İranda kritik prezident seçkiləri – Sərt xətt tərəfdarlarının revanşı Azərbaycanla münasibətlərə nə vəd edir?

28-05-2021, 19:56   




İyunun 18-də İran İslam Respublikasında prezident seçkiləri keçiriləcək. Qonşu ölkədə seçkiqabağı proseslər, hansı qüvvələrin qalib gələcəyi Azərbaycanda da diqqətlə izlənilir. Hazırda iki ölkə arasında sərhəd məsələsinə görə Tehranın Ermənistana açıq siyasi dəstəyi ilə bağlı yaranan gərginliyi nəzərə alsaq, bu maraq təbiidir. Azərbaycan İranla mehriban qonşuluq əlaqələrinin davam etdirilməsini istəyir, qonşu ölkənin siyasəti nədən ibarət olacaq, bu az da olsa seçkilərin nəticələrindən asılıdır.
İranın Qəyyumlar Şurası mayın25-də verdiyi qərara görə seçkilərə 590 iddiaçıdan cəmi 7 namizəd buraxılıb, vəzifədən gedəcək Prezident Həsən Ruhaninin müttəfiqlərinin namizədliyini isə təsdiqləməyib. Yəni islahatçıların lideri Əli Laricani seçkiyə buraxılmayıb.
Seçkiyə İbrahim Rəisi, Möhsün Rezai, Səid Cəlili, Əmirhüseyn Qazizadə-Haşimi, Əbdülnasir Hümməti, Möhsün Mehralızadə və Əlirza Zakani buraxılıb. Siyahı Daxili İşlər Nazirliyi tərəfindən mayın 25-də açıqlanıb və seçki kampaniyasına start verilib.
Qəyyumlar Şurası tanınmış siyasətçilərin siyahıdan çıxarılmasını izah etməyib. Beləliklə də, İran ədliyyəsinin başçısı, sərt xətt tərəfdarı olan Rəisi 18 iyun seçkisində dominant mövqeyə keçib.
Keşikçilər Şurasının qərarına seçkilərə buraxılmayan islahatçıların lideri Əli Laricaninin qardaşı Ayətullah Sadeq Laricani etiraz edib. Müşahidəçilər əsas rəqabətin Laricani ilə İbraim Rəisi arasında gedəcəyini proqnozlaşdırırdılar.

“Twitter”-də qardaşı Əli Laricani də olmaqla, bəzi şəxslərin prezidentliyə namizədliyinin ləğvinə görə "Keşikçilər Şurasını dəstəkləmək üçün söz tapmıram" deyən Sadeq Laricani dünən qəflətən fikrini dəyişib. O, "Keşikçilər Şurası namizədləri təsdiqləyən yeganə qanuni orqandır" deyə mövqeyində ciddi korrektələr etməyə məcbur olub. İran mənbələrinin yaydığı məlumata görə, əsas məsələ Əli Laricaniyə veto qoyulması səbəbidir.
Şuraya "Ettelaat"ın əks-kəşfiyyat bölməsinin hesabatı təqdim olunub: “İran parlamnetinin keçmiş spikeri Əli Laricaninin qızı Fatimə Ərdəşir Laricani və əri Böyük Britaniya təbəəliyini qəbul edib. Cənab Əli Laricani Ali Milli Təhlükəsizlik Şurasının üzvü olub və 2011-ci ildə İngiltərəyə getdikləri zaman kürəkəni və qızına bunu qadağan etməli idi, bu tələbə əməl etməmə qanun pozuntusudur".
Xatırladaq ki, bundan əvvəl prezident Həsən Ruhani ölkənin Ali lideri Ayətullah Xamnəiyə məktub yazaraq müstəsna müdaxilə hüququndan istifadə etməyi və namizədliyi təsdiqlənməmiş bəzi şəxslərin seçkilərə buraxılmasını təmin etməyə çağırıb. Administrasiyanın toplantısında Ruhani dini liderə məktub göndərdiyini təsdiqləyərək bildirib ki, “seçkinin canı rəqabət mühitidir, onu, rəqabəti seçkinin canından çıxardığın halda, sadəcə, boş qabıq qalır”.

İrandakı prosesləri şərh edən tanınmış təhlilçi Əziz Rzazadə “AzPoltika.info”-ya bildirib ki, hazırki tablo dəyişməyəcək: “Nüfuzlu və “dərin dövlət”lə əlaqəsi danılmayan “Keyhan” qəzetinin baş redaktoru Hüseyn Şəriətmədari artıq bildirib ki, Ayətullah Xamneyi müstəsna müdaxilə hüququndan istifadə etməyəcək və çox güman ki, o, iddiasında haqlıdır. Ayətullah Xamneyi hələ prosesin başlanğıcında bildirib ki, əvvəllər bəzi prezidentliyə namizədlər yanına gələrək ondan razılıq və dəstək almağa çalışıblar. 
Dini lider deyib: “Hamısına eyni sözü demişəm: nə dəstəkləyirəm, nə də müxalifəm. Amma bu dəfə ümumiyyətlə, heç kimə heç nə deməyəcəyəm”. 
Keşikçilər Şurasının 12 üzvündən biri Ayətullah Sadeq Laricaninin açıqlaması İranda barıt çəlləyinin fitilini yandırmaqla eyniləşdirilə bilər. Onun tviti Şuranın məlum qərarı ilə bağlı ifşaedici olmaqla yanaşı, “dərin dövlət”-kəşfiyyat xidməti-siyasət üçbucağının ölkədə cərəyan edən bütün hadisələrə müdaxiləsini çılpaqlaşdırıb.
2001-ci ildən Keşikçilər Şurasının üzvü olduğunu xatırladan və həmişə Şuranın qərarlarını müdafiə edən Laricani bildirib ki, namizədliyin təsdiqlənməsində ümumi qanuni meyarlar deyil, kəşfiyyat xidmətinin iddialı şəxslər haqqında hesabatları həlledici rəy yaradır. 
O deyib: “Çətini odur ki, bu hesabata kimsə özündən hansısa əsassız rəy əlavə edə, indi gəl, sübut et ki, yazılan həqiqət yox, yalandır”. 
Bu açıqlamanı çoxları Sadeq Laricaninin namizədliyi qeydə alınmayan qardaşı, parlamentin eks-spikeri, mötədil-islahatçı cinahın təmsilçisi sayılan Əli Laricaniyə görə qisas alma kimi dəyərləndirib. Eks-spikerin özü açıqlamasında Keşikçilər Şurasının qərarına heç bir etiraz bildirməyib, tərəfdarlarını və ümumən seçiciləri seçkidə fəal iştiraka çağırıb. Kiçik bir qism Sadeq Laricaninin açıqlamalarını dini avtoritetlər arasında rəqabət kimi yozub. Belə ki, Keşikçilər Şurasının üsyankar üzvü Nəcəf məktəbinin yetirməsi olan Ayətullah Vəhid Xorasaninin kürəkənidir.
Əvvəllər Ayətullah Xamneyi və Vəhid Xorasani arasında söz duelləri olub və sonuncu şəxs mövcud “Velayəte-fəqih” rejiminə soyuq münasibəti ilə tanınır. Bundan başqa, hazırda prezident seçkilərinin əsas favoriti sayılan və demək olar ki, rəqibsiz qalmış Ayətullah İbrahim Rəisi məhz Sadeq Laricaninin yerini tutaraq Ali Məhkəməyə sədrlik edir”.
Təhliçinin sözlərinə görə, nominal rəqiblərin olduğu budəfəki seçkidə İbrahim Rəisi ilə yarışa biləcək yeganə şəxs Səid Cəlilidir. Ə.Rzazadə xatırladır ki, mühafizəkar cinahın tanınmış siması olmaqla yanaşı, o, əvvəllər bir sıra mühüm, o cümlədən Ali Milli Təhlükəsizlik Şurasının katibi vəzifəsini tutub.
“Amma görünən budur ki, bu seçki prosesində bütün gedişlər bütünlüklə İbrahim Rəisinin dövlətin icraedici hakimiyyətinə sahib olmasına hesablanıb”,-deyə təhliçi vurğulayıb. 
Bəs Ayətullah Xamneyi bu siyasi oyunlardan kənardadırmı?
Əziz Rzazadə iki ehtimalın olduğunu düşünür: “Xamneyi prosesləri idarə edə bilmir, yəni yaşına görə artıq ölkənin cilovunu əlində saxlmaq gücündə deyil. İkinci ehtimal həqiqətə daha yaxındır. Yəqin ki, Ali lider təkcə “gənc və Hizbullahçı prezident” istəyini yox, həm də gələcək siyasi varisi məsələsinə möhürünü vurmaq niyyətindədir”.
7 namizəd arasında favorit sayılan İbrahim Rəisi və Səid Cəlilinin daxili və xarici siyasətdəki prioritetlərinə gəlincə, təhliçi bildirib ki, bunu qarşıdakı təbliğat prosesi göstərəcək.

Bəs İran-Azərbaycan münasibətləri və ümumiyyətlə, yeni mühafizəkar administrasiyanın bölgə siyasəti necə olacaq? Mayın 25-də Bakıda Azərbaycan prezidenti İlham Əliyevlə görüşən İranın xarici işlər naziri Məhəmməd Cavad Zərif bildirib: “Hakimiyyətdə olduğumuz dövrün başa çatdığı bir vaxtda İranda hakimiyyətə gələcək növbəti administrasiya üçün qardaş ölkə olan Azərbaycanla mükəmməl münasibətləri miras qoyaraq getdiyimizə görə çox şadıq”.
Ə.Rzazadə düşünür ki, bu mirasla bağlı fərqli rəylər ola bilər və şübhəsiz, onun dəyərli hissəsi az deyil: “Amma əsas məsələ budur ki, yeni administrasiya bu dəyərli hissəni israf edəcək, yoxsa ona qatqı verəcək? İqtisadi müstəvidə bir sıra ortaq layihələr var və onların içində Rusiya-Azərbaycan-İran üçlüyündə Şimal-Cənub Nəqliyyat Dəhlizi mühüm yer tutur. Prezident kürsüsündə sayılı günləri qalmış Həsən Ruhani administrasiyası bu dəhlizdə yeni istiqamət açmaq istəyir. 
İranın yol və şəhərsalma naziri Məhəmməd İslami bildirib ki, Tehran Şimal-Cənub Dəhlizinin Ermənistan hissəsində nəzərdə tutulmuş layihələri canlandırmaq fikrindədir: Fars körfəzindən, yəni İrandan Ermənistan ərazisindən keçərək Gürcüstanın Qara dəniz limanlarına uzanan ticarət yolu. Təxmini dəyəri 1,5 milyard dollar olan layihənin icrası üçün Asiya İnkişaf Bankı, Avropa İnvestisiya Bankı və Avrasiya İnkişaf Bankı ilə müqavilələr imzalanıb. İnşaat 2012-ci ilin sentyabrında başlamışdı və 2017-ci ilə qədər tamamlanmalı idi, lakin layihə bir çox problemlə qarşılaşıb. 
Ola bilsin ki, Zəngəzur dəhlizi ilə bağlı ara-sıra Tehranda səslənən etiraz səsləri də məhz bununla bağlıdır. Zəngəzur dəhlizinə dair açıqlamalar, Üçtərəfli Atəşkəs Bəyanatının mətnində aydın izahına baxmayaraq, İranda, nədənsə, bir vaxtlar mövcud tranzit-nəqliyyat xətlərinin bərpası kimi deyil, İran-Ermənistan sərhədinin 38 kilometri də daxil olmaqla, Ermənistan ərazisinin Azərbaycanın lehinə qoparılması kimi yozulur. Bu mövzu həm Ermənistanda, həm də İranda mütəmadi olaraq gündəmə gətirilir. 
Təsadüfi deyil ki, mayın 26-da İrəvanda Cavad Zərifi qəbul etmiş Ermənistan xarici işlər naziri Ara Ayvazyan da vəzifədaşına “Azərbaycan yeni geosiyasi reallıq yatamaq istəməsi”ni çatdırıb. Yada salım, regionda “3+3” formatlı əməkdaşlığı dəstəkləyən Tehran artıq çoxdan sərhədlərin dəyişdirilməsini “qırmız xətt” elan edib. Bu mövqe başa düşüləndir, haqlıdır, amma təxminən 30 il ərzində mövcud sərhədlərin, daha doğrusu, Azərbaycan-İran sərhədinin 135 kilometri işğal olunmuşdu və nədənsə onda Tehranda sözügedən “qırmızı xətlər” yada düşmürdü. 
Sərhədlərlə bağlı digər narahatlıq Azərbaycan ərazisindən İsrailin kəşfiyyat-təxribat əməliyyatları həyata keçirməsi ilə bağlıdır. Sözün düzü, bu kabusun miqyasını böyüdən məhz İsrail siyasətçilərinin bəyanatları və ABŞ KİV-ləri ilə həmahəng İsrail mediasıasıdır. Halbuki Azərbaycan hakimiyyəti, o cümlədən Prezident İlham Əliyev tikanlı məftillərlə ayıran xətti həmişə “dost sərhədi” adlandırıb, ərazidən istifadəni heç vaxt təsdiqləməyib”.
E. Rüstəmli
“AzPoltika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.