MEHDİYEVİN MÜSTƏQİMLƏRİ... – Bu icra başçılarını “yığışdırmağın” vaxtı deyilmi?
3-06-2021, 12:00
Tərtərin icra başçısı Müstəqim Məmmədovun vətəndaşlarla kobud rəftarını, insanların üstünə çığırıb-bağırmasını, videoçəkilişə icazə verməməsini əks etdirən kadrlar bir neçə gündür mətbuatda və sosial şəbəkələrdə müzakirə mövzusudur. Həmin epizodda vətəndaşlar icra başçısının onların problemləri ilə maraqlanmamasından narahatlıqlarını bildirirlər. Bu zaman bəzi sakinlər çəkiliş aparmaq istəsələr də, başçı onların üstünə qışqıraraq, telefonların yığışdırılmasını tələb edir və özü ilə gətirdiklərindən kiməsə ”yığışdır əəə, onu” deyərək, əmr verir. Görünür, həmin “əəə” də başçının əmrini can-başla yerinə yetirir, çünki video burada bitir və çəkiliş dayandırılır. Əslndə, bu epizod bir daha Azərbaycandakı rayon icra hakimiyyətləri üzərində qurulmuş idarəçilik sistemində mahiyyət etibarilə heç nəyin dəyişmədiyini, bəzi icra başçılarının hələ də özlərini ağa, qoçu, lotu kimi apardığını, insanlara yuxarıdan aşağı baxdığını, onları təhqir, təhdid etdiyini təsdiqləmiş oldu. Bu adam hələ kamera önündə özünü bu cür səviyyəsiz, yekəxana aparırsa, görün adi vaxtda insanlarla necə rəftar edir, hansı nalayiq ifadələrə, hərəkətlərə yol verir. Əgər bu ölkədə adi vətəndaş, yaxud əsgər Prezidentlə görüşü öz telefonuna çəkə, selfi edə, onu sosial şəbəkədə paylaşa bilirsə, icra başçısı nə böyük zatdır, kimdən artıqdır ki, onu çəkmək olmaz? Yaxud, bu adam nə ilə məşğuldur – oğurluq, quldurluq, nalayiq hərəkət edirmi ki, çəkiliş aparılmasından əndişələnir?...
Normalda, başçı bu hərəkətinə - insanların üstünə çığırib-bağırıb, kobudluq etdiyinə görə çıxıb hər kəsdən üzr istəməlidir. Ancaq bu tip məmurlar o qədər hədlərini aşıb, “şişiblər” ki, könüllü olaraq, “qara camaat”dan üzr istəməyi ağıllarına belə gətirməzlər. Onlar hesab edirlər ki, insanlara hesabat verməyə, onların rəyilə, fikrilə hesablaşmağa borclu deyillər. Yalnız qandallandıqdan sonra kamera qarşısında boyunlarını büküb, hər kəsdən üzr istəməyi, “qələt eləmişəm pozası”nı almağı yaxşı bacarırlar... Əslində, Müstəqim Məmmədov kimilər (icra başçılarının arasında belələri olduqca çoxdur-C.M) Azərbaycan insanının təsəvvüründə illər boyu formalaşmış icra başçısı tipinin klassik nümunəsidir – icra başçısı söyüş söyər, camaatı təhqir edər, dövlət vəsaitini oğurlayar, mənimsəyər, xaricdə bizneslərə malik olar, torpaq zəbt edər və satar, bazar, dükan, supermarket, ferma, meyvə bağı, balıq vətəgəsi saxlayar, taxıl, arpa, yonca əkdirər, adam tutdurar, adam döydürər, idarə müdirlərindən, obyekt sahiblərindən haqq alar, cinayət törədər və onu ört-basdır etdirər və sair. Sanki söhbət hansısa məmurdan yox, mafiya başçısından gedir...
Məsələ ondadır ki, bu icra hakimiyyəti sisteminin əsas ideoloqlarından biri və onun bərkiməsində, formalaşmasında müstəsna rolu olmuş Ramiz Mehdiyev vəzifəsindən və idarəçilikdən kənarlaşdırılsa da, bir çox rayonlarda sistem yenə “saat kimi” işləməkdə davam edir. Sanki gedən Mehdiyevin cismidir, “ruhu” isə hələ yaşayır və təsirini saxlayır və heç bir islahat ona “bata bilmir”... Məsələn, mətbuatda dərc olunan məlumatların birində Mingəçevir Şəhər İcra Hakimiyyətinin keçirdiyi tenderlərdən söz açılır. Məlum olur ki, 2018-ci ildə şəhərin icra başçısı dəyişdirilsə də, artıq 10 ilə yaxındır ki, qurumun keçirdiyi milyonluq tenderlərin, dövlət satınalmalarının “qalibi” eyni şirkətlərdir. Yəni icra başçıları dəyişsə də, icra hakimiyyətlərinin “favorit” şirkətləri dəyişmir. Bu, o deməkdir ki, əvvəlki “iş prinsipləri” də dəyişməz olaraq qalır. Belə misallar kifayət qədərdir və onları sadalamaqla bitən deyil.
Yaxud Yasamalın icra başçısı çıxarılıb Suraxanıya təyin edildi. Suraxanıda yaxşıya doğru nəsə dəyişdimi? Əlbəttə ki, yox! Hər şey – tikintiyə icazələrdən tutmuş bütün digər sənəd işlərinə qədər, bir sözlə, icra hakimiyyətinin “barmağı ilişən” istənilən sahədə əvvəlki “qanunlar” tam qüvvəsilə işləməkdədir. Təbii ki, istənilən sahədə kadrların yenilənməsi, gənclərin önə çəkilməsi yaxşı haldır və bəzən effekt də verir. Ancaq bəzən bir rayonunun icra başçısının müavini işləyən şəxs başqa rayona icra başçısı təyin olunur. Əsas üstünlüyü də o olur ki, gənc kadrdır və buna görə, islahatçı komandaya yaxın şəxs sayıla bilər. Lakin belələri gənc olsa da, korrupsiyaya bulaşmış icra başçısının müavini işlədiklərindən, özləri də bu "xəstəliyə" tutulurlar... Əgər islahatçı olsaydı, elə işlədiyi rayonda dəyişikliyə nail olardı, korrupsiyanı, rüşvəti ifşa edərdilər, ən azından etiraz əlaməti oaraq, vəzifəsindən istefa verərdi... Heç birini etmirsa, deməli, məntiqlə o da eyni sistemin, eyni idarəetmə təfəkkürünün daşıyıcısı sayıla bilər. Və burada onun gənc, yaxud yaşlı olmasının heç bir önəmi yoxdur...
Ümumiyyətlə, icra başçıları “gəncləşdirilən” rayonların həyatında, əhalinin güzəranında, insanların idarəetmə orqanına münasibətində, onların müxtəlif problemlərinin həllində hansısa ciddi dəyişiklik olubmu? Təəssüf ki, bu suala birmənalı olaraq, müsbət cavab vermək çox çətindir. Çünki gözlə görüləsi elə bir ciddi dəyişiklik müşahidə olunmur. Deməli, yerli icra hakimiyyətləri üzərində qurulan idarəçilik sistemi artıq işə yaramır. Onu gənc kadrlarla ayaq üstə saxlamaq cəhdi isə köhnəlmiş, parçası çürümüş şalvara ordan-burdan təzə yamaq vurmaq kimi bir şeydir. Artıq oğurluq, talançılıq, saxtakarlıq, yekəxanalıq, saymazlıq, məddahlıq, qanunlara, insanların heysiyyatına məhəl qoymamaq, bir sözlə, hər cür yaramazlıqlar bir çox icra başçılarının qanına, geninə hopub. Bunu məlum rayon icra başçılarının həbsindən sonra üzə çıxarılan faktlar, cinayətlər də açıq şəkildə təsdiqlədi. İnanın ki, hazırda həbsdə olan sabiq başçıları çıxarıb, yenidən işlərinə bərpa etsələr, cəmi bir aydan sonra(bəlkə də daha tez) yenə əvvəlki əməllərinə qayıdacaqlar. Yəni ki, bu adamlar islah olunan deyillər, elə onların uzun illər yaşatdıqları idarəçilik sistemi kimi.
Odur ki, çıxış yolu hələ də mövcud olan və effekt vermədiyi, özünü doğrultmadığı gün kimi aydın olan yerli icra hakimiyyətlərinə dayanan idarəçilik sisteminin ləğv olunması, idarəetmənin şəffaf seçkilər vasitəsilə formalaşan bələdiyyələrə verilməsidir, Türkiyədəki kimi. Bu, yeni fikir deyil və bunu hətta hakimiyyətyönlü ekspertlər, bəzi deputatlar da dəfələrlə təklif ediblər. Ancaq hələ ki, dəyişən bir şey yoxdur. Ona görə də icra başçılarının “at oynatdıqları” bu idarəçilik sistemi kal armud olub, keçib xalqın boğazına... Doğrudur, ardıcıl olaraq, bir neçə icra başçısının həbsi, onların cinayətlərinin ifşa edilməsi insanlarda bir qədər özlərinə, həm də hakimiyyətin iradəsinə inam yaratdı, məlum oldu ki, icra başçılarının uzun illərdən bəri malik olduqları toxunulmazlıq artıq “gorbagor” olub. Lakin həmin həbslərdən sonra ötən dövr və icra hakimiyyətlərinin hazırkı durumu göstərir ki, 5-6 başçını həbs və ifşa etməklə idarəçilik problemi həll olunmur. Tərtərin başçısı kimi özünü apara bilməyən, insanları təhqir edən icra başçıları və digər məmurlara gəlincə, belələrinə anlatmaq lazımdır ki, bu xalqın heç kimin dədəsinə borcu yoxdur. Əksinə, belələrinin özləri və bütün ətrafı yaşadıqları lyuks həyata, övladlarının xaricdə bahalı təhsilinə, Azərbaycanda, Türkiyədə, Avropada, Amerikadakı mal-mülklərinə, milyon, on milyon, yüz milyonlarla ölçülən bank hesablarına və s. görə bu xalqa, millətə borcludurlar. Bunlara anladıqları tərzdə “yığışdır ə, özünü” deyib, layiq olduqları yerlərə göndərməyincə və dövlətə, xalqa olan borcları ödətdirilməyincə, ən əsası isə onların uzun illər bəhrələndikləri icra hakimiyyəti idarəçiliyi xalqın seçdiyi bələdiyyə idarəçiliyilə dəyişdirilməyincə, hansısa islahatın nəticə verəcəyinə inanmaq çətindir... Cəlal Məmmədov “AzPolitika.info”