Rusiyaya qarşı müəmmalı hərbi manevr: Ağ Ev erməni Marqaritanın "atom bombası"nı Britaniya gəmisi ilə "vurdu"

29-06-2021, 08:34   



Rusiyanın beynəlxalq imicinə zərbə vurmaq üçün Britaniya hətta öz dövlət sirrini yaymaqdan belə, çəkinmədi; Nüvə zərbəsi ilə təhdid olunan ABŞ rəsmi Londonun dəstəyi sayəsində Rusiyanı cəsarətsiz dövlət durumuna düşürməyi bacardı...

ABŞ-Rusiya münasibətlərində böhran dərinləşir. Bayden-Putin görüşünün nəticəsiz sona çatması qarşıdurmanı daha da ciddiləşdirib. Və proseslər münasibətlərin normallaşdırılması imkanlarından uzaqlaşır.
Onu da qeyd edək ki, ABŞ və Rusiya arasında növbəti hərbi-siyasi insident cəmisi bir neçə gün öncə ortaya çıxdı. Bu insident nəticəsində məlum oldu ki, hazırda tərəflər arasında hərbi faktorlar üzərindən siyasi-psixoloji savaş yaşanmaqdadır. Qarşıduran tərəflər bir-birini təxribata çəkirlər.
Maraqlıdır ki, ABŞ və Rusiya arasındakı sonuncu insidentdə Ağ Ev birbaşa iştirak etmədi. Ağ Ev bu dəfə ABŞ-ın ən yaxın strateji müttəfiqi Böyük Britaniyadan hərbi dəstək aldı. Belə ki, Qara dəniz bölgəsində olan Böyük Britaniyanın hərbi gəmisi Rusiyanın ərazi sularında doğru istiqamət aldı. Rusiya xəbərdarlıq etsə də, Britaniya hərbi gəmisi əhəmiyyət vermədi, yoluna davam etdi.
arktika-savash-kollaj.jpg (53 KB) 
Bu insidentin bir neçə maraqlı tərəfi var. Rəsmi London Britaniya gəmisinin xəbərdarlıqlara əhəmiyyət verməməsini onun rəsmi Kiyevin razılığı ilə Ukrayna sularında hərəkət etməsi ilə izah edir. Çünki Rusiyanın ilhaq etdiyi Krım yarımadası beynəlxalq hüquqa görə, Ukrayna ərazisidir. Və hüquqi cəhətdən Rusiyanın həmin ərazi ətrafında baş verənlərə müdaxilə səlahiyyəti yoxdur.
Yəni, Rusiyaya növbəti dəfə beynəlxalq səviyyədə Krım yarımadasının Ukrayna ərazisi olduğunun mesajı verildi. Anladıldı ki, beynəlxalq siyasi dairələr Krım yarımadasının Rusiya tərəfindən ilhaq edilməsi faktını hüquqi cəhətdən qəbul etməyəcək. Və bu yarımadanı əvvəl-axır əsl sahiblərinə qaytarmaq lazım gələcək.
Yəni, Britaniya gəmisinin inadkarlığı, Rusiyanın dəniz qüvvələrinə meydan oxuması qətiyyən təsadüfi deyildi. Ümumiyyətlə, belə hadisələr heç vaxt təsadüfən baş vermir. Əksinə, əvvəlcədən planlaşdırılaraq, konkret hədəflərə hesablanır.
Digər önəmli məqam ondan ibarətdir ki, Kreml Britaniya hərbi gəmisinin olduğu bölgəyə xəbərdarlıq atəşi açıldığını iddia edir. Rəsmi London isə bunu təkzib edərək, xəbərdarlığın dinc vasitələrlə olunduğu vurğulayır. Yəni, Rusiyanı öz ərazisinə daxil olan xarici hərbi gəmiyə cəsarət göstərə bilməyən dövlət kimi təqdim etməyə çalışırlar.
1044299399_0_-1_1200_675_1200x0_80_0_1_95c883d4b042b2b87f2ddc2b241e7205.jpg (131 KB) 
Bu, Rusiyanın beynəlxalq imicinə sarsıdıcı zərbə sayılır. Hər halda, bir NATO ölkəsinə aid hərbi gəminin Kremlin Rusiya ərazisi hesab etdiyi ərazilərdə sərbəst dolaşması olduqca ciddi skandaldır. Belə anlaşılır ki, əgər, Kreml atəş açmayıbsa, Krım yarımadasının beynəlxalq hüquqa görə, Ukrayna ərazisi olmasını nəzərə almaq məcburiyyətində qalıb. Və atəş açılacağı təqdirdə, bunun beynəlxalq məsuliyyətinin doğura biləcəyi nəticələr Kremli çəkindirib.
Təbii ki, bu, olduqca önəmli faktordur. Çünki Kreml Krım yarımadasının beynəlxalq aidiyyat reallığından hələ də xilas ola bilməyib, onunla istəməsə belə, hesablaşır. Və bu, o deməkdir ki, yaxın gələcəkdə bu reallığı Kremlin qarşısına daha qabarıq şəkildə çıxara bilərlər.
Nəhayət, növbəti önəmli məqam odur ki, bu insidentin törədilməsi Rusiya Müdafiə Nazirliyindən verilən son açıqlamaya cavab xarakteri daşıyır. Belə ki, Baş Qərargahı təmsil edən rus generallardan biri Rusiyanın NATO hərbi qüvvələrinin sərhədlər ətrafında yerləşdirilməsindən narahat olduğunu vurğulamışdı. O, bildirmişdi ki, belə vəziyyət Rusiyanı özünü qorumaq variantlarını artırmaq məcburiyyətində qoyur. Və həmin variantların sırasına nüvə silahı ilə hərbi rəqibə zərbə endirilməsinin mümkünlüyü də daxil edilə bilər.
Göründüyü kimi, ABŞ və NATO açıq-aşkar nüvə zərbəsi ilə təhdid olunur. Üstəlik, bu təhdid "buraxılış düyməsi" Rusiya prezidentinin ixtiyarında olduğu halda, bir rus generalı tərəfindən edilir. Deməli, bu, qətiyyən təsadüfi deyil, Kreml məhz həmin generalın dilindən həmin təhdidin səsləndirilməsində birbaşa maraqlı olub.
_methode_times_prod_web_bin_c99b1920-bfef-11e7-8bb9-94e1372175c0.jpg (803 KB) 
Onu da qeyd etmək lazımdır ki, nüvə təhdidi Rusiyanın əlində olan sonuncu beynəlxalq təzyiq faktorudur. Hazırda bu mövzu Rusiyanın siyasi dairələrində və təbliğat məkanlarında olduqca tez-tez gündəmə gətirilir. Rusiyanın nüvə silahı ilə özünü xarici təhlükələrdən müdafiə etməyə qadir olduğu vurğulanır.
Maraqlıdır ki, bu mövzuda hətta Rusiya təbliğat maşınının erməni mənşəli təmsilçisi - Marqarita Simonyan da danışmağa başlayıb. O, heç əlaqəsi olmayan bir məsələnin müzakirəsi zamanı gözlənilmədən söhbəti nüvə silahının üzərinə gətirib: "Mən çox xoşbəxtəm ki, bir nüvə zərbəsi ilə ABŞ-ı məhv etməyə qadir olan dünya yeganə dövlətin - Rusiyanın vətəndaşıyam. Bunun nə vaxt olacağını bilmirəm. Ancaq bilirəm ki, Rusiyaya təhlükə yaranacağı təqdirdə, hər an baş verə bilər".
Əlbəttə, bəziləri üçün bir erməni qadının dedikləri sayıqlama kimi də qəbul edilə bilər. Ancaq bu erməni qadının Rusiya rəsmi təbliğat maşınının əsas təmsilçilərindən olduğunu nəzərdən qaçırtmaq olmaz. Onun rəhbərliyində təmsil olunduğu nəhəng təbliğat şəbəkəsinə birbaşa Kremldən yüz milyonlarla dollar maliyyə ayrılır.
Həmin Rusiya təbliğat şəbəkəsi yalnız Kremlə lazım olan rəsmi mövqeni gündəmə gətirir. Yəni, onun da dedikləri təsadüfi deyildi və bu erməni qadın Kremlin səhnəarxası təlimatı olmadan Rusiya prezidentinin şəxsi nəzarətində olan nüvə silahı barədə belə təhdidkar, lovğa açıqlama verməyə qətiyyən cəsarət etməzdi. Etsəydi belə, ciddi şəkildə cəzalandırılardı.
image_750x_6059f8d413878.jpg (56 KB) 
Təbii ki, Ağ Evdə də bu mesajların haradan qaynaqlandığını anlamamış deyillər. Hər halda, Kremlin ABŞ-ı erməni Marqaritanın "atom bombası" ilə təhdid etdiyi açıq-aşkar nəzərə çarpır. Və rus generalının nüvə zərbəsi təhdidindən sonra Kremlin təlimatı ilə lovğalanıb, meydan oxuyan Marqaritanın "atom bombası" cavabsız buraxıla bilməzdi.
Maraqlıdır ki, Ağ Ev də Rusiya Kremlin metodu ilə cavab verdi. Yəni, birbaşa deyil, dolayısı güc nümayişini üstün tutdu. Və bu məqam da məhz olduqca gözlənilməz sayıla biləcək metodla ictimailəşdirildi.
Məsələ ondadır ki, bir neçə gün öncə Londonda bir avtobus dayanacağında məxfi dövlət sənədləri tapıldı. Məlum oldu ki, həmin sənədlər Britaniya hərbi gəmisinin Rusiyanın özünə aid hesab etdiyi Ukrayna dəniz ərazisində hərəkətinin tarixcəsini tam aydınlığı ilə təsvir edir. Və bu sənədlərin məzmunu Rusiyaya qarşı siyasi-psixaloji savaşın aparıldığını təsdiqləyir.
Məsələ ondadır ki, iddialara görə, sənədlərdə Qara dənizdə hərəkət edən Britaniya hərbi gəmisinin Ukrayna dəniz ərazisinə göndərilməsinin məhz Ağ Evdən gələn xahişlə reallaşdığı göstərilir. Yəni, prezident Co Bayden bu barədə baş nazir Boris Consondan xahiş edib. O da bu öz növbəsində göstəriş verib. Nəticədə məlum hərbi-siyasi insident baş verib.
Digər tərəfdən, məlum olub ki, rəsmi London Britaniya gəmisinə atəş açılmadığını sənədlərlə təsdiqləyir. Bu isə Kreml üçün ən arzuolunmaz məqamdır. Ümumi səbəblərini isə yuxarıda vurğulamışdıq.
eb4bc3de570bc79b9e6d1ba0f2452c95.jpg (57 KB) 
Əlbəttə ki, Britaniyanın məxfi dövlət sənədlərinin avtobus dayanacağında tapılması özü də müəmmalı məqamdır. Çünki belə sənədlərə çıxışı olan dövlət rəsmiləri onları özləri ilə daşımırlar. Üstəlik, özləri də belə məxfi sənədlərlə avtobusda səyahət etmirlər. Deməli, rəsmi London bu sənədlərin məhz belə qəribə metodla ictimailəşdirilməsinə ehtiyac duyub.
Yəni, "dövlət sirri"ni rəsmi qaydada açmayıblar. Onu "naməlum məmur unutqanlığı" əməliyyatı ilə pərdələməyə üstünlük veriblər. Əsas hədəf isə Rusiya üçün problem yarada biləcək və yayılması mümkün olan məlumatların dünya gündəminə çıxarılması olub.
Əslində, hədəfə çatılmış kimi görünür. Çünki Rusiyanın beynəlxalq imici ciddi şəkildə zədələnib. Məlum olub ki, ABŞ və NATO-nu dolayısıyla nüvə zərbəsi ilə təhdid edən Kreml məğlub duruma salınıb. Yəni, ABŞ-ın ən yaxın müttəfiqi Britaniyanın cəmisi bir hərbi gəmisinin hərəkətini bloklamağa cəsarət etməyib. Və Ağ Ev bununla demək istəyir ki, Britaniyanın bir gəmisi qarşısında cəsarətsiz qalan Rusiyanın ABŞ-ı nüvə zərbəsi ilə təhdid etməsi tamamilə mənasızdır.
Belə anlaşılır ki, Ağ Ev səhnə arxasında dayanaraq, öz müttəfiqi Britaniyanın yardımı ilə Rusiyanın adından danışan rus generalının və erməni qadın Marqaritanın "atom bombası"nə elə Kremlin qucağında "partladıb". Bununla da bütün təhdidləri cavablandıra bilib. İndi Rusiyanın cavabının necə olacağı böyük maraq doğurur.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.