İyunun 18-də İran yeni prezidentini seçəcək.Dövlət başçısı postuna yeddi namizəddən ən şanslısı Ali Məhkəmənin sədri İbrahim Rəisi hesab edilir. Hətta bəzi ekspertlər Rəisinin artıq prezidentlik məsələsinin həll olunduğunu bildirir.
Çünki o, İranın Ali Rəhbəri Ayətullah Seyid Əli Xameneyiyə yaxın mövqeyi ilə tanınır. Bundan başqa, ultramühafizəkar siyasi qanadın nümayəndəsi olan İbrahim Rəisini Nəzarət Şurasının üzvləri, İslam İnqilabı Keşikçiləri Korpusu və onun mülki strukturu olan “Bəsicilər” də dəstəkləyir. Lakin İbrahim Rəisiyə göstərilən bu etimadın daha uzaq məqsədə hesablandığına dair məlumatlar yayılıb.
Belə ki, Seyid Əli Xameneyinin İ.Rəisini yalnız prezident deyil, həm də özünün siyasi varisi kimi gördüyü bildirilir. Öz postu ilə vidalaşmağa hazırlaşan Xameneyinin ali rəhbər vəzifəsini İ.Rəisiyə həvalə etməyə hazırlaşdığı qeyd edilir.
Sözügedən xəbəri
Cebhe.info-ya şərh etməyə hazırlaşan “Oğuz” Müstəqil Araşdırmalar Mərkəzinin rəhbəri Vüqar Zifəroğlu bildirdi ki, Ayətullah Əli Xameneyinin postundan uzaqlaşmağa hazırlaşdığı barədə deyilənlər doğrudur. Lakin onun siyasi varisinin başqa şəxs olacağı gözlənilir:
“Bütün proseslərin təhlili göstərir ki, İbrahim Rəisinin prezident seçilməsi üçün münbit şərait yaradılıb. Bu mənada, onun ali rəhbər olacağı barədə yayılan məlumatlarla razılaşa bilmirəm. İbrahim Rəisi mühafizəkarların lideri kimi məhz prezident ola bilər. Hazırkı İran teokratik ideologiyasına görə, ali lider məğlubedilməz imicə malik olmalıdır. Rəisinin 2017-ci ildə keçirilən prezident seçkilərində məğlub olduğunu nəzərə alsaq, onun ali dini lider kimi irəli çəkilməsi mühafizəkarların özü tərəfindən də müsbət qarşılanmaz. Fikrimcə, başqa namizəd olacaq. Hələlik bu barədə danışmaq bir qədər tezdir. Amma hazırda Xameneyinin öz postunu başqa şəxsə ötürməsi ilə bağlı proseslərə başlanılıb. Vəziyyəti təhlil etdikdə söhbətin kimdən getdiyini müəyyənləşdirmək olar. Son vaxtlar Qumda dəyişikliklərin aparılması, İrandakı bütün icmalarla müzakirələrin başlanılması ali liderin əvəzlənməsinə hazırlıq məqsədi daşıyır. Ancaq yeni ali dini lider İbrahim Rəisi olmayacaq. Çox güman ki, Rəisinin ali lider olacağı barədə məlumatların dövriyyəyə buraxılması diqqəti real namizəddən yayındırmaq məqsədi daşıyır”.Vüqar Zifəroğlu hesab edir ki, hazırda İranda yeni ali liderin yetişdirilməsi istiqamətində işlər aparılır və prezident seçkilərindən sonra gündəmə gələcək:
“Siyasi varis dəyişikliyinin Xameneyinin sağlığında və özünün iştirakı ilə həyata keçiriləcəyi istisna edilmir. Amma proseslərin gələcəyi prezident seçkilərindən sonra İranda daxili siyasi vəziyyətdən və ABŞ-la münasibətlərin necə cərəyan etməsindən asılı olacaq. Yəni burada həm daxili, həm də xarici amillər öz təsirini göstərə bilər. İran belə məqamlara çox həssas yanaşır və dəqiq hesablamalar aparır. Əgər daxili və xarici faktorlar münasib olarsa, mərhələli şəkildə dəyişikliyə gediləcək”.Müşfiq Abdulla
Cebhe.info