Azərbaycan-Ermənistan sərhədlərinin demarkasiyası ilə bağlı yaranmış gərginlik fonunda ABŞ-ın bölgədə geosiyasi fəallığının artması müşahidə olunur.Son günlər Vaşinqtondan Azərbaycana və Ermənistana yaranmış mübahisəni həll etmək üçün tez-tez vasitəçilik təklif olunur. ABŞ-ın bu mövqeyi Bayden adiministrasiyasının ATƏT-in Minsk Qrupunun fəaliyyətini bərpa etmək cəhdi kimi də şərh olunur.
Doğrudur, ABŞ həmsədr ölkə olsa da, regionda baş verən proseslərə nəzər saldıqda Vaşinqtonun əsas məqsədinin Minsk Qrupunu aktivləşdirməkdən ibarət olduğu inandırıcı görünmür. Çünki 44 günlük Vətən müharibəsindən sonra bölgədə yaranmış yeni reallıqları artıq Amerika da qəbul edir.
Azərbaycan və Ermənistanın daxil olduğu geosiyasi məkanda Rusiya, Türkiyə, İran, Çin kimi ölkələrin fəallığının artdığı bir şəraitdə ABŞ-ın bu prosesdən kənarda qalması təbii ki, Bayden administrasiyasını narahat edir.
Ona görə də Vaşinqton rəsmilərinin Azərbaycanla Ermənistan arasında vasitəçilik təklif etməsi ABŞ-ın rəqabətdən geri qalmamaq istəyindən xəbər verir.
“ABŞ Azərbaycanla Ermənistan arasında sərhədin demarkasiyası məqsədi ilə sülh danışıqlarının aparılmasına yönəlmiş səylərə dəstək verməyə hazırdır”,- Dövlət Departamenti mətbuat xidmətinin rəhbəri Ned Praysın bəyanatında belə deyilir.
Qeyd edək ki, bundan əvvəl Ermənistanın baş naziri səlahiyyətlərini icra edən Nikol Paşinyan Ermənistan-Azərbaycan sərhəd böhranının aradan qaldırılması təklifi ilə çıxış edib.
N.Paşinyan Azərbaycan hökumətinə qoşunlarını geri çəkməyi və Ermənistanla Azərbaycan arasındakı sərhəddə ABŞ-dan beynəlxalq müşahidəçilər yerləşdirməyi təklif edib. Nikol Paşinyan Azərbaycanın siyasi rəhbərliyinə ünvanladığı mesajında öz təklifini ABŞ-ın Minsk Qrupunun həmsədri kimi vasitəçilik statusu ilə əsaslandırıb. Ancaq Minsk Qrupu bu prosesdə ABŞ üçün sadəcə, bölgədə rolunu artırmaq üçün taktiki vasitə ola bilər. Ned Prays isə Minsk Qrupunun adını çəkməyib. Bu bəyanatdan daha çox ABŞ-ın Azərbaycan və Ermənistanla ikitərəfli əməkdaşlıq formatında iştiraka üstünlük verdiyini görmək olar.
Yəni ABŞ son zamanlar sərhədlərin demarkasiyası ilə bağlı vasitəçilik missiyasını faktiki olaraq öz üzərinə götürmüş Rusiyanı prosesdən kənarlaşdırmağa və onu əvəzləməyə çalışır. Rusiya ilə ABŞ arasında bənzər rəqabət hələ Ermənistan-Azərbaycan münaqişəsinin həll olunmadığı illərdə də müşahidə olunub. Tərəflərdən birinin danışıqlarda vasitəçilik təşəbbüsünü öz üzərinə götürməsi dərhal əks tərəfin diplomatik fəallığının artması və ya yeni təkliflər səsləndirməsi ilə müşahidə olunurdu.
Son zamanlar Qarabağdakı Rusiya sülhməramlı komtingentinin komandanı Rüstəm Muradovun vasitəçiliyi ilə sərhədlərin demarkasiyasına dair danışıqların aparılması, Azərbaycanın Moskva ilə münasibətlərinin strateji cəhətdən yaxınlaşması, eləcə də Ermənistanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından hərbi dəstək istəməsi Kremlin regionda təsirini artırıb. Bu isə ABŞ-da narahatlıqla qarşılanır.
Hətta Dağlıq Qarabağ məsələsi üzrə amerikalı politoloq, Dövlət Departamentinin sabiq müşaviri Pol Qobl bu yaxınlarda verdiyi açıqlamada Azərbaycanı və Ermənistanı sərhədlərin demarkasiyası üçün ABŞ-a müraciət etməyə çağırıb. O, bildirib ki, Dövlət Departamentindəki Kartoqrafiya İdarəsinin mütəxəssisləri hər iki ölkəyə bu problemin həllində kömək edə bilərlər. Rusiya isə yaranmış mübahisəni aradan qaldıra bilməyəcək.
Milli Cəbhə Partiyasının sədr müavini, politoloq Məhəmməd Əsədullazadə
Cebhe.info-ya açıqlamasında bildirib ki, Azərbaycanla Ermənistan arasında sərhədlərin delimitasiyası və demarkasiyası ilə bağlı proses rəsmi İrəvan tərəfindən qəbul edilmir. Ermənistan mövcud vəziyyətdən istifadə edib Azərbaycandan ərazi əldə etməyə çalışır:
“Ermənistan sanki müharibənin bitmədiyini nümayiş etdirməyə cəhd edir. Burada Ermənistandan qaynaqlanan daxili siyasi amillər də mövcuddur. Vəziyyətin gərginləşməsində Rusiyanın da rolu var. Rusiyanın Ermənistan ordusundakı təsir üstünlüyünü Azərbaycana qarşı təzyiq vasitəsi kimi qiymətləndirmək olar. Nikol Paşinyanın ABŞ və Fransadan sərhədə müşahidəçilərin cəlb edilməsi, Azərbaycan silahlı qüvvələrinin sərhəddən geri çəkilməsi kimi yeni təkliflər irəli sürməsi, Dövlət Departamentinin buna reaksiyası həmin planın Vaşinqtona məxsus olduğunu göstərir. ABŞ-ın əsas məqsədi Rusiyanı prosesdən kənarlaşdırmaq və Ermənistanın əli ilə özünün regiondakı gücünü artırmaqdır. Bayden administrasiyası bu istiqamətdə Paşinyana dəstək verir. Hesab edirəm ki, ABŞ sərhədlərin müəyyənləşməsi prosesində yer alarsa, Ermənistana dəstək verəcək. Əgər Azərbaycan və Ermənistan Pol Qoblun təklif etdiyi kimi Dövlət Departamentinə müraciət edərsə, erməni lobbisinin təsiri altında olan Co Bayden Paşinyanın mövqeyini gücləndirmək üçün Ermənistana dəstək verəcək. Nikol Paşinyanın da bu təklifi görünür, Vaşinqtonla koordinasiya edilib. Təbii ki, Rusiya buna imkan verməyəcək. Rusiya çalışır ki, həm Azərbaycana, həm Ermənistana ciddi təzyiq etsin. Düşünürəm ki, ABŞ-ın bu istiqamətdə vasitəçiliyi səmərəsiz olacaq”.Politoloqun fikrincə, problem yalnız Rusiya, Türkiyə və Ermənistan platforması çərçivəsində həll oluna bilər:
“Digər qüvvələrin bu prosesə cəlb olunması problemi daha da dərinləşdirəcək və situasiyanı gərginləşdirəcək. Ona görə də Ermənistan tərəfinin məsələni siyasiləşdirməsi yalnız seçkilərdə Rusiyanın mövqelərini zəiflətmək üçün Paşinyanın planıdır”.Müşfiq Abdulla
Cebhe.info