"MEHDİYEV ÖLKƏ RƏHBƏRLİYİ ƏLEYHİNƏ TƏBLİĞATLA MƏŞĞULDUR..." - "Rusiyaya bağlı olanlar fəallaşıb, ölkəni qarışdırmaq istəyirlər"

29-06-2021, 08:26   



Cümşüd Nuriyev: “Ramiz Mehdiyev və daha bir nəfər hələ də müəyyən imkanlara malikdir”

"Şuşa Bəyannaməsi Rusiyanın Qafqaz planlarını alt-üst edib. Prezident İlham Əliyevə qarşı təxribata əl atıla bilər"
"Türkiyə olmasaydı, çevrilişə belə cəhd edərdilər..."
Nikol Paşinyan Ermənistanda seçkini udaraq, ölkəyə nəzarəti var gücü ilə bərpa etməyə çalışır. İrəvanda uduzan “Qarabağ klanı” Xankəndindəki separatçı qurumun rəhbərliyinə qarşı açıq hücuma keçib.
Eyni vaxtda İrana aid yük avtomobilləri yenidən Qarabağın hələlik nəzarətimizdə olmayan ərazilərində görünməyə başlayıb. Beləcə, regionda müharibədən sonra nisbi sakitlik yaransa da, alt qatlarda müəyyən proseslərin getdiyi müşahidə olunur.
“AzPolitika.info” bu mövzu ətrafında politoloq Cümşüd Nuriyevlə söhbətləşib:
- İyunun 21-də Xankəndində əvvəlcə separatçıların başçısı Araik Arutunyana qarşı mitinq təşkil edildi, istefa tələbi səsləndirildi, daha sonra Arutunyan öz tərəfdarlarını küçələrə çıxardı. Dünən isə özünü “təhlükəsizlik şurasının katibi” kimi təqdim edən cinayətkar Vitali Balasanyan bir qrup erməni ilə görüşərək, özünü Xankəndində əsas söz sahibi kimi göstərməyə çalışdı. Sizcə, Ermənistanda baş verən proseslər fonunda Xankəndində yaşananlar Rusiyanın buradakı “beşinci kolon”unun fəaliyyətinin, yoxsa ermənilərin bir-birilə hakimiyyət davasının nəticəsidir?
- Bu, ermənilərin daxili münaqişəsi deyil, Rusiyanın yaratdığı münaqişədir. Rusiya Koçaryan-Paşinyan döyüşünü uduzdu. Erməni mediası yazırdı ki, Rusiyadan Ermənistana 4 minə yaxın adam gəlib və onların məqsədi aranı qarışdırmaq olub. Onların içərisində xüsusi təyinatlıların da olduğu iddia edilirdi. Bəzi siyasətçilər təsadüfən demirdi ki, dövlət çevrilişi ola bilər. Bunu etmək istəyirdilər, amma ABŞ imkan vermədi. ABŞ səfirliyi oradakı Rusiya təxribatlarının qarşısını aldı. Odur ki, İrəvanda istədiklərinə nail ola bilməyən ruslar indi də Xankəndində vəziyyəti qarışdırmaq istəyirlər.
Araik seçki günü İrəvana getdi və səhəri günü də Paşinyanı təbrik etdi. Bir növ rusları ABŞ-a satdı. Rusiya elan etmişdi ki, müharibədən sonra 55 min ermənini Xankəndi və digər məntəqələrə qaytarıb. Araik də çıxıb “35 min insanı saxlamalıyam” kimi ritorik ifadə işlədərək, rusların rəqəmini yalanladı. Bütün bunlar rusların qıcığına səbəb oldu.
İkincisi, hazırda İran ağır vəziyyətdədir, amma buna baxmayaraq, Qarabağa yanacaq, benzin, sürtkü materialları göndərir. Hazırda Rusiya-İran dueti Xankəndini qarışdırmaq istəyir. Xankəndində yaşananlar bununla bağlıdır. İrəvandakı məğlubiyyətin əvəzini Xankəndində çıxmaq, daha konkret desək, Vitali Balasanyanı “hakimiyyətə” gətirmək istəyirlər. O da Xocalı soyqırımında iştirak edib, ortada olan fiqurlar içərisində əli ən çox qana batan şəxsdir. Onlar düşünürlər ki, Balasanyanı hakimiyyətə gətirdikdən sonra Qarabağ ərazisində təxribatlar olacaq. Məqsəd Şuşa Bəyannaməsindən narahat olan rusların möhkəmlənməsini təmin etməkdir.
İş o yerə çatıb ki, Türkiyə ordusunun bura gəlməsini az qala NATO-nun gəlişi kimi təqdim edirlər. Bunların fonunda həm də çalışırlar ki, Azərbaycanda təxribat törətsinlər. Fikir vermisinizsə, Moskvanın Bakıdakı “maraqlarını” təmin edənlər fəallaşıb. Hətta Rusiyaya bağlı olanların əli ilə ölkəni qarışdırmaq istəyirlər. Düzdür, bunlardan biri zərərsizləşdirilib. Nəcməddin Sadıkov oyundankənar vəziyyətdədir, əlində böyük imkanlar yoxdur. Amma Ramiz Mehdiyev və daha bir nəfər hələ də müəyyən imkanlara malikdir. Bütün bunların arxasında Rusiya kəşfiyyat orqanları və hərbi elitası durur.
- Demək istəyirsiniz ki, Rusiya həm Ermənistandakı, həm də Azərbaycandakı “beşinci kolon”unu hərəkətə gətirir?
- Birmənalı şəkildə belədir. Açıq deyək ki, istər özəl, istərsə də dövlət telekanalları bunlarla zəif mübarizə aparır. Yenə də qorxa-qorxa təbliğat aparmaq, ehtiyatla danışmaq və s. Məsələn, hazırda ölkədə rus rublu ilə olan qrantlar çoxalmağa başlayır, bir növ bu sahədə rubl dolları və avronu üstələyir. Mən hesab edirəm ki, millət dövlətini müdafiə etməlidir. Bu, təkcə Dövlət Təhlükəsizliyi Xidmətinin və Daxili İşlər Nazirliyinin işi deyil. Azərbaycan xalqı dövlətin yanında olmalıdır.
Bakıda olan "beşinci kolon" nümayəndələrinin əksəriyyətində erməni qanı var. Əsas fəallıq göstərənlər də onlardır.
Hesab edirəm ki, Şuşa Bəyannaməsi Rusiyanın Qafqaz planlarını alt-üst edib. Prezident İlham Əliyevə qarşı təxribata əl atıla bilər. İlham Əliyev bunu demir, ancaq nəzərə alın ki, o, dövlət başçısıdır. Prezident daim ehtiyatlı və diplomatik danışmalıdır. Əvəzində, Azərbaycan ziyalıları öz sözlərini deməlidirlər. Akademiya söz deməyəcək, çünki Ramiz Mehdiyev oranı kor qoydu. 5-6 nəfər danışan var idi, onları da məhv edib qoydular bir tərəfə. Oranın adını Milli Elmlər Akademiyası deyil, Mehdiyevin ailə akademiyası qoymaq lazımdır.
- Ermənistandakı son seçkilər MDB məkanında Rusiyaya bağlı "beşinci kolon”ların qürub çağında olduğunu göstərmirmi?
- Ermənistanın cəmi 2 milyon əhalisi olmasına baxmayaraq, ABŞ-ın dünyada dördüncü ən böyük səfirliyi İrəvandadır. Təsəvvür edin ki, Çin, Hindistan və Rusiyadan sonra ən böyük səfirliyi Ermənistandadır. Səfirliyin 2 min işçisi var. Bəli, onlar peşəkarcasına Rusiyaya bağlı “xətlər”i zərərsizləşdirdilər. Bizdə isə “beşinci kolon”u zərərsizləşdirmək haqqında düşünmürlər. Bu qədər sözlər deyilir, amma ölçü götürülmür.
- Nikol Paşinyan seçkidə qalib gələndən sonra həm İrəvanda, həm də Bakıda mütəxəssislər sülh müqaviləsinin imzalanması, sərhəd problemlərinin həll edilməsi ehtimalını yüksək qiymətləndirirlər. Sizcə, “beşinci kolon”un hərəkətə gətirilməsində məqsəd bütün bunların reallaşmasına mane olmaqdırmı?

- Bu qüvvələr Ermənistanda uduzublar. Amma Azərbaycanda vəziyyət fərqlidir. Siz araşdırma aparsanız görəcəksiniz ki, indi Rusiyanı müdafiə edənlərin ata-babaları Azərbaycanın evini yıxanlar olub. Yəni bunlar nəsilliklə Rusiyanın agentura şəbəkəsində oturan adamlardır. Onların çoxu vaxtı ilə vəzifədə olanların övladları və ya nəvələridir. Bu gün də onların əllərində imkanlar böyükdür. Akademiya görün nə günə qalıb. Orada azı 2 min elmlər doktoru, 12 min elmlər namizədi var. Belə şəraitdə ölkənin alimləri Ramiz Mehdiyevin öhdəsindən gələ bilmirlərsə, deməli ölkədə alim yoxdur. Şuşa Bəyannaməsindən sonra Azərbaycan ciddi problemlə üzləşib. Ancaq buna bizim beş-onunu çıxmaq şərti ilə ziyalılarımız və deputatlarımız susub. Niyə? Hökumət üzvlərindən də üç-dördündən savayı başqalarının səsi çıxmır. Çoxu da hakimiyyətlə xalq arasında narazılığı günü-gündən artırır. Bu şəkildə davam etsə, ciddi problemlə üzləşəcəyik. Biz Ermənistandakı kimi “beşinci kolon”u zərərsizləşdirməliyik. Əks halda, onlar ölkəyə bəlalar gətirəcək.
18 aydır Mehdiyev akademiyanın rəhbəridir. Bu müddət ərzində Qarabağla, Şuşa Bəyannaməsi ilə bağlı bircə tədbir keçirib? Niyə keçirməyib? Adam birmənalı şəkildə ölkə rəhbərliyinin əleyhinə təbliğatla məşğuldur. Bunu orada saxlamalarının səbəbini bilmirəm. Akademiyanın alimlərinin yerinə isə xəcalət çəkirəm.
- Son günlərdə İran yük avtomobillərinin Xankəndi istiqamətində görüntüləri ortaya çıxıb. Onlar bizim razılığımız olmadan nəzarətimizdən kənarda qalan ərazilərə hansısa yüklər daşıyırlar. Bakı Tehranın maraqlarını hər zaman nəzərə alıb. Bəs Tehran niyə açıq şəkildə bizim əleyhimizə fəaliyyət göstərir?
- Onla heç vaxt bizə qarşı səmimi olmayıb, bu gün də səmimi deyillər. İran din adı altında burada çox işlər görüb. Təəssüf ki, bizim bir çox insanımız hətta geyimlərini belə dəyişib, İran mollaları kimi geyinirlər, İran ləhcəsi ilə danışırlar. Fikrimcə, İran da arxalanır ki, onun buradakı “beşinci kolon”u güclüdür. Ümumən farsla rus xalauşağıdır və daim bizə qarşıdır...
Dediyiniz maşınlara gəlincə, sözsüz ki, peyklərdən bunlar görünür və qeydə alınır. Onlar əraziyə İran nömrələri ilə girir və orada Ermənistan nömrələri taxırlar. Onları dayandırmaq üçün Azərbaycanın imkanları var. Bizim iki peykimiz, Rabitə və İnformasiya Texnologiyaları Nazirliyimiz var. Bu qurum nə üçündür? Bu faktları ortaya çıxarmaqdan niyə ehtiyat etdiklərini anlamıram. Bu qədər siyasi partiya var. Beş-altısını çıxmaqla hamısı sanki gözləmə mövqeyindədir.
- Necə düşünürsünüz, nəhayətdə Azərbaycan bütün neqativ ssenariləri pozaraq, İrəvanı sülh sazişi imzalamağa məcbur edə biləcəkmi?
- Məncə, problem olmayacaq. İş ondadır ki, bunda ABŞ da, Türkiyə də, Avropa da maraqlıdır. Məqsəd Rusiyanı Qafqazdan çıxarmaqdır. Bunun üçün Ermənistan Azərbaycanın ərazi bütövlüyünü tanımalı, sülh müqaviləsi imzalamalıdır. Ermənistanda Paşinyan parlament çoxluğunu təmin edib. Azərbaycan tərəfindən də problem olmayacaq. Bu sülh sazişi ratifikasiya edildikdən sonra hər şey beynəlxalq hüquq müstəvisinə keçəcək. Bu da o deməkdir ki, növbəti mərhələdə Ermənistan Rusiya hərbi bazasını ərazisindən çıxaracaq. Bu halda Rusiyanın sülhməramlılarına da “yox” deyiləcək. Əslində, Rusiya bunu çox gözəl anlayır.
Hesab edirəm ki, bu prosesdə Türkiyə də əhəmiyyətli rola malikdir. Məncə, Türkiyə olmasaydı, burada çoxdan aranı qarışdırmağa nail olumuşdular, hətta çevrilişə belə cəhd edərdilər. İndi də belə niyyətləri ola bilər, ancaq alınmaz. Çünki Türkiyə buradadır və Azərbaycanı çox ciddi şəkildə müdafiə edir.
Rasim Əliyev
“AzPolitika.info”

 
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.