ABŞ prezidenti Cozef Bayden rusiyalı həmkarı Vladimir Putinlə görüş ərəfəsində onu “ağıllı, sərt və layiqli rəqib” adlandırıb. Virtualaz.org xəbər verir ki, Bayden bu haqda iyunun 14-də Brüsseldə keçirdiyi mətbuat konfransında danışıb.
Xatırladaq ki, daha əvvəl Bayden Rusiya prezidentini “qatil” adlandırmışdı və bu ifadə iki ölkə arasında onsuz da gərgin olan diplomatik münasibətləri bir qədər də gərginləşdirmişdi. Lakin Putin amerikalı həmkarına sərt cavab verməmişdi və ona “sağlamlıq arzuladığını” demişdi.
“Mən artıq onunla görüşmüşəm. (Bayden ABŞ vitse-prezidenti olarkən baş tutmuş görüş nəzərdə tutulur,-red.) O, ağıllı, sərt və mən deyərdim ki, layiqli rəqibdir”,-Bayden jurnalistlərin sualına cavab olaraq bildirib.
ABŞ prezidenti əlavə edib ki, Putinlə qarşıdakı görüşdə Amerika və Rusiya arasında mümkün əməkdaşlıq sferalarını müəyyənləşdirmək niyyətindədir. “Mən Putinin nəzərinə aydın şəkildə çatdırmaq istəyirəm ki, bizim əməkdaşlıq edə biləcəyimiz sahələr var”,-o deyib. Bayden Cenevrdədə baş tutacaq görüşü “kritik əhəmiyyətli sammit” adlandırıb.
Bundan əlavə Bayden qeyd edib ki, onun Rusiya prezidenti ilə görüşü indi yerinə düşür. Onun sözlərinə görə, NATO sammiti çərçivəsində görüşdüyü liderlər bu görüşü dəstəkləyib. “Əksəriyyəti, sammitin gedişində görüşdüyüm 10, yaud 12 lider təşəkkür etdilər və mənim onunla görüşəcəyimdən şad olduqlarını bildirdilər”,-Bayden deyib.
Bayden-Putin görüşü sabah iyunun 16-da Cenevrədə baş tutacaq. Bu, Baydenin prezident seçilməsindən sonra baş tutacaq ilk görüşdür.
Virtualaz.org