Şuşa Bəyannaməsi geopolitik tarazlıq yaratdı və regionda sürətli inkişaf prosesinin önünü açdı; Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Rusiyanın strateji tərəfdaşlığına aparan yol məhz Zəngəzur dəhlizindən keçir...
Cənubi Qafqazda yeni mərhələ qaşılmazdır. Əslində, artıq yeni dövr vaşlayıb. 44 günlük savaşın nəticələri bu region üçün fərqli inkişaf perspektivləri açıb. Və bu perspektivləri bloklamaq istətənlər olsa belə, artıq gecdir.Bundan sonra Cənubi Qafqaz fərqli geopolitik şərtlərin təsiri altına olacaq. Həmin geopolitik şərtlərin arxasında olan hərbi-siyasi potensial qarşısıalınmaz xarakter daşıyır. İflasa uğramış “xəyallar” ilə yaşayanlar üçün indi ən doğru yol mövcud situasiya ilə barışmaqdır. Əks halda, yeni inkişaf perspektivlərindən məhruz olaraq, “qaranlıq geopolitik quyu”dan boylanmaq taleyi ilə üzləşə bilərlər.
Şuşa Bəyannaməsi isə ümumiyyətlə, Cənubi Qafqazda qüvvələr nisbətini tamamilə dəyişdi. Geopolitik tarazlığın şəriksiz siyasi iradə mərkəzi dəqiqləşmiş oldu. İndi regionun gələcək taleyi, bütün geosiyasi, geoiqtisadi və geostrateji layihələr məhz həmin siyasi iradə mərkəzinin əlində cəmləşdi.
Türkiyə 44 günlük savaşdan sonra Cənubi Qafqazda əsas və güclü geopolitik oyunçulardan birinə çevrilmişdi. Azərbaycanla imzalanan Şuşa Bəyannaməsindən sonra Türkiyə artıq öz regional statusunu birmənalı şəkildə həm hüquqi, həm də siyasi cəhətdən rəsmiləşdirdi. Və Türkiyənin Cənubi Qafqaza siyasi-hüquqi müstəvidə yerləşmə prosesi yekunlaşmış oldu.
İndi Cənubi Qafqazla bağlı istənilən geopolitik prosesdə rəsmi Ankara baş rolda çıxış edəcək. Rusiyanın ənənəvi regional hegemoniya dövrü sona çatdı. Türkiyənin Azərbaycan üzərindən regiona yerləşməsi geopolitik tarazlığı təmin etdi.
Azərbaycanın suverenliyi və təhlükəsizlik maraqları qarantiya altına alınmış oldu. Şuşa Bəyannaməsində Qars müqaviləsinə edilən vurğu da məhz bütün dünyaya bunun açıq mesajıdır. Yəni, bundan sonra son 30 ildə olduğu kimi, Azərbaycanın milli maraqlarına aid olan məsələlər başqalarının mənafeləri üzərindən müzakirə edilməyəcək. Çünki Türkiyənin yeni regional statusu buna imkan verməyəcək.
Şuşa Bəyannaməsindən çıxarılacaq ən önəmli nəticə odur ki, Azərbaycan və ümumiyyətlə, Cənubi Qafqaz regionu NATO dövləti olan Türkiyənin hərbi-siyasi iradəsi ilə qarantiya altına alındı. Ona görə də, indi Cənubi Qafqazın gələcək inkişaf perspektivləri ilə bağlı daha prinsipial geopolitik layihələrin işə salınması qarşısında elə bir ciddi əngəl qalmamış kimi görünür. Və bunun ilkin əlamətləri artıq indidən müşahidə edilməkədir.
Məsələ ondadır ki, beynəlxalq siyasət məkanında cərəyan edən proseslər də Cənubi Qafqazda baş verənlərə paralellik təşkil edir. Bayden-Putin və Bayden-Ərdoğan görüşlərinin nəticələri Cənubi Qafqazda fərqli tərəfdaşlıq istiqamətləri açmağa başlayıb. Çünki hər iki görüşdə anlaşma əldə olunmadı.
Son vaxtlara qədər ABŞ-Türkiyə münasibətlərində olan gərginlik rəsmi Ankaranı Rusiya ilə daha sıx tərəfdaşlığa sövq edirdi. Nəticəsiz yekunlaşan Bayden-Putin görüşündən sonra bu istiqamətdə də tarazlıq yaranıb. Çünki ABŞ-Rusiya qarasında qarşıdurma mühitinin hələ uzun müddət davam edə biləcəyi istisna deyil.
Ona görə də, indi artıq Rusiya da Türkiyə ilə daha strateji tərəfdaşlıqda maraqlıdır. Bu yeni reallıq bir çox beynəlxalq məsələlərdə olduğu kimi, Cənubi Qafqazda da Türkiyə və Rusiyanı ortaq maraqlar üzrə əməkdaşlığa sövq edir. Və bu, Rusiyanın Azərbaycana daha sərfəli mövqeyə meyllənməsini şərtləndirə bilər.
Maraqlıdır ki, Şuşa Bəyannaməsinin imzalanma mərasimində Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bu yeni situasiyanın anonsunu vermişdi. O, çox qısa şəkildə prezident Vladimir Putinin də Cənubi Qafqazda geoiqtisadi layihələrin, xüsusilə də, Zəngəzur dəhlizinin reallaşmasında maraqlı olduğuna eyham vurmuşdu.
Türkiyə prezidenti R.T.Ərdoğan bu mövzuya son açıqlamasında yenidən qayıdıb. O, bildirib ki, Türkiyə və Azərbaycan Zəngəzur dəhlizi layihəsinin baş tutmasında maraqlıdır: “Rusiya prezidenti V.Putinin Zəngəzur dəhlizi layihəsinin icrasını gecikdirməyə və yaxud əngəlləməyə çalışacağını düşünmürəm. Əksinə, bu layihə Rusiya üçün də cəlbedicidir və prezident V.Putin tərəfindən dəstəkləndiyini düşünürəm. Yaxınlarda prezident V.Putinlə də görüşəcəyik”.
Belə anlaşılır ki, Türkiyə prezidenti Kreml sahibinin Zəngəzur dəhlizi ilə bağlı mövqeyini təxmini də olsa, bilir. Ən əsısa prezident V.Putinin Zəngəzur dəhlizinin reallaşdırılmasına münasibəti müsbətdir və bu, Rusiyanın maraqlarına da cavab verir. Və bu baxımdan, Ərdoğan-Putin görüşündə bu məsələ ilə bağlı yalnız konkret detallar müzakirə edilə bilər.
Əgər, Zəngəzur dəhlizinin reallaşdırılması üzərində ümumi anlaşma əldə olunarsa, bu, həm də Türkiyə, Azərbaycan və Rusiya arasında yeni geopolitik tərəfdaşlığa yol aça bilər. Hər halda, Kremldə Rusiyanın Cənubi Qafqaz üzərində siyasi iradəsinin qorunmasında birbaşa maraqlıdır. Buna nail olmaq üçün isə Rusiyanın regionda əsas geopolitik layihələrə şərik olması önəmlidir. Əks halda, yalnız hərbi faktorlar üzərindən regionda öz təsir gücünü saxlamaq Rusiya üçün çox çətin ola bilər.
Bütün bunları nəzərə aldıqda, Cənubi Qafqazda yeni şərtlər daxilində “Zəngəzur İttifaqı”nın yarana biləcəyi qətiyyən istisna deyil. Azərbaycan, Türkiyə və Rusiyanın timsalında yaranacaq bu ittifaqda Ermənistanın rolu isə yalnız Zəngəzur dəhlizində tranzit ölkə kimi iştirakla məhdudlaşa bilər. Və bu baxımdan, regionun gələcək taleyini dəyişə biləcək proseslərin başlamaq üzrə olduğu artıq qətiyyən şübhə doğurmur.
Göründüyü kimi, Cənubi Qafqazda Azərbaycan, Türkiyə və Rusiyanın strateji tərəfdaşlığına aparan yol məhz Zəngəzur dəhlizindən keçir. Əgər, baş tutarsa, Ermənistanın və ümumiyyətlə, regionun gələcək taleyi yeni yarana biləcək üçlər ittifaqından asılı olacaq.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
“Yeni Müsavat” Media Qrupu