İki pisin arasındakı seçim: Qərbdənsə, Rusiya yaxşıdır!

29-05-2021, 18:40   



Sirr deyil ki, rəsmi İrəvan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) narazıdır. Rusiyanın verdiyi dəstək də Ermənistanı qane etmir. Ona görə də Nikol Paşinyan təkidlə Qərbi bölgəyə dəvət edir. "ABŞ və Fransa sülhməramlı qüvvələri də bölgəyə yerləşdirilsin", deyir. Məlumdur ki, həm ABŞ, həm də Avropa Birliyi Nikol Paşinyanın təklifini alqışlarla qarşılayıb. O da aydındır ki, Ermənistan üçün məqbul olan şey Azərbaycan üçün təhlükədir. Həm də ortada 30 illik təcrübə var. ATƏT-in Minsk qrupu danışıqlar prosesinin Ermənistan tərəfindən imitasiyaya çevrilməsinə yaşıl işıq yandırdı. Ümid edirdilər ki, vaxtı uzatmaqla Ermənistanın işğal etdiyi ərazilərdə möhkəmlənə biləcək. Yəni, Qərbin bölgəyə gəlişi uzun-uzadı danışıqlar deməkdir. Üstəlik, Zəngəzur dəhlizinin Rusiya ilə yanaşı, həm də Qərbin nəzarəti altına düşməsi deməkdir. Belə şeylər isə bizə qətiyyən lazım deyil.

Rusiyanın Minsk Qrupuna münasibəti xeyli fərqlidir. Rusiya Minsk Qrupundan Türkiyə-Azərbaycan birliyinə qarşı təzyiq vasitəsi kimi istifadə etməyə çalışır. Rusiya yaxşı bilir ki, Türkiyə və Azərbaycan Minsk Qrupunun əleyhinədir. Çünki onlardan yaxşı nəsə gözləmirlər. Ancaq Rusiya heç də Minsk Qrupunun fəallaşmasını istəmir. Niyəsi də odur ki, hazırda Rusiya Dağlıq Qarabağ münaqişəsində tək və real söz sahibidir. Rusiya əldə etdiyi bu səlahiyyəti heç bir ölkə ilə bölüşmək fikrində deyil.
Azərbaycan isə ATƏT-in Minsk Qrupu haqqında heç eşitmək belə istəmir. Çünki bu Qrupdan pislikdən başqa bir şey görməyib.
Ən önəmlisi odur ki, Üçtərəfli Anlaşmada ATƏT-in Minsk Qrupu haqqında bir kəlmə də yoxdur. Vəziyyət belədir ki, indi bütün ölkələr, o cümlədən ABŞ, Kanada, Fransa, elə Avropa Birliyi də daha çox Üçtərəfli Anlaşmaya istinad etmək zorundadırlar. Azərbaycan heç bir halda Dağlıq Qarabağ məsələsinin Minsk Qrupunda müzakirəsinə yol verməməlidir. Ən azı ona görə ki, Rusiya ilə anlaşmaq ABŞ və Fransa ilə, bütövlükdə Qərblə anlaşmaqdan daha asandır. Ona görə də bu işin Rusiyanın inhisarından çıxıb Qərbin inhisarına keçməsi bizə sərf etmir. Əlbəttə, Rusiya da Ermənistanla yaxındır. Faktiki olaraq Ermənistan dövlətini də məhz Rusiya süni şəkildə Azərbaycan torpaqları üzərində qurub. Yəni, biz iki pisin arasında seçim etməliyik. Hazırkı məqamda Rusiya bizim işimizə Qərbdən daha çox yarayır.
Elbəyi Həsənli, Sürix


/musavat.com/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.