Rusiya deyir ki, Afrikaya göndərilən yüzlərlə əsgər ‘müşavirdir -

29-05-2021, 09:36   


Rusiyanın BMT-dəki səfirinin müavini mayın 28-də deyib ki, bu ay Mərkəzi Afrika Respublikasına (MAR) göndəriləcək yüzlərlə Rusiya əsgəri sadəcə olaraq “silahsız müşavirlərdir”.
Dmitri Polyanski BMT-nin Nyu Yorkdakı qərargahında jurnalistlərə deyib ki, “onlar silahsızdırlar, çünki silahsız olmalıdırlar və sadəcə hərbi müşavirlərdir”.
Polyanski sözü gedən əsgərlərin MAR-a çatıb-çatmadıqlarını bilmədiyini söyləyib.
O əlavə edib ki, bu əsgərlər silahla da məşğul ola bilərlər, amma bu, onlar kiməsə təlimat verəndə baş verəcək və onlar döyüşlərdə iştirak etməyəcəklər.
Moskva 2018-ci ildən bəri bu ölkənin ordusuna təlim vermək məqsədilə MAR-da hərbi kontingent saxlayır.
Sözü gedən son qrupdan əvvəl, Moskva etiraf etmişdi ki, Mərkəzi Afrika Respublikasında 535 Rusiya hərbçisi var və onlar yerli Müdafiə Nazirliyi ilə müqavilə imzalayıblar.


Daha 600 “müşavir”
MAR mayın 4-də BMT Təhlükəsizlik Şurasına Rusiyadan daha 600 müşavir dəvət etmək niyyəti barədə bildiriş vermişdi.
Bu ölkə üzərindəki silah embarqosuna görə belə bildirişləri 20 gün əvvəl verməlidir.
Bir çox şahidlər və QHT-lər bildirirlər ki, burada söhbət müşavirlərdən yox, faktiki olaraq Rusiyanın ali siyasi rəhbərliyi ilə bağları olan Vagner özəl hərbi şirkətinin muzdlu əsgərlərindən gedir.
Onlar hazırda MAR-da Ruandanın xüsusi qüvvələri və BMT sülhməramlıları ilə birlikdə hakimiyyəti ələ keçirməyə çalışan üsyançılara qarşı döyüşürlər.
Rusiya bu ölkədə Vagner muzdlularının olduğunu indiyədək inkar edib və bildirib ki, söhbət yalnız hökumət qoşunlarına təlim keçən müşavirlərdən gedir.


Milli təhlükəsizlik, qızıl və almaz lisenziyaları
4.7 milyon əhalisi olan MAR 2013-cü ildə silahlı qruplaşmaların koalisiyası hökuməti devirəndən bəri vətəndaş müharibəsinin cəngindədir.
BMT baş katibinin sülh əməliyyatları üzrə müavini Jan-Pyer Lakrua bildirib ki, BMT sülhməramlıları MAR hərbiyyəsi və onun partnyorları ilə münasibətlərdə problemlərlə üzləşir.
Lakin rəsmi bu barədə təfərrüatlara varmayıb. O yalnız bunu bildirib ki, “müəyyən koordinasiya və məsləhətləşmərə” ehtiyac var.
Rusiya son illərdə MAR-dakı nüfuz və mövcudiyyətini gücləndirib.
Valeri Zaxarov adlı Rusiya vətəndaşı MAR prezidenti Fosten Arkanj Tuaderanın milli təhlükəsizlik üzrə müşaviridir.
MAR habelə ölkənin qızıl və almaz mədənlərində iş üçün Rusiya şirkətlərinə lisenziyalar verib.
Bu şirkətlərin “Putinin aşpazı” ləqəbli oliqarx Yevgeni Priqojinə bağlı olduqları düşünülür.
O həm də sözü gedən Vagner özəl hərbi şirkətinin rəhbəri sayılır.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.