Milli Televiziya və Radio Şurası (MTRŞ) “Media haqqında” qanun layihəsində televiziya və radio yayımına dair əsas yenilikləri açıqlayıb.
MTRŞ-dən APA-nın sorğusuna cavab olaraq qeyd olunur ki, həmin qanunda televiziya və radio yayımında əsas yeniliklər kimi məzmun üzrə cavabdehlik daşıyan yayımçılıq, retranslyasiya xidməti həyata keçirərək məzmun üzərində cavabdehlik daşımayan operator fəaliyyətinin ayrılması, tezlik və peyk tutum resursları tələb edən audiovizual media fəaliyyətinin müsabiqə əsasında lisenziyalaşdırılması, digər audiovizual media fəaliyyəti üçün isə sadələşdirilmiş lisenziya alınması prosedurunun tətbiqini qeyd etmək olar.
Qanun layihəsində internet televiziya kanallarının lisenziyalaşdırılması üçün sadələşdirilmiş sistemin nəzərdə tutulduğu bildirilir:
“Bunun üçün sadəcə olaraq qanunda müəyyən edilmiş tələblərə cavab vermək və MTRŞ-ya müraciət etmək lazım olacaq”.Qanun layihəsində internet televiziya kanalları üçün spesifik iki tələbin müəyyən olunduğu deyilir. Birinci tələb odur ki, kanalın özünün saytı olmalı və həmin saytdan yayım aparmalıdır:
“İkinci tələb isə bu yayımın gün ərzində minimum müəyyən saatı olmasıdır. İlkin olaraq 8 saat nəzərə almışdıq, lakin bir sıra populyar internet kanalların rəhbərləri ilə məsləhətləşmələrdən sonra bunun 6 saata salınması üçün qanun layihəsində dəyişiklik olunması ilə bağlı təklif verəcəyik. Təbii ki, bu tələbin də artıq olması barədə fikirlər olacaq. Lakin bilməliyik ki, həftədə 1-2 dəfə bir neçə saatlıq efirə çıxaraq videoblogginqlə məşğul olmaq audiovizual media fəaliyyəti ilə məşğul olmaq kimi qəbul edilə bilməz”.İnsan haqları Konvensiyasıba ziddirQanun layihəsi mütəxəssislər tərəfindən birmənalı qarşılanmayıb.
Hüquqşünas, media məsələləri üzrə ekspert
Ələsgər Məmmədli hesab edir ki, internet üzərindən öz domenində yayım aparanların "lisenziya" almasını nəzərdə tutan qanun layihəsi legitim məqsədə xidmət etmir və Avropa İnsan Haqları Konvensiyasının 10-cu maddəsinə ziddir.
O, Facebook səhifəsində yazır ki, lisenziya yalnız tezlik resurslarından istifadə edən yayımçılara şamil oluna bilər, internet üzərindən yayım imkanları limitsiz olduğundan onun lisenziyalaşmasının tələb olunması absurddur.
“Yalnız yayım zamanı ümumi hüquqa uyğunluq olmalıdır ki, bunu da indiki halda KİV haqqında Qanunun, Cinayət qanunvericiliyi və s. qanunlar tam əhatə edir. Hər hansı boşluq mövcud deyil və hətta gərəyindən atrıq tənzimləmə (məhdudlaşdırma) mövcuddur” – hüquqşünas yazır.
Hələlik qanun layihəsi müzakirəyə çıxarılmayıb.
AnaXeber.info