Ermənistan ərazisindən ikinci dəhliz açılacaq? - yeni gəlişmə

15-06-2021, 09:58   



Ermənistanın keçmiş müdafiə naziri, Robert Köçəryanın başçılıq etdiyi “Ermənistan” blokundan namizəd Seyran Ohanyan bildirib ki, Paşinyan hökuməti “şifahi razılaşma” əsasında İcevan-Berd və ya İcevan-Noyemberyan avtomobil yoluna nəzarəti Azərbaycan tərəfinə verəcək. Erməni KİV-lərinin xəbərlərinə görə, Ohanyan bunu Noyemberyanda seçicilər qarşısında təbliğat çıxışı zamanı deyib.
O, “son vaxtlar dolaşan şayiələrə” əsaslanıb. Bildirib ki, yolun Azatamut və Voskepar kəndlərindən keçən hissəsi Azərbaycanın nəzarəti altına düşəcək, özü də heç bir ilkin şərt olmadan. AzadlıqRadiosunun Ermənistan redaksiyasının hazırladığı reportajda da Zəngəzur istiqamətində Azərbaycanın möhkəmləndiyi deyilir. Əyalət rəhbəri bildirib ki, Azərbaycan Ordusunun bölükləri sürətlə irəliləyir. Erməni əhalinin bundan narahat olduğu deyilir.
S.Ohanyanın açıqladığı məlumat nə qədər həqiqətəuyğun ola bilər? Azərbaycanın öz dövlət sərhədlərini tam nəzarətə götürməsi bir çox hallarda Ermənistanda təxribatçı çıxışlarla müşayiət olunur. Bu baxımdan, Ohanyanın söylədikləri seçkiqabağı əhalini çaşdırmağa yönəlmiş məqsədyönlü yalandır, yoxsa Zəngəzur dəhlizi ilə yanaşı, Ermənistan ərazisindən ikinci yolun açılması da reallaşa bilər? Məlumdur ki, Ermənistan Zəngəzur dəhlizi əvəzinə Sover dövründə olan Qazax-İcevan-Culfa marşrutunun bərpasında təkid edir. Ohanyanın dedikləri bu planın tərkib hissəsi ola bilərmi?
Seyran Ohanyan: “İcevan-Berd yolu Azərbaycanın nəzarətinə veriləcək...”
Seyran Ohanyan
Siyasi şərhçi Asif Nərimanlının fikrincə, Ohanyanın dedikləri seçkiöncəsi təbliğata hesablansa da, burada həqiqət payı da var: “Çünki 10 noyabr razılaşmasında Naxçıvan Muxtar Respublikasını Azərbaycanla birləşdirən bir yox, iki dəhliz nəzərdə tutulur. Bunlardan biri Mehridən keçən Zəngəzur dəhlizidir, ikincisi isə muxtar respublikanı Azərbaycanın qərb rayonları ilə birləşdirəcək dəhlizdir. Üçtərəfli razılaşmanın 9-cu bəndində qeyd olunur ki, ”Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək". Bu cümlədən Zəngəzurdan iki dəhlizin olacağını anlamaq olmur, amma Prezident İlham Əliyev 2020-ci il 1 dekabr tarixində xalqa müraciəti zamanı ilk dəfə ikinci dəhlizin anonsunu verdi. Prezident bildirib ki, “...Tərəflərin razılığı əsasında Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası - bu məsələni tam və gələcəyə hesablanmış çərçivədə həll etmək üçün əlavə də bənd salındı. Yəni bu, nə deməkdir? O deməkdir ki, iki dəhliz olmalıdır. Əgər lazım olsa, iki dəhliz olmalıdır”.
POLİTOLOQ ASİF NƏRİMANLI: SƏRHƏDDƏ TƏXRİBATLAR GÖZLƏNİLƏN İDİ
Asif Nərimanlı: “Ohanyanın dedikləri ikinci dəhliz məsələsinin gündəmdə olmasından xəbər verir”
Hazırda Azərbaycan ərazisində Zəngəzur dəhlizinin inşası həyata keçirilir və bu ilin dekabr ayına qədər avtomobil yolunun başa çatdırılması planlaşdırılır. Daha sonra dəmir yolunun inşası başlanacaq".
Bəs ikinci dəhliz haradan keçə bilər? A.Nərimanlı iki variantın mümkün olduğu qənaətindədir: “Birincisi, Naxçıvan-Laçın istiqamətindən olması mümkündür. Naxçıvan-Gorus-Laçın-Şuşa-Xankəndi-Ağdam avtomobil yolunun inşasının gündəmdə olduğu haqda da məlumatlar var. İkincisi, Naxçıvan-İcevan-Qazax istiqamətində ola bilər. Bərpa edilməsi planlaşdırılan kommunikasiyalardan biri Qazax-İcevan yoludur. Bu yol Ermənistana çıxış üçün Rusiyanın xüsusilə marağındadır. Çünki Moskva Gürcüstan marşrutunun riskli olduğunu düşünür və Gürcüstan marşrutundan uzun olmasına baxmayaraq, bu marşrutun reallaşmasında maraqlıdır. Ermənistan Qazax-İcevan, yəni şimal dəhlizi üzərində dayanır, çünki burada əvvəllər dəmir yolu keçib və hazırda işlək vəziyyətdədir. Hərçənd bu istiqamətdə avtomobil yolunun inşasını istəmirdilər və bunu Gürcüstan yolundan 900 kilometr uzaq olmaqla əsaslandırırdılar. Lakin dediyim kimi, bu yol Rusiyanın marağındadır. Ohanyanın da dediklərinə istinad etsək, deməli, məsələ ilə bağlı proses gedir. Lakin bütün bunların Zəngəzur dəhlizinə maneə yaradacağını düşünmürəm, hətta Ermənistan istəsə belə. Hazırda Mehridən keçən Zəngəzur dəhlizinin inşası davam edir, digər tərəfdən, qeyd etdiyim kimi, Zəngəzurun şimalında ikinci dəhlizin olacağı nəzərdə tutulur. Ohanyanın iddia etdiyi avtomobil yolu bu dəhlizin bir hissəsi ola bilər”.
Vüsal Qasımlı: "Xarici borcun səmərəli istifadəsi prioritetdir" »  www.newscafe.az - Sizin xəbər kafeniz!
Vüsal Qasımlı: “Ermənistanın Zəngəzur dəhlizinə müqaviməti Azərbaycanın yaratdığı yeni geoiqtisadi reallıqda mənasızdır"
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin icraçı direktoru Vüsal Qasımlı Zəngəzur dəhlizinin arxa plana keçirilməsini real saymır. Onun sözlərinə görə,Zəngəzur dəhlizi təkcə Naxçıvanla Azərbaycanın qalan bölgələri arasında nəqliyyat imkanlarının açılması deyil, bütövlükdə Xəzər və Aralıq dənizi hövzələrinin, daha geniş mənada isə Cənub-Şərqi və Mərkəzi Asiya ilə Avropanın əlaqələndirilməsidir: “Vətən müharibəsində qələbəsi ilə geostrateji və geoiqtisadi əhəmiyyətini daha da artıran Azərbaycan Şərq-Qərb xəttinin üzərində Bakı-Tiflis-Qars və Zəngəzur nəqliyyat damarları ilə şaxələnməni həyata keçirir və böyük Avrasiya coğrafiyasının ”çeşidləmə mərkəzi"nə çevrilir. Suveyiş kanalında hadisə Çin və Avropa arasında quru nəqliyyatının əhəmiyyətini artırıb. Hazırda Çindən Avropaya gedən nəqliyyat vasitələrinin sayı artdıqca, əks istiqamətdə də nəqliyyat vasitələrinin işləməsinə ehtiyac yaranır ki, xərclər aşağı düşsün. Üstəlik, Zəngəzur dəhlizinə marağı artıran daha bir amil, Avrasiyada şimal quru yolu üzrə Polşa-Belarus sərhədində yaranan texniki və idarəetmə məhdudiyyətləri ilə bağlıdır. Azərbaycanın irəli sürdüyü Zəngəzur dəhlizi bu baxımdan Şərq-Qərb üzrə gündəlik milyardlarla dollar daşıma həyata keçirən kommersiya qurumlarına və onların maraqlarını müdafiə edən başda Çin və Avropa olmaqla, dövlətlərə sərfəlidir. İllik ticarət dövriyyəsi 2019-cu ildə 560 milyard avroya çatan Avropa İttifaqı və Çin Zəngəzur dəhlizi kimi alternativ marşrutlarda maraqlıdır. Eyni zamanda ticarət dövriyyəsi 6 milyard dollara çatan Türkiyə və Mərkəzi Asiya, həmçinin 21 milyard dollarlıq ticarət dövriyyəsinə sahib olan Çin və Türkiyənin perspektiv iqtisadi əlaqələri üçün Zəngəzur dəhlizi əhəmiyyətlidir. Hətta Zəngəzur dəhlizi Türkiyə-Rusiya iqtisadi əlaqlərinin də güclənməsinə imkanlar aça bilər".
İcraçı direktor bildirir ki, okeanlarda Kamçatkadan Malay yarımadasına qədər “birinci ada zənciri” ilə üzləşən, eyni zamanda coğrafiyasının qərb dərinliklərində daxili regionlarını inkişaf etdirmək istəyən Çin Orta dəhlizin üzərində yerləşən və diversifikasiya imkanı yaradan Zəngəzur marşrutunu dəstəkləyir: “Çin lideri Si Cinpin Azərbaycan Prezidenti İlham Əliyevə məktubunda deyirdi ki, ”"Bir kəmər-Bir yol" müştərək layihəsi üzrə ölkələrimizin əməkdaşlığı dərinləşməkdə davam edir... ikitərəfli dostluq və əməkdaşlıq münasibətlərinin daha da inkişaf etdirilməsi üçün Sizinlə birgə səylər göstərməyə hazıram. "Bakı dəniz limanını “yaşıl liman” olaraq qəbul edən Avropanın da Zəngəzur dəhlizində iqtisadi maraqları var. Yeri gəlmişkən, 2020-ci ildə COVİD-19 pandemiyasına baxmayaraq, Bakı limanının ticarət dövriyyəsi 20 faiz artıb. Həmin ildə aşırılan iri həcmli nəqliyyat vasitələrinin (TIR) və konteynerlərin sayı isə son 30 ilin rekord səviyyəsində olub. Aydınlıq üçün deyək ki, 2020-ci ildə “EU-China Express” yük qatarlarının daşıması əvvəlki illə müqayisədə 65  faiz artıb. Bakı limanında son 5 ilin göstəriciləri ilə müqayisədə TIR-ın aşırılmasında 5 dəfə, konteynerlərdə 3 dəfə, quru yük terminalında aşırılan yüklərin həcmində isə 3,5 dəfə artım qeydə alınıb".
V.Qasımlının sözlərinə görə, Ermənistanın dəmiryollarına nəzarət edən Rusiyanın Cənubi Qafqaz Dəmiryolu Şirkəti də Zəngəzur dəhlizində kommersiya baxımından maraqlıdır: “Ermənistandan İrana 3,5 milyard ABŞ dollarına başa gələcək bahalı dəmiryol xəttinin çəkilməsində marağı olmayan rəsmi Tehran üçün də ”Zəngəzur dəhlizi" yeni nəqliyyat imkanları açdığına görə iqtisadi baxımdan faydalıdır".
“Nobel laureatı Pol Kruqmanın ”Kanada özündən çox ABŞ-a yaxındır" ifadəsi bizim regiona tətbiq edilsə, “Ermənistan özündən çox Azərbaycana yaxındır” deyilə bilər". Bu mülahizəni irəli sürən Vüsal Qasımlının fikrincə, Ermənistanın 1570 kilometrlik dövlət sərhədinin üçdə ikisi Azərbaycanladır, hətta yerdə qalan 1/3 uzunluqda sərhədin də yarısından çoxu Azərbaycanın müttəfiqi Türkiyə ilədir: “Ermənistanın qonşulara ərazi iddiası səbəbindən sərhədlərinin 83,2 faizi qapalıdır. Ermənistanın sanksiyalara məruz qalmış İranla 44 kilometrlik sərhədi məhdud ötürücülük imkanlarına malikdir, Gürcüstan üzərindən əsas ticarət tərəfdaşı Rusiyaya yeganə çıxış yolu sayılan ”Yuxarı Lars" keçid məntəqəsinin mövsümi amillər də nəzərə alınmaqla potensialı aşağıdır. Buna görə də Sinqapur möcüzəsinin atası sayılan Li Kuan Yunun dediyi kimi, “qonşularla döyüşmək yox, ticarət etmək lazımdır”. Zəngəzur yolunun açılması ilə Ermənistan dalana dirənən iqtisadiyyatı üçün müəyyən perspektivlər aça bilər. Ermənistanın Zəngəzur dəhlizi üzrə müqaviməti Azərbaycanın yaratdığı yeni geoiqtisadi reallıqda mənasızdır". 
Dünya SAKİT,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.