ATƏT-in sədri: Baş verənlər Cənubi Qafqazda regional əməkdaşlıq üçün həyati bir addımdır
14-06-2021, 09:21
ATƏT-in fəaliyyətdə olan sədri, İsveçin Xarici İşlər Naziri Ann Linde 15 erməni məhbusun Ermənistana qaytarılması və Ermənistanın minatəmizləmə işini asanlaşdıracaq məlumatların Azərbaycana təhvil verilməsini etimadın artırılması tədbiri kimi alqışlayır. Bu barədə ATƏT məlumat yayıb. "Bu vacib addımlar tərəfləri dialoqa, sabitliyə və hərtərəfli nizamlanmaya yaxınlaşdırır," o qeyd edib. "Gürcüstan və ABŞ hökumətlərinin oynadığı önəmli rolu, eyni zamanda Avropa İttifaqı Şurası Prezidenti ilə İsveçin ATƏT-ə sədrliyi arasında razılaşma ərəfəsində əla əməkdaşlığı yüksək qiymətləndirirəm. Baş verənlər Cənubi Qafqazda regional əməkdaşlıq üçün də həyati bir addımdır", - deyə o vurğulayıb. Vacib məsələlərin hələ də qaldığını qeyd edən Ann Linde həll olunmamış bütün məsələlərə hərtərəfli siyasi həll yolu tapmaq üçün Ermənistanı və Azərbaycanı qalan bütün saxlanılanları sərbəst buraxaraq, ATƏT-in Minsk Qrupu həmsədrlərinin himayəsi altında və ATƏT-in fəaliyyətdə olan sədrinin Şəxsi Nümayəndəsinin köməyi ilə yüksək səviyyəli danışıqları bərpa edərək bu müsbət addımları möhkəmləndirməyə çağırıb. İyunun 12-də Azərbaycan Xarici İşlər Nazirliyi bildirib ki, Ermənistanın Ağdam rayonu üzrə tank və piyada əleyhinə 97 min minanı özündə əks etdirən xəritələri Azərbaycan tərəfinə təqdim etməsi müqabilində, saxlanılan 15 nəfər erməni Azərbaycan-Gürcüstan sərhədində Gürcüstan nümayəndələrinin iştirakı ilə Ermənistana təhvil verilib. Məlumatı Ermənistan tərəfi də təsdiq edib. Ermənistanın Baş naziri vəzifəsini icra edən Nikol Paşinyan iyunun 12-də mübadilə faktını təsdiqləyib. Baş nazir Paşinyan Azərbaycanda saxlanılan 15 əsirin ölkəyə qaytarıldığını bildirib. Rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da döyüşlərin dayandırılması barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatdan sonra mina partlayışı nəticəsində Azərbaycanın 24 vətəndaşı həlak olub, yüzdən çox insan yaralanıb. Rəsmi məlumatlara görə, 2020-ci il noyabrın 10-da döyüşlərin dayandırılması barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladığı bəyanatdan sonra mina partlayışı nəticəsində Azərbaycanın 24 vətəndaşı həlak olub, yüzdən çox insan yaralanıb. Rəsmi statistikaya görə, ümumilikdə 2020-ci il də daxil olmaqla, Azərbaycanda 2439 nəfər müharibənin təhlükəli partlayıcı qalıqlarından zərər çəkib, onlardan 383 nəfər ölüb və 2056 nəfər yaralanıb. Azərbaycanın azad edilmiş ərazisində hazırda ermənilər yaşayan hissədə Rusiya Müdafiə Nazirliyi, azərbaycanıların yaşadığı hissədə isə Azərbaycan Minatəmizləmə Agentliyi, Azərbaycan, Rusiya və Türkiyə hərbi istehkamçıları minatəmizləmə işlərini həyata keçirir. Ekspertlərin fikrincə, azad edilmiş ərazilərdə yüz minlərlə mina var.