İqtisadçı Təhsil nazirini yıxıb-sürüdü: 20 minlik maşın və bahalı təhsil...

28-06-2021, 10:23   

Yeni və gənc təhsil nazirimizin mediaya son müsahibəsində gördüyüm bəzi maraqlı məqamlar…
Nazir qeyd edir ki, Azərbaycanda saysız varlı adamlar var, amma onların hamısı övladlarının təhsilinə sahib olduqları imkanlara uyğun pul xərcləmirlər.
Çıxardığı nəticə üçün söykəndiyi arqumentlər çox ilgincdir. Nazir deyir ki, Bakıda küçələrdə dəyəri 20 000 manatdan çox olan həddən artıq çoxlu sayda bahalı maşın var, amma özəl məktəblərdə cəmi 0.6% şagir təhsil alır.
Məncə 2 göstərici arasında bu əlaqəni qurmaq yanlışdır. Çünki:
1) 20 000 manatdan çox dəyəri olan maşına sahib olmaq hələ övladını illik xərci 4-5 min manatdan başlayıb 20-30 min manata kimi çıxan özəl orta məktəblərdə oxutmağa imkana sahib olmaq demək deyil. Kimsə bunu kreditlə, yaxın adamlardan borc götürməklə də alıb bəzən hətta işgüzar məqsədlər üçün istifadə edə bilir;
2) Varlı adamlar övladlarının adını formal olaraq ixtiyari bir dövlət təhsil müəssisəsinə yazdırmaqla ev şəratində bahalı fərdi hazırlığa üstünlük verirlər. Çünki bizim məktəblərin nə özəlinə, nə dövlətinə etimad göstərmirlər. Hətta daha zənginləri içəsində övladının yuxarı siniflərdə xaricdə oxudanlar da var.
Müsahibədə mənə manipulyativ təsir bağışlayan 2-ci məqam 5 yaşlı uşaqların məktəbəqədər hazırlığının birdən-birə 90%-ə çatdırlması ilə bağlı faktdır. 5 yaşını tamam etmiş, bir neçə ay sonra 1-ci sinfə qəbul olacaq uşaqların məktəbəqədər hazırlığı ən yaxşı halda orta təhsili 5 yaşda başladıb 12 illik orta təhsilə keçid etməkdən başqa nəsə deyil. Çünki məktəbəqədər hazırlığın məqsədi və verəcəyi fayda heç də nazirin müsahibəsində deyilən kimi uşaqların daha 1 il tez hərf öyrənməsində deyil. 3 yaşından başladılmalı olan məktəbəqədər təhsil uşaqlara düşünmək və özünüifadə etmək bacarıqları formalaşdırmaq, müxtəif proqramlar vasitəsilə 3-6 yaşı uşaqların fiziki və əqli qabiliyyətlərini inkişaf etdirmək, fərqli sosial-demoqrafik qrupa məxsus ailələrdən gələn uşaqların yetənəkləri arasında fərqləri aradan qaldırmaq, onların sosiallaşma və ünsiyyət bacarıqlarını gücləndirərək daha yetkin vəziyyətdə orta təhsilə hazırlamaq məqsədi güdür.
Nəhayət, nazir lisey və gimnaziyalar kimi elitar müəssisələrin sayının artmasında əsas hədəflərədən biri kimi öygü ilə danışır. Amma mən ondan gözləyərdim ki, təhsildə məhz bu tip elitar məktəblərin yaratdığı fərqlərdən, həmin fərqləri aradan qaldırmaq üçün hökumətin hansı strategiyaları izləməli olduğu barədə danışsın. Məsələn, Azərbaycanda orta təhsilin keyfiyyəti və təhsilə əlçatanlıq baxımından çox ciddi bölgəsəl, coğrafi fərqlər var.
Yeni nazirin ən uğurlu işi bu fərqləri ortaya qoyan samballı bir hesabatla cəmiyyətin qarşısına çıxıb bu köklü problemin həllinə yönəlik strateji baxışını ortaya qoyaydı.
Müsahibədə görmək istədiyim daha vacib bir məsələ təhsil menecmentinə baxış idi. Xüsusilə orta məktəblərin idarə olunması, fəaliyyətində şəffaflıq və icma qarşısında hesabatlılıq, onların fəaliyyətinin nəticələrinə görə differensial stimullaşdırma-cəza sistemlərinin olub-olmayacağı ilə bağlı düşüncələri nədən ibarətdir.
Naziliyin nəticəəsaslı büdcə üçün təqdim etdiyi strateji hədəflər da ayrıca bir maraqlı və müzakirə açılası mövzudur – o da qalsın sonraya…
İqtisadçı Rövşən Ağayev
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.