Bəzi “kiçik məsələlərdə” razılığa gələ biliblər, amma... - BAYDEN-PUTİN SAMMİTİNDƏ QARABAĞDAN DANIŞILMADI?

17-06-2021, 09:50   


Dünən Cenevrədə dünyanın diqqətlə izlədiyi Rusiya-ABŞ sammiti bu iki böyük dövlət arasında kəskin ziddiyyətlərin aradan qaldırılması ilə nəticələnməyib, amma xeyli gərin keçən danışıqlardan sonra tərəflər hər halda “bəzi kiçik məsələlərdə” anlaşma əldə etdiklərini deyirlər.
Virtualaz.org xəbər verir ki, Qərb və Rusiya mediası dünəndən bəzi bu sammitin yekununda prezidentlərin və onların sözçülərinin verdikləri bəyanatlar əsasında nələrin baş verdiyi haqda təxminlər yürütməyə çalışırlar. Görünən odur ki, Cozef Bayden və onun rusiyalı həmkarı Vladimir Putin ciddi anlaşma əldə etməsələr də hər halda münasibətləri indikindən daha da gərginləşdirməmək barədə ümumi qənaətə gəliblər.
 
ABŞ və Rusiya prezidentləri Cozef  Bayden və Vladimir Putin bəyan ediblər ki, ilk görüşləri zamanı bir sıra kiçik məsələlərdə ortaq məxrəcə gələ biliblər. İyunun 16-da Cenevrədə keçirilən üç saatlıq görüşdən sonra Bayden bildirib ki, müzakirələr bəzi hallarda son dərəcə gərgin olub. Öz növbəsində Putin deyib ki, o bu söhbəti “konstruktiv və təcrübəli partnyorla praqmatik danışıqlar” kimi qiymətləndirir.
Görüşün yekunu olaraq qəbul edilmiş birgə bəyanatda deyilir: "Biz, BirləşmişŞtatların prezidenti Cosef R. Bayden və Rusiya Federasiyasının prezidenti Valdimir Putin qeyd edirik: BirləşmişŞtatlar və Rusiya nümayiş etdirdilər ki, hətta gərginlik zamanlarında da strateji sferada proqnozlaşdırmanın təmin edilməsi, silahlı münaqişələrin və nüvə müharibəsi hədəsinin qarşısının alınması kimi ortaq məqsədlərdə tərəqqiyə nail ola bilirlər.
Sammitin ardınca keçirdiyi mətbuat konfransında (rusiyalı jurnalistlər bu mətbuat konfransına buraxılmamışdı) Bayden bildirib ki, Putinin hərəkətləri onun ölkəsinin dünya səhnəsindəki mövqeyini sarsıdır. ABŞ prezidenti deyib ki, Rusiya nəyin bahasına olursa olsun böyük dünya gücü olaraq qalmağa çalışır.

Bayden bu görüşdə Rusiyada Aleksey Navalnının işi də daxil, insan haqlarının vəziyyəti məsələsini məxsusi olaraq qaldırdığını deyib. Jurnalistlərdən biri Baydenə Putinin Aleksey Navalnı kimi opponentləri yanvarın 6-da Konqres binasına hücum edənlərlə müqayisə etdiyini xatırladıb. Bayden bunun “axmaq müqayisə” olduğunu deyib. ABŞ prezidenti vurğulayıb ki, silahlı qaragüruhun Konqresə basqını ilə, insanların azad və ədalətli seçki tələbi ilə nümayiş keçirməsi arasında böyük fərq var.
ABŞ prezidenti bildirib ki, Amerika “ideyalar üzərində qurulmuş” bir ölkədir və bu ölkədə “demokratik legitimlik” hökumətdən yox, xalqdan gəlir və buna görə də Amerika insan haqları məsələsini qaldırmaqda daim davam edəcəkdir. Bayden Ukrayna barədə suallara cavab verərkən deyib ki, o bu görüş zamanı ABŞ-ın Ukraynanın suverenliyini və ərazi bütövlüyünü dəstəklədiyini deyib. ABŞ prezidenti görüşün ümumi tonunu “pozitiv” olaraq qiymətləndirib.

Bayden habelə jurnalistlərdən birinin Putinlə bu görüşdə kibertəhlükəsizlik məsələsini qaldırıb-qaldırmaması, Rusiyadan ABŞ-ın həyati infrastrukturuna hücum olarsa, administrasiyanın necə cavab verəcəyi barədə sualına cabab verərkən deyib: “Mən ona başa saldım ki, bizim əhəmiyyətli kiberqabiliyyətimniz var və o bunu bilir. Mən dedim ki, onlar əgər təməl normaları pozsalar biz cavab verəcəyik”.
Bayden bildirib ki, o Rusiya prezidentinə həyati ifrastrukturun 16 həssas vahidinin siyahısını verib və bunların istər kiber, istərsə də başqa hücumlardan istisna olunmalı olduğunu deyib. ABŞ prezidenti əmin olduğunu bildirib ki, Putin onun xəbərdarlıqlarına qulaq asacaq: “Düşünürəm ki, onun indi ən az istədiyi soyuq müharibədir.
Co Bayden habelə Putinlə görüşün zəruriliyinə haqq qazandırıb. O deyib ki, üzbəüz danışığın alternativi yoxdur. ABŞ prezidenti deyib ki, Putinə iki tərəf arasında “yol hərəkətinin təməl qaydaları” müəyyənləşdirilməli və buna əməl edilməli olduğunu da deyib. İki lider İranla bağlı birgə işin mümkünlüyünü, ABŞ qoşunlarının Əfqanıstandan çıxarılmasını da müzakirə ediblər.
Media xəbərlərində deyilir ki, Bayden Putinə iki hədiyyə verib. Bunlardan biri onun özünün də xoşladığı Aviator eynəyi, digəri isə Amerika bizonunun büllur fiquru idi. Co Bayden Putinin “qəlbi olmaması” barədə 2011-ci ildə verdiyi şərh barədə suala cavab verməyib.
Prezident Co Bayden rusiyalı həmkarı ilə danışıqlarda AzadlıqRadiosunun Rusiyadakı işinin əngəllənməsi və jurnalistlərin qısnanması məsələsini də qaldırıb. Bunu Vladimir Putin görüşdən sonra keçirdiyi mətbuat konfransında deyib. O bildirib ki, Rusiyada “xarici agent” elan edilmiş Amerika mediası Rusiya qanunvericiliyinə tam əməl etmir. Rusiya prezidenti vurğulayıb ki, Rusiyada bu medialar “xarici agent” siyahısına ABŞ-da Rusiyanın RT telekanalı “xarici agent” elan edildikdən sonra salınıb.
Putin əlavə edib ki, AzadlıqRadiosunun Rusiyadakı işi ilə bağlı situasiyanı Xarici İşlər Nazirliyi vasitəsilə “yoluna qoymaq” mümkün ola bilər. O məsələnin xırdalıqlarına varmayıb. Vladimir Putin ABŞ prezidenti Co Baydenlə görüşünün dərhal ardınca keçirdiyi mətbuat konfransında danışıqların “xeyli konstruktiv” olduğunu, “düşmənçiliyin” olmadığını bildirib.O deyib ki, tərəflər səfirlərin Vaşinqton və Moskvadakı vəzifələrinə qayıdacaqlarına dair razılıq əldə ediblər.
Putin suallara cavab verərkən bildirib ki, iki prezident kibertəhlükəsizlik məsələlərini ayrıca müzakirə etmək barədə razılaşıblar.Rusiya prezidenti dövlət orqanlarının kiberhücumlarla əlaqəsini inkar edib və deyib ki, Rusiya da kiberhücumlara məruz qalır.
Putin bildirib ki, danışıqlarda nüvə silahlarına nəzarətə dair müqavilənin müzakirəsinin uzadılmasına dair razılıq ifadə olunub. Rusiya prezidenti deyib ki, tərəflər habelə Rusiya və ABŞ-da məhbus olan vətəndaşların mübadiləsi barədə müzakirələri istisna etmirlər.
Putin Qərbin onun ölkəsini “düşmən” adlandırmasından gileylənib. Rusiyada Aleksey Navalnı və müxalifətə qarşı repressiyalar barədə suala cavab verərkən Putin deyib ki, Navalnı ölkə qanunlarını bilərəkdən və dəfələrlə pozub.Putin bu suala cavab verərkən mövzunu xeyli geniş müstəviyə çıxarıb və bildirib ki, ABŞ-da da atışmalar və ölənlər olur.
Ukrayna barədə suallara cavab verərkən Rusiya prezidenti deyib ki, buradakı münaqişənin Minsk razılaşmaları əsasında həll olunmalı olduğunu Moskvanın opponentləri də qəbul edirlər, amma rəsmi Kiyev Minsk razılaşmaları ilə heç bir bağlılığı olamayan yeni danışıq çərçivəsi istəyir. Putin adını çəkməsə də, 2014-cü ildə Ukraynada seçkili prezidentin devrilməsini və bunun heç də stabillik gətrimədiyini vurğulayıb.
Qeyd edək ki, sammitdən əvvəl Baydenlə Putinin Qarabağ mövzusunu da müzakirə edəcəkləri haqda xəbərlər yayılmışdı. Lakin belə müzakirələrin olduğu barədə hələlik heç bir informasiya yoxdur, prezidentlər özləri də keçirdikləri mətbuat konfransında bu haqda heç nə deməyiblər.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.