ABŞ Prezidenti Co Bayden ilk xarici səfərinə çıxıb. Məqsəd Vaşinqtonun Avropadakı müttəfiqləri ilə yenidən işləmək, administrasiyanın transatlantik alyanslara sadiqliyini göstərməkdir.O, dünən axşam saatlarında Britaniyaya gəlib. Onu gətirən təyyarə Britaniya hərbi hava qüvvələrinin Mildenholdakı bazasında eniş etdikdən sonra Prezident ABŞ hərbi hava qüvvələrinin bu bazada yerləşdirilmiş heyəti ilə görüş keçirib.
ABŞ prezidenti hərbçilər qarşısında etdiyi nitqdə deyib:
"Bu səfər boyunca biz hər addımda bunu bəyan edəcəyik ki, Birləşmiş Ştatlar qayıdıb və dünyanın demokratiyaları ən ağır çətinliklərə qarşı və gələcəyimiz üçün mühüm olan məsələlərdə birlikdə olacaqlar”.
Bayden deyib ki, ABŞ və Britaniya dünya tarixində ən güclü hərbi və siyasi alyans olan NATO-nun qurucularıdır:
"İndi isə biz alyansımızı modernizə etməli, mühüm infrastrukturumuza, kiberqabiliyyətimizə investisiyalar qoymalı, son onillik ərzində üzləşdiyimiz hər bir hədəyə və üzləşəcəyimiz yeni çətinliklərə qarşı təhlükəsizliyimizi təmin etməliyik”.Co Bayden bu görüşdən sonra gecələmək üçün Kornvol şəhərinə yollanıb. Bu gün - iyunun 10-da onun Britaniyanın Baş naziri Boris Consonla görüşü nəzərdə tutulub. Bayden bu görüşdə iki ölkənin xüsusi münasibətini bir daha təsdiqləyəcək.
Ağ Evin milli təhlükəsizlik müşaviri
Ceyk Sallivan jurnalistlərə deyib ki, Birləşmiş Ştatlarla Böyük Britaniyanın tamamilə razılaşdığı bir sıra məsələlər var. Onlar koronavirus pandemiyası, iqlim dəyişikliyi ilə mübarizə, bir sıra digər məsələlər üzrə əməkdaşlıq edirlər.
İyunun 11-də isə Kornvol şəhərində Böyük Yeddiliyin (G7) sammiti keçiriləcək. Üçgünlük sammit zamanı Baydenin məqsədlərindən biri ABŞ-ın ənənəvi müttəfiqləri ilə münasibətlərin bərpasıdır. Keçmiş Prezident Donald Trampın
“Öncə Amerika” siyasəti bu əlaqələrə böyük ziyan vurub. Bayden Böyük Yeddiliyin digər üzvləri –
Kanada, Fransa, Almaniya, İtaliya və Yaponiya liderləri ilə də ikitərəfli görüşlər keçirəcək.
Həmin görüşlərdə diqqət ABŞ-ın siyasi prioritetlərinə, iqtisadiyyata, müttəfiqlər arasında birliyə, pandemiyanı cilovlamağa, dünyanı pandemiyanın sürüklədiyi iqtisadi böhrandan çıxarmağa yönələcək.
İyunun 13-də Bayden Kraliça II Elizabetlə görüşmək üçün London kənarındakı Vindzor qəsrinə gedəcək. O, daha sonra NATO liderlərinin toplantısına qatılmaqdan ötrü Brüsselə yollanacaq.Bayden daha sonra Putinlə görüş üçün Cenevrəyə gedəcək. O, martdakı müsahibəsində Putinin qatil olduğuna inandığını demişdi. Bu fikirlər diplomatik qalmaqala səbəb oldu, Moskva Vaşinqtondakı səfirini məsləhətləşmələr üçün geri çağırdı.
Ağ Evin məlumatına görə, Bayden sammitdə Ukraynadan danışacaq. Rusiya 2014-cü ildə Ukraynanın Krım regionunu ilhaq edib, ölkənin şərqindəki separatçıları dəstəkləməyə başlayıb. Bayden administrasiyası Rusiyanı müxalifət lideri Aleksey Navalnını həbs elədiyinə görə də tənqid edib. Bayden Putinin gözünün içinə baxıb deməlidir:
“Amerikanın gözləntiləri bunlardır. Amerika bunu müdafiə edir. Amerika üçün əsas budur”, – Sallivan deyib.
ABŞ Prezidentinin Rusiyanın yaxın müttəfiqi olan Belarusun ötən ay “Ryanair” təyyarəsini zorla Minskə endirərək müxalifət fəalını saxlamasını da müzakirə edəcəyi bildirilir.
Daha sonra ABŞ Prezidenti ilə
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan arasında görüş keçirilməsi nəzərdə tutulub. Bu görüşdə iki ölkə arasında münasibətlərdəki problemlər, Suriya və Yaxın Şərqdə əməkdaşlıq müzakirə ediləcək.
"AzPolitika.info"