Britaniyada son 24 saat ərzində pandemiyanın əvvəlindən bəri ilk dəfə olaraq koronavirusla bağlı heç bir ölüm halı qeydə alınmayıb.
Sky news agentliyinin məlumatına görə, bununla belə, ölkənin səhiyyə naziri arxayınlaşmamağa çağırıb.
Hökumət məlumatına görə son sutka ərzində koronavirusa 3165 yoluxma qeydə alınıb.
Nazir
Mett Henkokun yazdığı tvitdə deyilir ki, “mayın 31-də Britaniyada COVID-lə bağlı ölüm hadisəsi olmayıb, amma biz hələ virusa qalib gəlməmişik”.
İyunun 1-də verilən məlumata görə ötən həftəsonundan sonra yoluxma və ölüm sayında azalma olacağı gözlənilir.
Bu da xəbər verilir ki, söhbət bu ilin bir günündən gedir. Britaniyada ötən il son dəfə koronavirusdan heç bir ölüm halının olmaması 2020-ci il, martın 7-də qeydə alınıb.
Bu il mayın 10-da İngiltərədə, Şotlandiyada və Şimali İrlandiyada koronavirusdan ölüm halı olmayıb.
Lakin Uelsdə 4 ölüm halı qeydə alınıb.
Bir şəhərdə vaksin eksperimentiBraziliyanın bir şəhərində yetkinyaşlı əhalinin demək olar hamısı vaksinləndikdən sonra ölüm hallarının sayı 95 faiz düşüb.
45 minlik əhalisi olan Serranada Çinin CoronaVac vaksini ilə keçirilən kütləvi peyvəndləmə eksperimentinin ardınca yoluxma halları kəskin azalıb.
Alimlər bildirirlər ki, kütləvi vaksinasiya şəraitində hətta peyvənd olunmayanlar da xəstəlikdən qorunmuş olurlar.
Ekspertlərin fikrincə bütün bu göstəricilər vaksinlərin effektivlindən xəbər verir. Onların fikrincə adamların 75 faizi vaksinin iki dozası ilə peyvənd olunduqdan sonra virusu nəzarətə almaq mümkün olacaq.
Braziliya koronavirus epidemiyasına ən böyük itki verən ölkələrədn biridir. Burada 463 min nəfər COVİD-ə yoluxmadan vəfat edib.
Serrana şəhərindəki vaksin eksperimentini fevral-aprel ayları ərzində Butantan İnstitutu aparıb. Bu institut Çinin CoronaVac vaksinini istehsal edir.
Alimlər bildirirlər ki, əhalinin 75 faizi tam vaksin olunduqda ölümlərin sayı 95, xəstəxanaya düşmə halları 86, simptomlu yoluxmalar 80 faiz azalır.
Çinin daha bir vaksini təsdiqləndiİyunun 1-də Dünya Səhiyyə Təşkilatı (DST) Çində istehsal olunan Sinovac vaksinindən istifadə üçün xüsusi icazə verib.
DST bildirib ki, sınaqlar bu vaksinin iki dozası vurulmuş adamların yarısının COVID-19-un simptomlarından müdafiə olunduğunu göstərib.
Bununla belə, DST bildirib ki, bu təcrübədə çox az sayda ahıl yaşlı adamlar olub və buna görə də vaksinin effektivliyi barədə qəti qərar vermək mümkün deyil.
Lakin DST vaksinlərdən istifadə üçün yuxarı yaş limiti qoymur.
Çin vaksinin DST tərəfindən təsdiqi o deməkdir ki, indi donorlar bu vaksini BMT-nin COVAX proqramı çərçivəsində yoxsul ölkələrin təchizatı üçün ala bilərlər.
Ötən ay DST Çinin Sinopharm vaksinini də istifadə üçün təsdiqləmişdi.
Təşkilat habelə Pfizer-BioNTech, Johnson & Johnson, Moderna və AstraZeneca vaksinlərinə “xeyir-dua” verib.