Müxalifət seçkinin nəticəsini qəbul etmir

21-06-2021, 08:50   


ATƏT-in beynəlxalq müşahidəçiləri iyunun 21-də səsverməyə dair ilkin dəyərləndirmə yayacaqlar
Artıq seçki dairələrinin dörddə üçündə bülletenlər sayılıb. Nikol Paşinyanın partiyasının 55.6, keçmiş prezident Robert Koçaryanın alyansının isə 20 faiz səs yığdığı bildirilir.
Nəticələr təsdiqlənərsə, Paşinyanın partiyası parlamenti idarə etməyə gərəkən 50 faizdən də artıq səs yığmış olacaq. Parlamentə düşə bilməyən partiyaların yığdığı səslər də parlamentə girənlər arasında bölüşdürüləcək.

***
İyunun 21-də Ermənistanda siyasi böhran yeni mərhələyə girib. Baş nazir əvəzi Nikol Paşinyan seçkidə qalib gəldiyini desə də əsas müxalifət alyansı nəticələri rədd edib.
20 iyun seçkisinin ilkin nəticələrinə görə, seçki dairələrinin yarıya qədərində bülletenlər sayılıb və Paşinyanın “Vətəndaş müqaviləsi” partiyası 58.6 faiz səslə öndədir. Keçmiş Prezident Robert Koçaryanın Ermənistan Alyansının isə 18.8 faiz səs yığdığı bildirilir.


“Xalq mənə mandat verdi”
“Ermənistan xalqı bizim Vətəndaş Müqaviləsi partiyamıza ölkəni idarə etməyə və şəxsən mənə baş nazir kimi mandat verdi”, – Paşinyan iyunun 21-nə keçən gecə deyib.

“Artıq bilirik ki, seçkilərdə inamlı qələbə qazanmışıq və parlamentdə inamlı çoxluğumuz olacaq”, – o, sözlərinə əlavə edib.
Paşinyan tərəfdarlarını bu gün axşam Yerevanın əsas meydanına gəlməyə çağırıb.
Bundan bir neçə dəqiqə sonra isə Koçaryanın alyansı iddia olunan pozuntular araşdırılmayınca nəticələri tanımayacağını bəyan edib.

“Seçki məntəqələrində təşkil olunmuş və planlaşdırılmış saxtakarlığı göstərən yüzlərlə siqnal etimadın yoxluğuna ciddi əsas yaradır”, – blok bəyanatında bildirib.
Seçkidən öncə keçirilmiş rəy sorğuları rəqabətin Paşinyanın partiyası ilə Koçaryanın yeni yaradılmış alyansı arasında getdiyin göstərir, onların hər birinə dəstək 24 faizə yaxın idi.
Saxlananlar olub
2-ci Qarabağ müharibəsindən sonra Ermənistanda siyasi böhran aylarla davam edib. Müxalifət ölkənin məğlubiyyətimə görə Paşinyanı ittham edirdi.
Azərbaycan həmin müharibədə Qarabağın bir hissəsini və ətraf yeddi rayonu işğaldan azad edib. Qoşunların təmas xəttinə isə Rusiya hərbçiləri yerləşdirilib.
Seçki kampaniyasında səslənən ittihamlar və təhqirlər seçkidən sonra zorakılıqla bağlı narahatlıq yaradıb. Kampaniya zamanı müxalifətin onlarla namizədi və fəalı saxlanıb, onlar seçiciləri qorxutmaqda, onları pulla ələ almaqda suçlanıb.
Seçkiqabağı Prezident Armen Sarkisyan vətəndaşları dinc davranmağa çağırıb, “siyasi və mənəvi sərhədlərin keçilməsini, vəziyyətin gərginləşməsi, nifrət və düşmənçiliyin qızışdırılmasını” qəbuledilməz adlandırıb.
Seçkiyə ümumilikdə 21 partiya və dörd alyans gedib. Mərkəzi seçki Komissiyası (MSK) 2.6 milyona yaxın seçicinin 50 faizə yaxınının səsverməyə getdiyini açıqlayıb.

Digər partiyalar
Biznes maqnatı Gagik Tsarukyanın Çiçəklənən Ermənistan partiyası isə parlamentə daxil olmaq üçün 5 faizlik həddə yaxın səs yığıb. Digər keçmiş prezidentə bağlı blok da 5 faizə yaxın səs yığıb, amma bloklar parlamentə düşməkdən ötrü 7 faiz səs toplamalıdır.
MSK sədri Tiqran Mukuçian seçkinin ümumilikdə ölkə qanunvericiliyinə uyğun keçdiyini bildirib.
Seçkinin monitorinqini həyata keçirən Müstəqil Müşahidəçi təşkilatından Daniel İoanisyan seçicilərin pulla ılə alınması, seçkiyə digər qanunsuz müdaxilə cəhdləri olduğunu bildirib.

O, AzadlıqRadiosu-nun Ermənistan xidmətinə deyib ki, cəhdlərin çoxu Ermənistan alyansına aiddir, amma daha kiçik partiyaların iştirakıyla bəzi hallar da baş verib.
ATƏT-in beynəlxalq müşahidəçiləri iyunun 21-də səsverməyə dair ilkin dəyərləndirmə yayacaqlar.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.