PAŞİNYAN HANSI YOLU SEÇƏCƏK? - Ermənistandakı seçki Moskvaya da, ona xidmət edən “5-ci kolon”a da ağır zərbə oldu, ancaq...

21-06-2021, 18:40   





Paşinyanın fəaliyyətinin yalnız ermənilərin iradəsindən deyil, xarici güclərin planlarından da asılı olacağı şübhəsizdir...
Ermənistandakı son növbədənkənar parlament seçkisi ümumilikdə postsovet məkanındakı durum, ictimai rəy və cəmiyyətlər barədə bir neçə vacib nəticə çıxarmağa əsas verir. Qərbyönümlü qüvvə, Rusiya əleyhdarı və demokratiya tərəfdarı rolunda 2018-ci ildə hakimiyyətə gəlmiş, 2020-ci ilin sonunda isə Qarabağda ağır məğlubiyyətə uğramış Nikol Paşinyanın və onun rəhbərliki etdiyi siyasi qüvvənin bu seçkidəki əzici qələbəsi ilk növbədə MDB məkanındakı xalqların Rusiyaya və onun maşalarına, qulbeçələrinə olan real münasibətinin nümunəsi sayıla bilər.
Baxın, əgər hərbi, iqtisadi, sosial, siyasi və s. baxımdan Rusiyadan birbaşa asılı olan, Moskvanın “barmağının beşini də bal edib ağzına soxduğu”, son 44 günlük müharibədə boğazlarını Azərbaycan əsgərinin əlindən zorla qopardığı ermənilər belə Rusiyanın patronajlığı, kölgəsi altında yaşamaq istəmirsə, görün Moskvanın hər addım başında pislik etdiyi, hüquqlarını, ərazi bütövlüyünü, sərhədlərini pozduğu, iqtisadi, siyasi baxımdan inkişafına, müstəqilliyinə maneə yaratdığı ölkələrdə Moskvaya münasibət necədir...
Seçkinin rəsmi nəticələri göstərir ki, Paşinyana əhalinin yarıdan çoxu dəstək verir. Onun parlamentə keçən ən qatı rəqiblərinin birgə qazandıqları yer Paşinyanın partiyasının qazandığının yarısı qədərdir. 

O da maraqlıdır ki, seçkidə cəmi 49.4 faiz seçici, yəni seçicilərin yarısı iştirak edib. Nəzərə alsaq ki, onsuz da daim bir ayağı Rusiyada və digər ölkələrdə olan Ermənistan əhalisinin bir qismi də 44 günlük müharibədən sonra ölkəni tərk edib, o zaman belə məlum olar ki, qalan 50 faiz seçicinin də ən azı yarısı Ermənistanda deyil.
Deməli, seçkiyə real seçicilərin 50 deyil, 20-25 faizi qatılmayıb ki, bu passiv seçicilərin də böyük qisminin Paşinyanın hakimiyyətdə qalmasının əleyhinə olmadıqlarını güman etmək olar. Ən azından ona görə ki, ciddi etirazları olsaydı, seçkiyə qatılar, hökumətin əleyhinə səs verərdilər.
Bir sözlə, güclü maliyyə resurslarından, hələ də hakimiyyətin ayrı-ayrı eşolonlarında təmsil olunan tərəfdarlarının imkanlarından istifadə etməsinə, güclü media dəstəyinə, təbliğatına və nəhayət, Rusiyanın bəzən üstörtülü, bəzənsə aşkar dəstəyinə rəğmən, Koçaryan-Sarqsyan cütlüyü üst-üstə topladığı səslə heç Paşinyanın yarısı qədər də ola bilmədilər.

Hansı ki, uşaq qatili Koçaryan seçkidən əvvəlki müsahibələrindən birində yekə-yekə “mən heç bir seçkidə uduzmamışam” demişdi. Ancaq məsələ ondadır ki, Koçaryan indiyə qədər heç bir qismən də olsa demokratik seçkidə iştirak etməmişdi və əsl açıq siyasi mübarizənin nə olduğunu bilmirdi. Paşinyan isə onun populizmini də nəzərə alsaq, bir növ küçədən gələn adam kimi, küçənin, kütlənin nəbzini tutmağı daha yaxşı bacardı.
Ancaq təbii ki, həlledici məqam heç bu da deyil. Əsas məsələ liderlərin hansının haraya “işləməsi”dir. Seçicilər Qarabağla, Şuşayla, Hadrutla bağlı hürsə də, tuta bilməyəcəyi şübhə doğurmayan Koçaryana “yox” deməklə, əslində Rusiyaya “yox” dedilər. Ruslara “işləyən” Koçaryanı istəmədilər, Qərbə “işləyən” Paşinyana üstünlük verdilər.
Nəhayət, bütün bunlar uzun illərdir Azərbaycan da daxil olmaqla, postsovet məkanındakı bütün respublikalarda Moskvaya xidmət edən “5-ci kolon”un gücünü və imkanlarını şişirdib, onunla xalqları, cəmiyyətləri qorxudanlara növbəti ağır zərbə oldu. Məlum oldu ki, bütünlüklə Rusiyanın qucağında, hətta ovcunun içində olan dılğır Ermənistanda belə sözügedən “5-ci kolon” heç də hər şeyə qadir, yenilməz, hədsiz dərəcədə güclü və s. deyil...

Ancaq soyuq, məntiqli yanaşma onu da deyir ki, Paşinyanın qələbəsini toy-bayram kimi qəbul edib, bundan sonra hər şeyin yolunda gedəcəyini, nəhayət ki, regionda əminamanlığın, iqtisadi, siyasi əlaqələrin, bir sözlə sivil ölkələrarası münasbətlərin, xalqlar arasında normal mühitin bərqərar olacağını düşünmək sadəlövhlük olar. Paşinyanın hansı yolu seçəcəyi - Azərbaycanla razılaşmaya əməl edəcəyi, regionda sülhə və normal münasibətlərin yaranmasına çalışacağı, yoxsa populist siyasətini davam etdirəcəyi, “gah nala, gah da mıxa vuracağı”, bir gözü Mosakvada, digəri Parisdə və s. olacağı da önəmlidir.
Məsələ ondadır ki, erməni cəmiyyəti, gözü hər nə qədər müharibədən qorxsa da, Paşinyandan xüsusilə Azərbaycana qarşı ermənilərin az da olsa “ürəyini soyudacaq” hansısa addımlar gözləyir. Buraya sərhədlərin müəyyənləşdirilməsində Azərbaycandan mümkün qədər ərazi qoparmaqdan tutmuş, Zəngəzur dəhlizi və Qarabağın “statusu”na qədər bir çox istiqamətlər daxildir. Odur ki, Paşinyanın seçiciləri və ümumilikdə erməni cəmiyyəti hələ də bu məsələlərdə onun güzəştə getməsinin tərəfdarı deyil. Ona görə də tez-tez eşitdiyimiz “ermənilər Paşinyana səs veriblərsə, demək ağıllanıblar” fikrini heç də yüz faiz doğru qənaət saymaq olmaz...
Elə Paşiyanın özü də Qarabağdakı qondarma rejimi və onun başçısını “yuxarı başa çəkməklə”, Qarabağın “statusu” ilə bağlı səsrsəmləmələrini davam etdirməklə, 10 noyabr razılaşmasındakı Zəngəzur dəhlizilə bağlı bənddən müxtəlif bəhanələrlə boyun qaçırmaqla, minalanmış xəritələrlə bağlı çıxardığı hoqqalarla və s. göstərir ki, onun hakimiyyətdə qalması hələ problemlərin həlli demək deyil. Paşinyanın bütün bu “sapmalarının” seçki kampaniyası, yoxsa gerçəkdən də 10 noyabr razılaşmasına riayət etmək istəməməsilə bağlı olduğunu bir müddət sonra biləcəyik.
Bir məqamı da unutmayaq ki, indiyə qədər həbsdə olan Koçaryan artıq parlamentdə ana müxalifət olacaq və daim Paşinyanın “quyruğunu tapdalamağa” çalışacaq, səhvə yol verəcəyi anı gözləyəcək. Bunun özü də yeni hökumətin fəaliyyətinə təsirsiz ötüşməyəcək.

Digər yandan, Paşinyanın Qərbdəki havadarlarının mövqeyi və onun qarşısına qoyulan tapşırıqların nədən ibarət olacağı da önəmlidir. Paşinyanın ən çox “pəhah apardığı” Qərb ölkəsinin Fransa olduğunu və bu ölkənin Türkiyə və Azərbaycana münasibətini nəzərə alsaq, Ermənistanın yenə də həmişəki kimi kimlərinsə əlində oyuncaq olacağı və Türkiyə ilə Azərbaycana qarşı təzyiq vasitəsi kimi istifadə olunacağı ehtimalı yüksəkdir. Yəni ki, Paşinyanı xalq seçsə də, onun fəaliyyətinin yalnız ermənilərin iradəsindən deyil, xarici güclərin planlarından da asılı olacağı şübhəsizdir...
Bütün bu baş verənlərin Azərbaycana təsirləri və ölkəmizin maraqlarına nə dərəcədə uyğun olmasına gəlincə, nə qədər paradoksal görünsə də, Koçaryan hakimiyyətə gələcəyi təqdirdə revanşist hərəkətləri və barışmaz mövqeyilə Azərbaycanın Qarabağla bağlı “erməni məsələsini” güc yolu ilə birdəfəlik həll etməsinə şans yarada bilərdi. Bu baxımdan Paşinyanın qalması bir tərəfdən 10 noyabr sazişinin tam reallaşdırılmasına ümid yaradırsa, digər yandan da erməniləri Azərbaycanın antiterror əməliyyatı da daxil olmaqla, hərbi güc tətiq etməsindən xilas edir. Təbii ki, növbəti avantüralara yol verilməsə...

İstənilən halda, Ermənistandakı son seçkinin nəticələrinin regiona necə təsir edəcəyini zaman göstərəcək. Lakin bir şey dəqiqdir ki, 44 günlük müharibədən sonra hakimiyyətdə kimin olmasından, seçkini kimin udmasından asılı olmayaraq, ermənilər indi və gələcəkdə yalnız özləri öz üzərlərində qələbə qazana bilərlər...
Cəlal Məmmədov
“AzPolitika.info” 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.