Gözlər Qarabağda, qulaqlar səsdə; İrəvan ona qurtuluş üçün təklif olunan sonuncu şansı da itirə bilər; rusiyalı məşhur tarixçi: “Ermənistan bu gün gələcəyə baxmağa hazır deyil...”
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bir neçə gün sonra Azərbaycanda olacaq. Bu səfərə təkcə iki qardaş ölkədə yox, bütövlükdə bölgədə, hətta dünyada böyük bir diqqətin olacağı şəksizdir. Ərdoğanın səfər öncəsi verdiyi açıqlama isə qarşıdakı ziyarəti siyasi müşahidəçilər üçün bir az da intriqalı mövzu edir. “Brüsselə səfər proqramı bitdikdən sonra Azərbaycanın paytaxtı Bakıya gəlib qardaşım İlham Əliyevin qonağı olacağıq. Oradan isə Şuşaya gedəcəyik. İşğaldan azad olunan Şuşaya ailəvi səfər edib orada həm rəsmi görüşlərimizi keçirəcəyik, həm də müxtəlif yerləri ziyarət edəcəyik” - Türkiyə dövlət başçısı anons edib.
*****
Başqa sözlə, Azərbaycan-Türkiyə münasibətləri tarixində ilk dəfə olaraq iki ölkə rəhbərinin rəsmi görüşləri, əsas danışıqlar Bakıda yox, məhz mədəniyyət paytaxtımız Şuşada baş tutacaq. Hansı anlama gəlir bu?Birincisi, bu, dünyaya çox aydın və birmənalı mesaj olacaq ki, Qarabağın ürəyi sayılan Şuşa ermənilərin uydurduğunun tam əksinə olaraq qədim Türk yurdu, Türk şəhəridir. Demək, Qarabağ da bir Türk yurdudur və belə də əbədilik qalacaq. Buradaca yada salaq ki, az öncə Şuşada Türkiyənin fəxri konsulluğunun açılacağı haqda xəbərlər yayılmışdı. Daha nələr olacaq, yəqin ki, bunu da Şuşa danışıqlarından sonra biləcəyik.
Odur ki, hamı gözünü Şuşadan, bütövlükdə Qarabağdan çəksin. Yəni məsələ bitib, torpaqların gerçək sahibləri qayıdıb və kimsə də əbəs yerə cığallıq edib “qaşınmayan yerdən qan çıxarmağa” çalışmasın. Yoxsa altını ən çox elə özü çəkəcək. Çünki “Dəmir yumruq”, daima inkişafda olan Türkiyə-Azərbaycan hərbi müttəfiqliyi öz yerindədir.
İkincisi, Şuşada keçiriləcək Əliyev-Ərdoğan görüşləri status məsələsinin “gorbagor” olduğuna sonuncu möhürünü basaraq, erməni separatçı tör-töküntülərinə və xaricdəki revanşist-avantüstlərə böyük gözdağı olacaq. Eyni zamanda, özlərini yaxşı aparmaq üçün onlara çox ciddi, bəlkə də sonuncu ismarış xarakteri daşıyacaq. Nəhayət, bu, həmçinin “Hərə öz işini bilsin!” anlamına gələcək. Xüsusən də hələ də özünü məğlub ölkə kimi deyil, az qala qalib ədası ilə aparan və “status” ətrafında yeni məkrli oyunlar qurub böyük gücləri bölgəyə cəlb eləməyə çalışan Ermənistana, onu siyasi elitasına, qısası, kapitulyasiya edən ölkənin həm iqtidarına, həm də revanşist müxalifətə sərt xəbərdarlıq olaraq ünvanlanacaq.
*****
Başqa sözlə, “qatar” 7 aydır gedib və indi onun haqqında mələşmək, keçmişlə əlləşib vaxt itirmək yox, gələcək haqda, birgə əməkdaşlıq haqda düşünmək gərəkdir ki, Güney Qafqazda bir daha dağıdıcı müharibə olmasın. Hansının altını ki, hamıdan çox erməni xalqı çəkir.
Ancaq ən paradoksalı da odur ki, sülhdən indi ən az danışan yenə elə ermənilərdir. Ərdoğan isə məlum çıxışında bunu da söyləyib: “Dost və qardaş Azərbaycanın Türkiyənin də verdiyi dəstəklə işğal altındakı torpaqlarını azad etməsi Ermənistan da başda olmaqla, bölgədəki bütün tərəflərə yeni imkanlar açır”.Bu imkanlar haqda dönə-dönə deyilib və yazılıb. Söhbət Azərbaycan, Türkiyə, Rusiya, Gürcüstan, İran və Ermənistandan ibarət “Altılıq”, yaxud Azərbaycan, Gürcüstan və Ermənistandan ibarət “Üçlü” əməkdaşlıq formatlarından gedir. Sonuncu formatı Türkiyə lideri ötən həftə Ankarada səfərdə olan Gürcüstan baş naziri İrakli Qaribaşvili ilə görüşdə təklif edib.
Yəni İrəvan indiki mərhələdə müəyyən səbəblərdən Türkiyədən çəkinirsə, - hərçənd bunun üçün heç bir motiv gözə dəymir, - o zaman “üçlü” formatda da regional əməkdaşlığa qoşula bilər. Bununla da regionda iqtisadi əməkdaşlıq və inteqrasiyanın önü açılar, xalqlar arasında qarşılıqlı etimad tədricən bərpa olar, müharibə riski minimuma enər.
Əfsus ki, Ermənistanda bir çox dairələrə, eləcə də radikal erməni lobbisinə qurucu perspektivlər sərf eləmir. Sanki bu xalqın önündə gedənlər reallıq hissini tam itiriblər və öz xalqlarına qənim kəsiliblər...
******
“Ermənistanda parlament seçkilərinə iki həftə qalmış hiss etdim ki, orada bütün siyasətçilər bir-birinə bənzəyir. Ölkənin inkişafı və perspektivlərinə dair bircə işarə belə yoxdur. Yalnız total fikir böhranı və şüurun çöküşü var. Hər kəs ölkənin ölümü, ümidlər və ambisiyalar barədə bağırır, lakin heç kim gələcək üçün uyğun proqram təklif etməyə hazır deyil”.
Bunu məşhur rusiyalı tarixçi, ekspert Oleq Kuznetsov deyib (Axar.az).“Səbəbləri aydındır və bu haqda əvvəllər də demişəm. ”Üçüncü" Ermənistan Respublikası “miatsum” ideyasının reallaşması nəticəsində yaradıldı. Amma bu ideya ötən payızda Azərbaycan Ordusu tərəfindən darmadağın edildi, dərhal da ölkənin varlığının mənası itdi. İndi Ermənistanda çılğınlıqla “rus sualı”na cavab axtarılır: kimdir müqəssir? Amma heç kim bundan az məna kəsb etməyən ikinci sual haqda fikirləşmək istəmir: nə etməli?", - deyə politoloq vurğulayıb.
Onun qənatincə, Ermənistan bu gün gələcəyə baxmağa hazır deyil. “Bu da təəccüblü deyil, çünki ölkənin mövcud olduğu bütün illər ərzində intensiv şəkildə onun keçmişini qururdular. Buna görə də özləri üçün uydurduqları çoxəsrlik dövlətçilik tarixi boyunca ermənilər heç vaxt qabaqcadan düşünmək vərdişi yaratmayıblar. İndi isə onların zamanı ən azı bir il geri çəkmək istəklərini görürük. Bunu etmək mümkünsüzdür, amma İrəvanda çoxları bunu istəyir. Gələcəyə dair real baxış olmadığı zaman, bu mövzuda fikir müxtəlifliyi ola bilməz. İndi Ermənistanda hər kəs özünün və ölkənin gələcəyi haqda danışmaqdan qorxur. Ermənistan bu gün gələcəyə baxmağa hazır deyil”, - Kuznetsov əlavə edib.
Özləri bilər. Can onların, cəhənnəm Tanrının....
Siyasət şöbəsi,“Yeni Müsavat”