdacaq. Bu bəyanatdan dərhal sonra Rusiyada ona qarşı şərti həbs cəzasının sınaq müddəti ilə bağlı qaydalarını pozmaq ittihamı ilə cinayət işi açılıb.
2021-ci il yanvarın 17-də Almaniyadan vətənə dönən Aleksey Navalnı Moskvanın Şeremetyevo aeroportunda tutulub. Fevralın 2-də Moskvanın Simonov Rayon Məhkəməsi Navalnını 2 il 8 ay müddətinə azadlıqdan məhrum edilib. Məhkəmə hökmü Cəzaların İcrası üzrə Federal Xidmətin iddiası əsasında çıxarılıb.
Xidmətin iddiasında bildirilib ki, Aleksey Navalnı 2014-cü ildə 3 il 6 ay müddətinə şərti həbs cəzasına məhkum edilərkən məhkəmə qərarı ilə ona 5 il sınaq müddəti də təyin edilib. Sonradan isə sınaq müddəti daha bir il uzadılıb. Sınaq müddəti 2020-ci il dekabrın 30-dək qüvvədə olub.
Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasında vurğulanıb ki, sınaq müddəti başa çatanadək Navalnı hər ay iki dəfə müvafiq dövlət orqanında qeydiyyatdan keçməli idi, qayda belədir. Lakin Navalnı ötən ilin ikinci yarısından sonra qeydiyyatı aparan idarəyə gəlməyib.
Siyasətçinin müdafiəçiləri məhkəmənin diqqətinə çatdırıblar ki, Navalnı ötən ilin avqustunda zəhərlənib və Almaniyada müalicə olunub.
Cəzaların İcrası üzrə Federal Xidmətin təmsilçisi isə iddianı müdafiə edərək deyib ki, Navalnının Almaniyada müalicəsi sentyabr ayında başa çatıb, lakin bundan sonrakı dövrdə də o, qeydiyyatdan keçməli olduğu idarəyə gəlməyib.
Fevralın 2-də Simonov Rayon Məhkəməsi Navalnının 2020-ci ilin ikinci yarısında ən azı 6 dəfə qeydiyyatdan keçməli olduğu dövlət orqanına gəlmədiyini əsas götürərək Cəzaların İcrası üzrə Federal Xidmətin iddiasını təmin edib.
Fevralın 20-də Moskva Şəhər Məhkəməsi rayon məhkəməsinin hökmünü qismən dəyişdirməklə qüvvədə saxlayıb. Dəyişiklik həbs müddətinin altı həftə azaldılmasından ibarət olub. Beləliklə, Aleksey Navalnının həbs müddəti 2 il 8 aydan 2 il 6 ay iki həftəyə endirilib.
Navalnı cəzasını Moskva ətrafında yerləşən 2 saylı ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.
Aleksey 2021-ci il yanvarın 17-də Şeremetyevo aeroportunda tutulandan bəri onun azadlığa buraxılması tələbi ilə Rusiyanın bir çox şəhərində və regionlarında kütləvi etiraz aksiyaları keçirilib.
Aleksey Navalnı Korrupsiya ilə Mübarizə Fondunun rəhbəridir. Apreln 26-da Rusiya Baş Prokurorluğunun sanksiyası ilə fondun ofislərində axtarışlar aparılıb, qurumun işi dayandırılıb. Az sonra Moskva Şəhər Prokurorluğu Korrupsiya ilə Mübarizə Fondunun ekstremist təşkilat kimi tanınması üçün Moskva Şəhər Məhkəməsində iddia qaldırıb.
musavat.com
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.