Hokm.az xəbər verir ki, Gələcək Azərbaycan Partiyasının sədri Ağasif Şakiroğlu son zamanlar aktual mövzu olan yol polisi və onun fəaliyyəti haqqında sərt bəyanatla çıxış edib.
Sosial şəbəkə hesabında paylaşılan statusu sizlərə olduğu kimi təqdim edirik:
“Yol polisi sistemində korrupsiya və rüşvətxorluq baş alıb gedir. Daxili İşlər Nazirliyi hara baxır?
Heç kəsə sirr deyil ki, polis polkovniki Rəşid Piriyevin rəhbərlik etdiyi Bakı Şəhər Baş Polis İdarəsinin Dövlət Yol Polisi İdarəsində nələr edilir… Bu, biyabırçılıqlara nə zamana qədər dözməliyik?
DYP-də bazar prinsipi ilə alver gedir. Lazımdırsa, video faktları yayaq… Bütün bunlar baş verdiyi halda, bir neçə gün öncə, Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, polis general-mayoru Ramiz Zeynalovun daxili işlər orqanlarında xidmət müddəti bir il artırılıb. Zeynalov 27 ildir ki, vəzifədədir. Bu nə deməkdir? Onu əvəzləyəcək kadr yoxdurmu?
Ən əsas məsələlərdən biri də sürücülük vəsiqələrinin verilməsi ilə bağlıdır. Açıq şəkildə alver gedir. Vəsiqələrin verilməsi üçün ən azı 1050 manat tələb edilir. Avtomobil sürə bilməsən də, pulunu verirsən, alırsan. Deputat Müşfiq Cəfərov da bu məsələni Milli Məclisdə qaldırmışdı. Əlbəttə ki, vəsiqələrin bu cür bazar prinsipləri ilə satılması kütləvi qəzalara səbəb olur. Hər il yol qəzalarında neçə insan həlak olur?!
Avtomobillərin texniki baxış prosedurunu da alver predmetinə çeviriblər. Təsəvvür edin, 35 ilin avtomobili üçün 65 manat ödəməklə texniki baxış “həll edilir”. İslahat dalğası bu sahədən yan keçməməlidir. Axı nə vaxtadək Daxili İşlər Nazirliyi Baş Dövlət Yol Polis İdarəsi “Ramiz Zeynalova filankəslə qudadır, Rəşid Piriyev filankəsin yaxın dostudur” prinsipi ilə idarə ediləcəkdir?!
Düşünürəm ki, nömrə satışı və sürücülük vəsiqəsinin verilməsi səlahiyyəti “ASAN Xidmət”ə verilməlidir… Bu gün baş verən biyabırçılıqlar yalnız və yalnız bu halda durdurula bilinər…”
Hokm.az