Paşinyan sərhəddə NATO+ATƏT-in Minsk Qrupunu istəyir. Azərbaycan nə etməlidir? REDAKSİYADAN

29-05-2021, 22:04   



Eynulla Fətullayev
Azərbaycan və Ermənistan arasında Kəlbəcər rayonu istiqamətində erməni təxribat qrupunun xəyanətkar hücumu nəticəsində yaranmış sərhəd böhranı kulminasiya nöqtəsinə çatıb. Hərbi eskalasiya və siyasi gərginlik dünya birliyinin diqqət mərkəzindədir. Yeni qarşılıqlı ittihamların qızğın çağında Ermənistanın baş naziri vəzifələrini icra edən Nikol Paşinyan sərhədyanı mübahisənin həllinə dair təkliflər paketi ilə çıxış edib.
Paşinyan ABŞ və Fransaya təkliflər paketi təqdim edib
Ermənistan hökumətinin başçısı Qərbə Rusiya sərhədçiləri ilə yanaşı, ABŞ və Fransadan da beynəlxalq müşahidəçilər yerləşdirməyi təklif edib. Bundan başqa, Paşinyan rəsmi Bakıya müraciətində Azərbaycan Sərhəd Qoşunları bölmələrinin Sotk-Kəlbəcər və Xoznavarın sərhədyanı sahəsində ilkin mövqelərə qaytarılmasını təklif edib.
Paşinyanın təklifinə görə, Ermənistan hökuməti də silahlı qüvvələrini əvvəlki mövqelərinə geri çəkmək öhdəliyi götürür. Yəni söhbət qoşunların, necə deyərlər, “zerkalnı” geri çəkilməsindən gedir.
ATƏT-in Minsk Qrupunun həmsədrləri, ilk növbədə ABŞ və Fransa hökumətləri Nikol Paşinyanın təşəbbüsünə sanki bir ağızdan dərhal reaksiya verdilər. Qərb həmsədrlərinin Paşinyanın müraciətlərinə həssaslığı və diqqəti heyrət doğurur. Çünki Azərbaycanın problemlərinə biganə sərtlik, şüşə soyuqqanlılığı  və 30 illik Qarabağ dramı zamanı həmin ölkələrin azərbaycanlıların iztirablarından nümayişkaranə şəkildə uzaqda durmaları bizim yadımızdadır. İstənilən halda, Cenevrədə toplaşanlar erməni baş nazirinin təklifini diqqət və narahatlıqla müzakirə ediblər. Dərhal da ATƏT-in fəaliyyətdə olan sədrinin şəxsi nümayəndəsi Anjey Kasprşiki çağırıblar. Minsk Qrupunun həmsədrləri Nikol Paşinyanla eyni mövqedən çıxış edərək, Azərbaycan və Ermənistana qoşunların qeydə alınmamış sərhəddən çıxarılmasını və sərhədlərin delimitasiyası ilə bağlı danışıqlara başlamağı təklif ediblər.
İki həmsədrin - iki NATO ölkəsinin ani reaksiyası
Bu şəraitdə, xüsusən həmsədrlərin müraciətindən sonra Azərbaycan  nə etməlidir?
Döyüş əməliyyatları başa çatdıqdan və üçtərəfli bəyanat imzalandıqdan sonra Azərbaycan,  Rusiya prezidenti Vladimir Putinlə bərabər, Ermənistanla münaqişəni bitmiş hesab edir. Həm Azərbaycan, həm də üçtərəfli bəyanatın qarantı olan Rusiya sülh razılaşmasının qeyd-şərtsiz yerinə yetirilməsində israr edirlər. Cəmi bir neçə saat əvvəl baş nazir Əli Əsədovun MDB hökumət başçılarının iclasındakı çıxışından məlum oldu ki, Rusiyanın təşəbbüsü ilə sərhədlərin delimitasiyası üzrə Üçtərəfli Komissiyanın yaradılması nəzərdə tutulubmuş. Lakin bu komissiyanın yaradılmasına və fəaliyyətinə məhz Ermənistan etiraz edib, mane olub və hər vəchlə məsələni uzadıb.
Beləliklə, Azərbaycan Paşinyanın təkliflərini nəzərdən keçirə bilər, ancaq böyük bir "əmma" var... Ermənistan ABŞ və Fransadan olan müşahidəçilərin sərhəddə yerləşdirilməsində israr edir. Faktiki olaraq, söhbət Rusiyanın sərhəd qoşunlarının yerləşdiyi ərazidə NATO ölkələrinin hərbi missiyasının yerləşdirilməsindən gedir.
Əgər NATO gəlsə, Üçlər formatının aqibəti necə olacaq?
Bəs bu, Rusiyanın dövlət maraqları və Ermənistanın öz üzərinə götürdüyü KTMT ilə hərbi-müttəfiq münasibətləri ilə necə uzlaşır? Paşinyanın təklifləri ağla sığmır, çünki KTMT Nizamnaməsinin tələblərini kobud şəkildə pozur. Əslində, Paşinyan yeganə geosiyasi məqsəd güdən havadarlarının real niyyətlərini ortaya qoyur-Rusiyanı nəinki sıxışdırmaq, hətta onu regiondan birdəfəlik çıxarmaq. Bundan sonra belə dostları, tərəfdaşları və müttəfiqləri varsa, Kremlə düşmən lazımdırmı? Paşinyan NATO-nu regiona çağırmaqla qırmızı xəttin son həddini keçib.
Amma NATO-nun daha bir ölkəsi var. Üstəlik, ATƏT-in Minsk Qrupunun üzvüdür...
Əgər Ermənistan qoşunlarını geri çəkməyə və danışıqlara başlamağa hazırdırsa, Azərbaycan yerdəyişmə məsələsinə baxa bilər. Qoşunlar geri çəkilir, NATO kontingenti yeridilir və delimitasiya komissiyası işə başlayır. Ancaq bu halda Azərbaycan NATO-nun daha bir ölkəsi olan Türkiyədən müşahidəçilər çağırmaq hüququnu özündə saxlayır. Və bütün bunların yekunu olaraq Türkiyə həm də ATƏT-in Minsk qrupunun üzvüdür...
/virtualaz.org/
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.