40 dollara saxta vaksin sertifikatı “SİFARİŞLƏRİMİZ ÇOXDUR, BİR AZ TƏLƏSSƏNİZ YAXŞIDIR...”

2-07-2021, 14:06   



Rusiyada son vaxtlar koronavirus pandemiyasının yeni dalğasının başlaması, hər gün 23 mindən çox yeni yoluxma hallarının qeydə alınması və yüzlərlə insanın ölməsi hakimiyyəti, rəsmən etiraf etməsələr də, icbari vaksinasiyaya əl atmağa məcbur edib. Lakin insanları vaksin vurdurmağa de-fakto məcbur etməyə yönəlmiş tədbirlər yeni problemə yol açıb. Belə ki, iş, müntəzəm tibbi xidmət və səyahət üçün tələb edilən vaksinasiya sertifikatlarının saxta yollarla əldə edilməsi halları son günlər kəskin artıb. Bütün bunların rusiyalıların elə öz ölkələrinin hazırladığı vaksinlərə etibar etməməsi və onların vaksin vurdurmadan  tezliklə normal həyata qayıtmaq istəyi ilə bağlı olduğu görünür.
Virtualaz.org xəbər verir ki, indi Rusiyada səyahət etmək, restorana getmək, hətta ofisdə işləmək üçün COVID-19 vaksinasiyasını sübut edən sənəd (“kovid pasportu”) tələb olunur. Vaksin vurdurmağa tərəddüd edən, yaxud yerli-dibli vaksin vurdurmaq fikrində olmayan milyonlarla rusiyalı isə çıxış yolunu saxta sənəd almaqda görür. Belə halların kütləvi şəkildə yayıldığını hakimiyyət nümayəndələri də etiraf edirlər. Jurnalistlər araşdırıblar ki, saxta vaksin sertifikatı internet saytları üzərindən açıq satışdadır və onları almaq istəyənlərin uzun növbələri yaranıb.

CurrentTime TV-nin müxbiri əvvəlcədən görüş almadan tibbi sənədlərin satışı ilə məşğul olan bir saytdan soruşub: "Salam. Covid vaksinasiyası sertifikatı düzəldə bilərsiniz?". Cavab belə olub: "Bəli, qiyməti 3000 rubldur (40 dollar). Belə sifarişlərimiz çoxdur. Tələssəniz yaxşıdır".
Vəd edildiyi kimi, növbəti gün kuryer yenicə çap olunmuş, üzərində rəsmi möhürlər, imzalar və qeydiyyat nömrələri olan sertifikatı gətirib çatdırıb. Həmin adama vurulmalı olan dozanın başına nə gəldiyi (zibilliyə atıldığı, yaxud başqa adama vurulduğu) isə məlum deyil.
AzadlıqRadiosunun (RFE/RL) "Amerikanın Səsi" (VOA) ilə birgə şəbəkəsi olan CurrentTime TV vaksinasiya sertifikatları satan onlarla sayt aşkarlayıb. Kağız sənədlərin qiyməti cəmi 40 dollar, rəsmi vaksinasiya haqda məlumat bazasında qeydiyyat isə 350 dollara başa gəlir.
Araşdırmaçı jurnalist Xristo Qrozev vaksinlərin insanlara mikroçip yeridilməsinə xidmət etdiyi haqda konspirasiya nəzəriyyələrinə inananlara xitabən belə bir tvit paylaşmışdı: "Çip implantı riski qarşısında həkimlə görüşməyə gərək yoxdur. Rusiyada satılmayan heç nə yoxdur".
Moskvada iyunun 28-dən qüvvəyə minmiş qaydalara görə, yalnız vaksin vurdurmuş, yaxud son 6 ayda koronavirusa yoluxmuş şəxslər restoranlara gedə bilər. Bu qaydanı pozanlar 5 min rubladək (70 dollar) cərimə olunur. Təşkilatçılar insanların peyvənd vurdurduğunu sübut edə bilmədiyi halda, konsert, idman yarışları və digər tədbirlərdə auditoriya 500 nəfərdən çox ola bilməz.

170 kafe və restoran müstəqil qaydada "kovidsiz" müəssisə kimi qeydiyyatdan keçib. Bu müəssisələr iyulun 1-dən etibarən zaman limiti qoyulmadan açıq qala biləcək. Vaksin vurdurduğunu, yaxud yoluxub sağaldığını təsdiqləyən QR kodunu göstərə bilən müştərilər isə maskasız və sosial məsafə qorumadan bu məkanlarda qala bilərlər.
"Levada" Mərkəzinin iyunda keçirdiyi sorğunun nəticələrinə görə, rusiyalıların 55 faizi koronavirusa yoluxmaqdan qorxmur və bu rəqəm artmaqdadır. Mərkəzin apreldə keçirdiyi oxşar sorğu isə peyvəndə inamın aşağı düşdüyünü, ölkə sakinlərinin yalnız 26 faizinin "Sputnik V" ilə peyvənd olunmaq istədiyini üzə çıxarmışdı.
Ötən ay Rusiya prezidenti Vladimir Putin ölkənin 144 milyonluq əhalisindən 18 milyonadək adamın peyvənd olunduğunu demişdi. Ancaq onların tələb olunan iki dozadan birini, yoxsa hər ikisini vurdurduğu haqda heç nə deməmişdi.

Ölkənin telekommunikasiyalara nəzarət edən rəsmi strukturu da koronavirus  dezinformasiyası ilə mübarizə aparmağa çalışır. Struktur  bu yaxınlarda koronavirus haqqında yanlış məlumat yayan minədək səhifəni bağladığını bəyan edib. Onların arasında saxta vaksinasiya sertifikatları verən möhtəkirlər də var. Rusiya hüquq-mühafizə orqanları saxta sertifikat satışı ilə məşğul olan qara bazarın təqibinə başladığını deyir. Bu sertifikatlardan istifadəyə görə altı ayadək həbs cəzası nəzərdə tutulub.
Ancaq bu qəbildən olan bəzi saytlar bağlansa da, kibertəhlükəsizlik mütəxəssisi Yuri Druqaç yüzlərlə başqa saytın "yuxu" rejimində olduğunu, aktivləşdiriləcəyi anı gözlədiyini deyir.
"CƏMİ 3000 rubla sizin vaksininiz kanalizasiyaya axıdılacaq və sizə sertifikat veriləcək. Bu necə bir cinayətdir!!! …Bütün sivil dünya normal həyat yaşamağa başlayacaq… biz isə intensiv müalicə şöbələrini doldurmağa davam edəcəyik. Dünya ictimaiyyəti bizim saxta sertifikatlarımızdan xəbər tutsa, nə olacaq???", – Moskvada yaşayan pediatr və immunoloq Bella Breqvadze iyunun 21-də öz Instagram postunda yazmışdı.
Virtualaz.org
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.