Moskvada Ermənistanda ‘yeni Rusiya bazasına’ dair danışıqlar gedir?
29-06-2021, 08:05
Rəsmi Yerevan və Moskva Ermənistandakı Rusiya hərbi bazasının genişləndirilməsi barədə danışıqlara başlayıblar. AzadlıqRadiosunun Erməni xidməti – Azatutyun xəbər verir ki, bu məqsədlə Ermənistanın müdafiə, xarici işlər, ərazi və infrastruktur idarəetməsi nazirliklərinin, habelə Ermənistan silahlı qüvvələri baş qərargahının, Rusiya-Ermənistan birgə hərbi qruplaşmasının və kadastr komitəsinin nümayəndələri iyunun 26-da Rusiya paytaxtına səfər ediblər. Ermənistan baş nazirinin səlahiyyətlərini icra edən Nikol Paşinyanın 23 iyun tarixli qərarında deyilir ki, “Ermənistan-Rusiya dövlətlərarası komissiyasının 13-cü iclasında Ermənistandakı Rusiya hərbi bazasına torpaq sahələrinin və daşınmaz əmlakın verilməsi məsələsi müzakirə olunacaq”. Bu da qeyd olunur ki, dövlətlərarası komissiyanın iclası iyulun 1-dək davam edəcək. 14 nəfərdən ibarət nümayəndə heyətinə Müdafiə Nazirliyi qoşunlarının yerləşdirilməsi üçün kapital tikinti idarəsinin rəisi, eyni zamanda dövlətlərarası komissiyanın sədri Armen Avetisyan başçılıq edir.
Azərbaycanla sərhəddə Azatutyun yazır ki, nümayəndə heyətinin yarısını Müdafiə Nazirliyi təşkil edir, lakin nümayəndələrdən əlavə məlumat almaq mümkün olmayıb. Rusiya-Ermənistan dövlətlərarası komissiyasının iclası iyunun 28-də başlanıb. Azatutyun xatırtlarıdr ki, bir ay bundan əvvəl, mayın 27-də hökumət müşavirəsində Rusiya Federal Təhlükəslik Xidməti (FTX) sərhəd qoşunlarının yerləşdirilməsi üçün Sünik vilayətində 3.5 hektar torpaq sahəsinin təmənnasız istifadə üçün Rusiyaya verilməsi barədə qərar qəbul olunmuşdu. Bu da xəbər verilir ki, Rusiya sərhədçilərinə Qafan icmasının Şıxovuz (Şikahoq), Meğri və Tuğ icmalarının Şvinadzor, Karçan, Nrnadzor (Birinci Qarabağ Müharibəsinədək – Nüvədi –red) kəndlərindən 7 torpaq sahəsi veriləcək. Üçtərəfli bəyanat və yeni baza? Azatutyunun yazdığına görə hökumət bildirib ki, 9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata uyğun olaraq Ermənistanın cənub-şərq sərhədlərinin möhkəmləndirilməsinə ehtiyac var (üçtərəfli bəyanatda konkret olaraq bu barədə heç nə deyilmir – red). Azatutyun bildirir ki, 44 günlük müharibədən sonra Azərbaycan-Ermənistan sərhədinin bəzi sahələrinə Rusiya sərhədçiləri nəzarət edirlər. Bu da deyilir ki, “Rusiyanın Ermənistandakı 102 saylı hərbi bazasının genişləndirilməsi və ya yeni Rusiya hərbi bazasının yaradılmasına dair söhbətlər çoxdan dolaşır”. Mayın 3-də Milli Məclisdə çıxış edən Paşinyan demişdi ki, müharibəyə qədər və müharibədən sonra Ermənistanın xarici təhlükəsizlik sisteminin əsasını Rusiya-Ermənistan birgə hərbi qruplaşması təşkil edir. “Sünikin təhlükəsizliyi və 102-ci baza barədə məsələ qaldırılıb. Düşünürəm, bu sirr deyildir ki, Sünik vilayətində 102-ci Rusiya bazasının iki yeni dayaq məntəqəsi yaradılıb. Bu yeni dayaq məntəqələrinin yaradılması Sünik vilayətinin və bütövlükdə Ermənistanın təhlükəsizliyinin təminatı üçün əlavə qarantiyadır”.
Ermənistan tərəfinin iddiaları Azatutyun kinayə ilə yazır ki, Ermənistan-Rusiya hərbi qruplaşmasının olmasının, habelə KTMT-də üzvlüyün Ermənistanı nə dərəcədə effektli müdafiə etməsi 44 günlük müharibənin gedişində bəlli olub. Xəbərdə iddia olunur ki, Azərbaycan silahlı qüvvələri Ermənistan Respublikasının ərazisinə zərbələr endirib, erməni tərəfinin iddiasına görə Türkiyə aviasiyası Ermənistan hərbi-hava qüvvələrinin Su-25 qırcısını Ermənistanın hava məkanında vurub. Azatutyun yazır ki, müharibədən sonra, mayın 12-dən başlayaraq Azərbaycan silahlı qüvvələri azı üç istiqamətdən Ermənistan ərazisinə müdaxilə edib. Türkiyə və Azərbaycan rəsmiləri erməni tərəfindən səslənən bu iddiaları rədd edirlər. Onlar Ermənistanın öz iddialarını sübutlarla əsaslandırmasını istəyirlər. Azərbaycan tərəfi bildirir ki, onun hərbçiləri Azərbaycan-Ermənistan sərhədinin müəyyənləşdirilməsi ilə məşğuldur.
Xatırlatma 2020-ci ildə 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.