Lavrov susdu, Overçuk danışdı: Ermənistana Zəngəzur dəhlizinin “yeri göstərilir”

26-05-2021, 17:26   


Lavrov susdu, Overçuk danışdı: Ermənistana Zəngəzur dəhlizinin “yeri göstərilir”

Rusiya Baş nazirinin müavini Aleksey Overçuk Ermənistanı sağlam düşüncəni rəhbər tutmağa və Cənubi Qafqazda nəqliyyat yollarının açılmasına başlamağa çağırıb.
Bu bəyanatla o, Tver Vaqonqayırma Zavodu ASC-nin istehsalı olan yeni vaqonların Ermənistana göndərilməsi mərasimində çıxış edərkən deyib.
“Biz hamımız çox gözləyirik və ümid edirik ki, burada sağlam düşüncə üstünlük təşkil edəcək və biz tezliklə Zaqafqaziya regionunda nəqliyyat yollarının açılmasına başlaya biləcəyik”, - deyə Overçuk vurğulayıb.
Onun sözlərinə görə, indiki reallıqlarda regionda nəqliyyat infrastrukturunun inkişafı həmişəkindən daha vacibdir.
Overçuk qeyd edib ki, bu gün bütün regionun inkişafı üçün - həm iqtisadiyyat, həm də nəqliyyatın inkişafı baxımından tamamilə yeni şərait yaranır.
“Bu, Ermənistanın bütün iqtisadi potensialının açılması üçün unikal şərait yarada bilər, bu, Avrasiya inteqrasiyamızı tam şəkildə reallaşdırmaq üçün unikal, gözəl şərait yarada bilər”, - deyə Baş nazirin müavini qeyd edib.
Qeyd edək ki, A.Overçuk həm də Azərbaycan, Rusiya və Ermənistan baş nazirlərinin müavinlərindən ibarət işçi qrupda təmsil olunur. Ona görə də Overçukun bu açıqlaması Zəngəzur dəhlizinin və digər nəqliyyat-kommunikasiya xətlərinin açılması ilə bağlı Rusiyanın rəsmi mövqeyi kimi qəbul oluna bilər.
Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov may ayının birinci ongünlüyündə İrəvana və Bakıya səfərlərində Zəngəzur dəhlizinin açılması ilə bağlı suallardan yayınmış və bu məsələnin həllinin tərəflərin razılığından asılı olduğunu demişdi. Bununla da Lavrov Ermənistanı Zəngəzur dəhlizinin açılması ilə bağlı 10 noyabr 2020-ci il və 11 yanvar 2021-ci il üçtərəfli bəyanatında götürdüyü öhdəlikləri yerinə yetirməyə çağırmadı. İndi Aleksey Overçukun açıqlaması Rusiyanın mövqeyində dəyişiklikdən xəbər verir.
Politoloq Əziz Əlibəyli Cebhe.info-ya açıqlamasında bildirib ki, Ermənistanın 10 noyabr və 11 yanvar bəyanatlarında götürdüyü öhdəliklərin icra etməməsi Rusiyanın regiondakı maraqlarına problem yaradır. Ona görə də Overçuk rəsmi İrəvana sağlam düşüncə ilə hərəkət etməyi təklif edir:

“Ermənistan nəqliyyat dəhlizlərinin reallaşmasına ciddi maneə törədir. Bu məsələ ilə bağlı Azərbaycan Prezidentinin verdiyi açıqlamadan bir gün sonra Ermənistan rəsmiləri 10 noyabr bəyanatında guya belə bir öhdəliyin olmadığına dair fikirlər səsləndirdilər. Amma Azərbaycan Prezidentinin açıqlaması belə idi ki, həmin dəhlizlər mütləq reallaşmalıdır. Bu, kapitulyasiya aktında da, Moskva razılaşmasında da var.
İkincisi, Rusiya Federasiyası nəqliyyat-kommunikasiya xətlərinin qurulmasında əsas cavabdeh tərəfdir. Prezident Putin özü şəxsən bunun zəmanətçisidir. İndi Cənubi Qafqazda yeni şərtlər formalaşıb və Overçuk Ermənistanı nəqliyyat infrastrukturunun formalaşmasına maneə törətməməyə çağırır. Burada əsas yanaşma ondan ibarətdir ki, bütövlükdə Türkiyədən, Naxçıvandan keçən Zəngəzur dəhlizi baş tutsun.
Eyni zamanda, Ağdamdan, Qarabağdan keçməklə Ermənistan vasitəsilə çəkiləcək dəmir yolu və nəqliyyat qovşağı da reallaşmalıdır. Çünki Rusiyanın Ermənistanın təchizatını Gürcüstan üzərindən həyata keçirir. Gürcüstanla Rusiya arasında münasibətlərdə problem yaranan kimi rəsmi Tiflis bu yolu bağlayır.
İkinci marşrut Xəzər dənizinin şərq sahilindən keçməklə İran üzərindən Ermənistana aparan yoldur. Həmin yoldan istifadə Rusiyaya baha başa gəlir. Nəhayət, burada xüsusi bir amil var. Belə ki, Böyük Britaniya və Çin arasında razılaşdırılmış “Bir kəmər- Bir yol” layihəsinin bir hissəsi də Azərbaycan ərazisindən keçir. Regiondakı bu cür nəqliyyat dəhlizlərindən istifadə etməsi Rusiyaya böyük imkanlar vəd edir. Görünür, Ermənistanın İkinci Qarabağ müharibəsində cəzalandırılmasının arxasında həm də qlobal maraqlar dayanırdı. Bu cür nəqliyyat dəhlizlərinin işə düşməsi bütün tərəflərə çox lazımdır. Rusiya, Azərbaycan və Türkiyə bu dəhlizin açılmasına tələsir. Amma bu layihənin əleyhdarı olan üç qüvvə var. Bunlar İran, Ermənistan və Gürcüstandır. İranın Xarici İşlər naziri Cavad Zərifin Azərbaycana və Ermənistana səfərinin arxasında da həmin amil dayanır. Rəsmi Tehran Fars körfəzindən başlayaraq İran-Ermənistan-Gürcüstan üzərindən keçməklə Qara dənizə çıxan tranzit yolun reallaşmasında maraqlıdır. Bununla da Ermənistanın okeana çıxarılması üzərində iş aparılır. Bu da Azərbaycanın, Rusiyanın və Türkiyənin infrastruktur layihələri ilə ziddiyyət təşkil edir. Ona görə də Overçuk üç ölkənin ümumiləşdilimiş mənafelərinə uyğun baxışını ifadə edib”.
Politoloq onu da qeyd edib ki, həm parlament seçkiləri öncəsi, həm də Azərbaycanla sərhəddə gərginliyin artdığı hazırkı dönəmdə Ermənistanın Overçukun çağırışına əməl edəcəyi inandırıcı görünmür. Buna baxmayaraq, rəsmi İrəvanın götürdüyü öhdəliklərə əməl etməkdən başqa yolu yoxdur:
“Hesab edirəm ki, bu, Ermənistan tərəfinin strateji baxışı deyil, situativ baxışıdır. İyunun 20-də keçiriləcək seçkilərdən sonra reallıqlar dəyişəcək. Seçkilərin nəticəsinə görə də tərəflərin addımını müşahidə edəcəyik. Sadəcə olaraq, Ermənistanın bir problemi var. Rusiyanın mövqeyindən asılı olmayaraq, həmin problemi Azərbaycana təsir göstərir. Bu da Rusiyanın siyasətinin formalaşmasında erməni diasporunun böyük pay sahibi olmasıdır. Rusiya Ermənistana yönəlik siyasətində hansısa uğursuzluq yaşayırsa, yaxud Paşinyanın hakimiyyətə gəlişinin qarşısını ala bilmədisə, bütün bunlar erməni diasporu amili ilə əlaqədardır. Ona görə də iyunun 20-ni gözləmək lazımdır. Seçkilərdən sonra yəqin ki, tərəflərin bu məsələyə isti, adekvat münasibətinin şahidi olacağıq. Yalnız kiçik şübhələr Fransa ilə bağlıdır. Paşinyanın bağlı olduğu Qərb dairələrinin bu prosesə maneə yaratmaq ehtimalı var. Lakin Fransa, İran, Gürcüstan kimi ölkələrin hazırda Cənubi Qafqazda icra olunacaq regional layihələrə mane olmaq gücü yoxdur. Nə də Fars körfəzindən Qara dənizə alternativ nəqliyyat dəhlizi çəkmək üçün maliyyə imkanlarına malikdir. İranın investisiyası yoxdur. Gürcüstan Azərbaycanın maliyyə və enerji asılığındadır. Ermənistan da perspektivdə bu vəziyyətlə üzləşəcək. Bu, Rusiyanın da maraqlarına uyğundur. Gürcüstanın alternativ layihədə iştirakı Rusiyanın “qırmızı xətti”dir”.
Müşfiq Abdulla
Cebhe.info
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.