Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın işğaldan azad edilən Şuşa şəhərinə səfəri gözlənilir.Ərdoğan bu barədə Ədalət və İnkişaf Partiyasının qrup iclasında çıxışı zamanı açıqlama verib.
“Brüsseldəki görüşlərimizdən sonra Azərbaycanın paytaxtı Bakıya gedərək İlham Əliyev qardaşımızın qonağı olacağıq və ordan Şuşaya gedəcəyik.İşğaldan azad edilən Azərbaycan şəhərlərindən biri olan Şuşaya ailəvi gedərək həm rəsmi görüşlərimizi həyata keçirək, həm də müxtəlif görüşlər aparacağıq.Dost və qardaş Azərbaycanın işğal altında olan torpaqlarının ölkəmizin də dəstəyi ilə xilas edilməsi Ermənistan başda olmaqla bölgədəki bütün tərəflərə yeni bir dönəmin qapılarını açmaq şansı verib”,-deyə Türkiyə dövlət başçısı qeyd edib.
Ərdoğanın Şuşa səfərindən gözləntilər nələrdir? Bu səfər regionda nələri dəyişə bilər və Qarabağla bağlı proseslər hansı istiqamətdə gedəcək?Bu barədə
Cebhe.info-ya açıqlamasında Milli Cəbhə Partiyasının sədrinin müavini, politoloq Məhəmməd Əsədullazadə bildirib ki, İkinci Qarabağ müharibəsindən sonra regionda yeni bir siyasi nizam formalaşır:
“Türkiyənin Cənubi Qafqazda rolu daha da genişlənir. Postmüharibə dövründə Türkiyə Prezidenti Ərdoğanın Azərbaycana səfəri regionun yeni çağırışlara qədəm qoyması deməkdir. Səfər Ermənistan-Azərbaycan münasibətlərində yeni siyasi mənzərənin formalaşmasına gətirib çıxaracaq. Həmçinin müəyyən dövlətlərin xüsusilə Rusiyanın, ABŞ-ın regionda Azərbaycanla münasibətlərində müəyyən neytrallaşdırıcı bir mərhələnin başlanğıcı kimi qiymətləndirmək lazımdır. Ötən gün Ərdoğan Bakı və Şuşaya səfər edəcəyini qeyd edib. Təbii ki, Ərdoğanın Şuşaya səfəri və burada verəcəyi mesajlar hazırda ATƏT-in Minsk qrupunun həmsədrlərinə mesaj kimi qiymətləndirilir. Çünki ABŞ, Fransa ATƏT-in Minsk qrupunun yenidən canlandırılmasına, hətta substantiv danışıqlar kimi destruktiv mövqe ortaya qoyurlar. Onların da əsas planı hazırda ermənilərin yaşadıqları əraziyə status verilməsidir. Təbii ki, Ərdoğanın Şuşadan verəcəyi mesajlar Minsk qrupunun bu planının qarşısını alacaq”.Politoloqun fikrincə, Ərdoğanın Şuşaya səfəri zamanı Türkiyə bir daha göstərəcək ki, bütün parametrlərlə Azərbaycanın yanındadır:
“Azərbaycan qarşı bu istiqamətdə olan bütün təzyiqlərin qarşısı alınacaq. Bu mesajın Qarabağın mərkəzi Şuşadan verilməsi xüsusi siyasi əhəmiyyət daşıyır. Şuşanın xüsusi strateji əhəmiyyəti var. Ərdoğanın buradan verəcəyi mesaj Rusiya və ABŞ-a yönələcək. Azərbaycana qarşı müəyyən təzyiqlərin neytrallaşmasına gətirib çıxaracaq. Bundan sonra biz Türkiyə-Azərbaycan əlaqələrinin daha da inkişaf etməsini, Azərbaycana qarşı Qarabağ üzərindən müəyyən planların və oyunların qurulmasına şahid olacağıq. Ona görə də Ərdoğanın Şuşaya səfəri Azərbaycan üçün xüsusi əhəmiyyət daşıyır. Həmçinin Türkiyə də bir daha göstərəcək ki, o, Cənubi Qafqazdadır.Bu səfərdən sonra erməni separatçılarının fəaliyyətinə, onların Azərbayacana qarşı Rusiya sülhməramlılarının dəstəyi ilə qeyri-subyektiv açıqlamalarına qarşı mövqe formalaşacaq. Bu, Türkiyə və Azərbaycanın tam onların üzərinə gedəcəyi mesajıdır. Düşünürəm ki, bu, ermənilər üçün həm də psixoloji zərbə olacaq. Artıq ermənilər anlayacaq ki, Türkiyə bu prosesdə və Qarabağın mərkəzindədir. Ərdoğan Şuşada, Xankəndinin 10 kilometrliyində belə açıqlamalar verərsə, bu, erməni separatizminə zərbə olacaq. Ermənilər hələ də absurd açıqlamalar verərək bildirirlər ki, Qarabağ heç vaxt Azərbaycanın tərkibində olmayacaq. Səfər bu açıqlamaları da yox edəcək. Ermənilər bundan sonra iddialarından geri çəkiləcək, gələcəyə doğru layihələrinin ola bilməyəcəyini görəcəklər. Bundan sonra orada yaşayan ermənilər yavaş-yavaş Qarabağı tərk etməyə məcbur olacaq. Ərdoğanın Şuşa səfərindən sonra Qarabağda yeni bir dönəm başlayacaq”.Semra Ələkbərli
Cebhe.info