Ukrayna NATO-nun ‘ləngliyindən’ narazıdır

27-05-2021, 08:41   


Kiyev NATO-nu Ukraynanın üzvlüyü məsələsində “ləngliyinə” görə tənqid edib.
Ukrayna alyansın gələn ay keçiriləcək sammitinə dəvət olunmamasından çaşqınlıq keçirdiyini bildirib.
NATO sammiti iyunun 14-də Brüsseldə keçirilməlidir. Ukraynanın xarici işlər naziri Dmitro Kuleba mayın 26-da deyib:
“Biz müttəfiqlərin qapalı sammit keçirmək istədiklərini başa düşürük, amma bu sammitə Ukraynanın dəvət edilməməsinin necə mümkün olmasını anlamırıq”.
Ukrayna prezidenti Volodimir Zelenski bu ayın əvvəllərində NATO-nu Qara dəniz regionundakı mövcudiyyətini gücləndirməyə çağırmış və Vaşinqtondan qarşıdan gələn sammitdə Ukraynanın NATO üzvlüyü üçün hərəkət planına dəstək verməsini rica etmişdi.
Kiyevdə ATƏT-in baş katibi Helqa Smidlə birgə keçirdiyi mətbuat konfransında Kuleba “özünün açıq qapılar siyasətini daim təsdiqlədiyinə görə” NATO-ya minnətdar olduğunu bilirib, amma əlavə edib ki, “bu istiqamətdə bircə addım da atılmayıb”.


“Toz basmış qərar”
2008-ci ildə Buxarestdə keçirilən sammitində NATO bəyan etmişdi ki, Ukrayna gələcəkdə potensial baxımdan alyansa üzv ola bilər.
Ukraynanın xarici işlər naziri mətbuat konfransında daha sonra deyib:
"Bizi Ukraynada islahatların ləngliyinə görə qınayırlar. Bəs biz onda alyansda qəbul olunan qərarların icrası barədə nə deyək?”
Kuleba deyib ki, “NATO-nun Ukrayna barədə qərarını 13 ildə toz basıb”.
Bu yaxınlarda Dövlət Departamentinin sözçüsü Ned Prays ABŞ-ın “standartlara cavab verən ölkələr” üçün NATO-nun “açıq qapılar” siyasətini dəstəklədiyini təsdiqləmişdi.
Lakin o əlavə etmişdi ki, “Ukrayna hələ daha stabil, daha demokratik, firavan və azad ölkə üçün zəruri olan islahatları həyata keçirməlidir”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.