“RUSİYA BU BÖLGƏNİ BEZDİRİB...” - “Son hadisə göstərdi ki, Rusiyanın bölgədəki proseslərə təsir rıçaqları azalıb”

15-06-2021, 13:21   





Qabil Hüseynli: “Koçaryan hakimiyyətə gəlsə də belə, onun rusların tapşırığını yerinə yetirmək imkanı olmayacaq”

“Baş verən hadisə göstərdi ki, Cənubi Qafqaz heç də Rusiyanın “arxa bağçası” deyil”
Cənubi Qafqazda Rusiyanın II Qarabağ müharibəsindən sonra oynadığı rola alternativ konfiqurasiya ortaya çıxmaqdadır. Belə ki, iyunun 12-də Gürcüstanın vasitəçiliyi ilə rəsmi Bakı 15 erməni hərbçisini geri vermək qarşılığında Ağdamın minalanmış ərazilərinin xəritəsini İrəvandan alıb.
İşin maraqlı tərəfi odur ki, bu proses ABŞ dövlət katibinin Avropa və Avrasiya məsələləri üzrə köməkçisi vəzifəsini icra edən Filip Rikerin Cənubi Qafqaz səfəri nəticəsində baş verib və ən əsası da bu razılaşmanın əldə olunmasında Rusiyanın hər hansı bir rolunun olmamasıdır.
“AzPolitika.info” bu mövzu ətrafında sabiq dövlət müşaviri, politoloq Qabil Hüseynli ilə söhbətləşib:
- Azərbaycanla Ermənistan arasında baş tutan razılaşma sayəsində Bakı 15 ermənini geri qaytardı və əvəzində İrəvandan Ağdamın minalanmış ərazilərinin xəritəsini aldı. Rusiyanın iştirakı olmadan baş tutan yeni formatı necə qiymətləndirirsiniz və bu, davamlı proses ola bilərmi?
- Hesab edirəm ki, bu, tamamilə yeni və həm də orijinal prosesdir. Bölgə xalqları sanki özləri əkir, özləri də biçirlər. Kənardan kimsənin təsiri olmadan məsələlərin həllilə bağlı təşəbbüs göstərir və ilk təşəbbüs uğurlu olur. Gürcüstanın bu işdəki iştirakı göstərir ki, Tiflis bölgədə regional sülhün və əməkdaşlığın yaradılması işinə girişib. Məncə, bu istiqamətdə Tiflisin atdığı addımlar həm alınır, həm də tərəflər bunu razılıqla qarşılayırlar.
Bu, Rusiya tərəfindən qıcıqla qarşılansa da, zənnimcə, ABŞ və Avropa ölkələri tərəfindən təqdir olunur. Belə bir şəraitdə Gürcüstanın diplomatik vasitəçiliyinin ərsəyə gəlməsi və mexanizm kimi işə düşməsi, davamı olaraq yeni həmlələrin baş verməsi və xəritələrin tam alınması məncə, Tiflisin səyləriılə baş tuta bilər. Bu da tarixə düşəcək hadisə kimi bölgədə sülhün yaradılması işinə layiqli töhfə olar.
- Burada məsələnin maraqlı cəhəti razılaşmanın ABŞ dövlət katibinin müavininin regiona səfəri çərçivəsində baş tutmasıdır. Sizcə, belə bir uğurlu prosesin Rusiyasız getməsi nəyin təzahürüdür?
- Kənardan baxanda bu, ABŞ-ın tərəfləri sülh üçün ruhlandırması kimi yozula bilər. Ancaq diqqəti Rusiyanın bu bölgədə kifayət qədər yanlışlıqlara yol verməsinə və bu yanlışların davam etməsinə yönəltmək daha doğru olardı. Rusiya bu bölgəni bezdirib desək, səhv etmərik.
Ermənistanın özü də Rusiyanın hərəkətlərindən doyub. Son hadisə göstərdi ki, Rusiya bu bölgədə avtoritet sahibi deyil, proseslərə təsir etmək rıçaqları azalıb və azalmaqda davam etməkdədir. Bu məsələ postsovet məkanında mövcud olan münaqişə ocaqlarına yeni bucaq altında baxmağa vadar edir. Yəqin ki, BMT başda olmaqla digər beynəlxalq qurumlar da baş verən hadisənin praktiki əhəmiyyətini nəzərə alaraq, hərəkət etməli olacaqlar.
- Buna qədər belə təəssürat vardı ki, Rusiya MDB məkanında bütün münaqişələri monopoliyaya alıb və onsuz heç nə baş verə bilməz. Ancaq son hadisələr sanki Rusiyanın iştirakı olmadan da bölgədə müəyyən addımların atıla biləcəyini və hər şeyin heç də Moskvanın monopoliyasında olmadığını ortaya qoymurmu?
- İndiyə qədər Cənubi Qafqaz Rusiyanın “arxa bağçası” da adlandırılırdı. Amma baş verən hadisə göstərdi ki, heç də hər şey belə deyilmiş. İstənilən vaxt bu ölkələr Rusiyanın təsir dairəsindən çıxa, müstəqil hərəkət edə və Rusiyanın Cənubi Qafqazda mövqeyini zəiflədə bilərlər. Bu gün Azərbaycan tam müstəqil siyasət aparır. Eyni fikri Gürcüstana da aid etmək olar. Əgər Nikol Paşinyan seçkilərdə qələbə qazanarsa, buna bənzər proseslər İrəvanda da gedə bilər. Getməsə belə, Ermənistan da bundan sonra əvvəlki illərdə olduğu kimi Rusiyadan tam asılı vəziyyətdə siyasət aparmayacaq. Üzünü bir çox hallarda Qərbə doğru çevrirəcək və onun bölgəyə münasibətindən bəhrələnməyə çalışacaq.
- Son proseslə bağlı şimal qonşumuz hansı əks addımlar ata bilər?
- Rusiya belə məsələlərdə o qədər şablon addımlar atıb ki, artıq hamı Rusiyanın cavab tədbirləri haqqında düşünür. Amma bölgədə Türkiyənin olması Azərbayanı Rusiyanın təzyiq və şantajından xilas edir. Eyni sözü əslində, Gürcüstan haqqında da demək olar. Ermənilərin necə hərəkət edəcəkləri isə başqa mövzudur. Əgər erməni xalqı Paşinyana səs verəcəksə, bu şəxs də tədricən öz ölkəsinin sükanını Qərbə doğru yönəltməyə başlayacaq və bölgədə Rusiyanın təsirlərini azaldan tədbirlər görəcək. Düzdür, Ermənistan və Rusiya münasibətləri xüsusi xarakter daşıyır, Ermənistan hər zaman forpost rolunu oynayıb. Odur ki, Ermənistanı Rusiyanın ağuşundan çıxarmaq hələ ki, çətin olacaq. Ancaq bölgədə Azərbaycan və Gürcüstanın Türkiyə ilə birlikdə hərəkət etmələri regionda qüvvələr nisbətinə ciddi sürətdə təsir göstərəcək.

- Müharibənin başa çatmasından keçən 7 ayda Moskva minalanmış ərazilərin xəritəsini Ermənistandan alıb Azərbaycana vermək üçün heç bir təsirli addım atmadı. Bundan sonra ruslar xəritə məsələsində canlanma yarada bilərmi?
- Mən bunu gözləmirəm. Üzdə ola bilsin sevindiklərini göstərə və son razılaşmanı Mariya Zaxarovanın dili ilə alqışlaya bilərlər. Amma bölgədə vəziyyətin gərgin qalması, qarşıdurma meyllərinin daha da artması Rusiyanın strateji maraqlarına cavab verən vəziyyətdir. Ruslar hər vəchlə çalışacaq ki, Robert Koçaryan kimiləri hətta saxta seçkilər vasitəsilə olsa belə, hakimiyyətə gətirsin. Bununla da bölgə yenə münaqişə ocağına çevrilsin. Ancaq Koçaryan hakimiyyətə gəlsə belə, onun rusların tapşırığını yerinə yetirmək imkanı olmayacaq. Nikol Paşinyan birinci şəxs olmasa da, parlamentin ən güclü fraksiya lideri kimi qala bilsə, Koçaryanı sıxışdıracaq və ciddi səhvlərə yol verməyə məcbur edəcək. Həm də aydındır ki, Koçaryan özü üçün ən pis ssenaridə təkbaşına hökumət formalaşdıra bilməyəcək, ən yaxşı halda isə koalisiya hökuməti qura bilər.
Unutmayaq ki, Koçaryanın boynunda 2008-ci ilin martında 11 nəfər dinc erməninin güllələnərək öldürülməsi məsuliyyəti qalır. Eləcə də 1999-cu ilin 27 oktyabrında Ermənistan parlamentinin güllələnməsi, bir neçə erməni siyasətçinin öldürülməsi də Koçaryanın boynundadır. Yəni bu adam təkcə azərbaycanlıların qanını tökməyib. O, ermənilərə qarşı da cinayətlər törədib. Məncə bu, gec-tez gündəmə gələcək. Yəni bu məsələ Ermənistanda aktuallığını qoruyub saxlayacaq. Əgər Paşinyan böyük səslə seçkidə qələbə qazana bilsə, Koçaryan mümkündür ki, yenidən həbsxanaya gedəcək.
- Ermənistan Ağdamın minalanmış xəritəsini Azərbaycana verməklə göstərdi ki, onda digər rayonlarımızla da bağlı belə xəritələr var. Belə yanaşma var ki, bundan sonra ermənilər həmin xəritələri Bakıya verməyə məcbur olacaqlar. Sizcə, bu yanaşma doğrudurmu?
- Ağdamın minalanmış ərazilərinin xəritəsinin Bakıya verilməsi o deməkdir ki, bu proses davam etməlidir. Əvvəla, qadağan edilmiş mina növləri var. Xüsusilə, beynəlxalq konvensiya piyadalar əleyhinə minalardan istifadəni qadağan edir. Tank əleyhinə minalar hələlik istifadə edilsə də belə, bu, beynəlxalq humanitar təşkilatlar tərəfindən daim tənqid edilir. İndi belə xəritələrin mövcudluğu göstərdi ki, onun Azərbaycana verilməməsi Ermənistan üzərində böyük məsuliyyət yaradacaq. Güman edirəm ki, diversantların yerdə qalan hissəsi bütün işğaldan azad edilən ərazilərin mina xəritələri ilə əvəz oluna bilər.
- Necə düşünürsünüz, ABŞ-ın kənardan dəstəyi və Gürcüstanın fəal vasitəçiliyi sayəsində iyunun 12-dən başlanan proses davam edəcək, yoxsa regionda sabitliyin olmasını istəməyən güclər tərəfindən dayandırılacaq?
- Bu proses yeni başlayıb. Rusiya çalışır ki, Mİnsk Qrupunu yenidən canlandırsın. Reallıqda isə başqa bir status-kvo formalaşır. Bu status-kvo Minsk Qrupuna etimad üzərində qurula bilməz. Məsələn, Azərbaycan Fransanın son hərəkətlərindən dolayı onun vasitəçiliyini qəbul etməməlidir. Eləcə də bütövlükdə Minsk Qrupunun özünü. Bu saat Ermənistanla Azərbaycan arasında sülhyaratma prosesi getməlidir. Bu posesdə bölgə ölkəsi olan Gürcüstanın vasitəçiliyi Minsk Qrupunun vasitəçiliyindən daha effektiv ola bilər. Çünki Gürcüstan özü də belə bir problemin içindədir. Bu mənada proses davam etməlidir.
Rasim Əliyev
“AzPolitika.info”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.