Ermənistanın baş naziri vəzifəsini icra edən Nikol Paşinyan Vanadzor sakinləri ilə görüş zamanı Qarabağ münaqişəsi ilə bağlı danışıqlar prosesində erməni tərəfinin güzəştlərindən danışıb. Virtualaz.org bildirir ki, bu barədə “Armenpress” məlumat yayıb.
Paşinyanın sözlərinə görə, 1999-cu ildə Mehri mübadilə variantı gündəmə gətirilib. Amma bu versiya Azərbaycan tərəfindən rədd edilib.
"Azərbaycan tərəfi çox mühüm əhəmiyyət kəsb edən bir şey əldə etmişdi: danışıqların məzmununda qeyd edilmişdi ki, Şuşa rayonu Dağlıq Qarabağ Muxtar Vilayəti ərazisində ayrıca bir hadisədir. Göstərilmişdi ki, Şuşa Dağlıq Qarabağdan ayrı-xüsusi bir rayondur və Laçın rayonu ilə bir sıraya qoyulmuşdu. Laçın rayonu isə 1999 - cu və sonrakı illərdə xarici işlər naziri Vardan Oskanyanın işğal olunmuş ərazi adlandırdığı sırada qərarlaşmışdı",-deyə Ermənistanın baş naziri səlahiyyətlərinin icraçısı bildirib.
Paşinyanın sözlərinə görə, növbəti güzəşt 30 noyabr 1999 - cu ildə baş verib-ATƏT-in Zirvə Toplantısında qəbul edilmiş Avropa Təhlükəsizliyi Xartiyası Dağlıq Qarabağ münaqişəsinin, əslində, yalnız Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll oluna biləcəyini açıq şəkildə ifadə edib.
"Bu, belə bir ifadəni tətbiq etmək üçün ilk cəhd deyildi. 1996-cı ildə ATƏT-in Lissabon zirvə görüşündə belə məzmun təqdim etməyə cəhd göstərilmişdi, lakin o zaman Ermənistan ona veto qoydu. ATƏT-də qərarlar konsensusla qəbul olunur. 30 noyabr 1999-cu ildə, oktyabrın 27-dən sonra isə Ermənistan bu ifadəyə səs verdi",-deyə N.Paşinyan qeyd edib.
Paşinyanın sözlərinə görə, faktiki olaraq, çox qısa zaman kəsiyində - 1998-1999 - cu illərdə Azərbaycan danışıqlar məntiqini daha da inkişaf etdirmək üçün lazım olan danışıq məzmununu aldı.
Paşinyan hesab edir ki, növbəti vacib məqam Madrid prinsiplərinin daxil edilməsi olub: Ermənistan tərəfi bu prinsiplərin formalaşdırılmasında iştirakını inkar etməyib. "Lakin ən əsas fakt 2007-ci ildən sonra baş verib: Madrid prinsipləri danışıqların əsasını təşkil edib, qeyd olunub ki, Dağlıq Qarabağ münaqişəsinin həlli üzrə bir nömrəli prosesin məqsədi yeddi rayonun qaytarılmasıdır
. Madrid prinsiplərində "Qarabağın aralıq statusu" terminindən istifadə olundu və 2016-cı ilə qədər danışıqlar prosesində bu terminologiya mövcud idi. 2016-cı ilin yanvarında isə vasitəçilər Yerevana Ermənistanın Qarabağın müvəqqəti statusunun məntiqindən imtina etməli olduğu mövqeni təqdim ediblər. Ermənistan tərəfi imtina etdi və 2016 - cı ilin aprel müharibəsi baş verdi, bundan sonra ilk dəfə olaraq 2016-cı ilin yayında həmsədrlər Dağlıq Qarabağın müvəqqəti statusunun qeyd edilmədiyi danışıqlar sənədini təqdim etdilər", - deyə Paşinyan vurğulayıb.
Onun sözlərinə görə, Kəlbəcər və Laçının geri qaytarılması müəyyən mənada Qarabağın statusunun dəqiqləşdirilməsi ilə bağlı olub. 2018-ci ilin yanvar ayından etibarən qeyd olunub ki, Kəlbəcər və Laçın Ermənistan tərəfindən Dağlıq Qarabağın statusu dəqiqləşdirilənədək, yəni məhz 2018-ci ildə qaytarılmalıdır. Bundan sonra Azərbaycan 2016-cı ildəki mövqeyinə qayıdıb və Dağlıq Qarabağın müvəqqəti statusunun məntiqi ilə bağlı danışıqlar aparmaqdan imtina etdiyini bildirib.
"Bütün problem ondan ibarətdir ki, 2018-ci ilin may ayından etibarən artıq imtina etməyin mümkün olduğu hər şeydən imtina edilib. Faktiki olaraq, biz danışıqlar prosesini güzəşt etmək mümkün olan hər şeyin artıq güzəşt edildiyi mərhələdə miras almışdıq. Mən məsuliyyətlə bəyan edirəm ki, əgər 2018 - ci ildə mövcud olan paket imzalansaydı, bu, o demək olacaqdı ki, Ermənistan Qarabağın sülh yolu ilə Azərbaycanın tərkibində saxlanmasına razılaşır", - deyə o vurğulayıb.
/azpolitika.info/