Turan İnformasiya Agentliyinin direktoru Mehman Əliyev Amerikanın Səsinə müsahibəsində Azərbaycanda media haqqında hazırlanan yeni qanun layihəsi və bu sahədəki problemlərdən danışıb.Amerikanın Səsi: Son günlər Medianın İnkişafı Agentliyinin "Kütləvi İnformasiya Vasitələri haqqında" yeni qanun layihəsi hazırlaması ilə bağlı məlumatlar yayılır. Azərbaycanda media sahəsində yeni qanuna ehtiyac var?
Hamı üçün normal şərait yaratmaq lazımdır ki, özünü azad ifadə edə bilsin.
Mehman Əliyev: Ehtiyac var. Ehtiyac var, çünki iki mininci illərin əvvəlində təzə bir qanun qəbul olunmuşdu. Bu qanun ortaya geniş müzakirələrdən sonra çıxdı. İctimaiyyət jurnalistlər, parlament, Prezident Administrasiyası və maraqlı olan orqanların hamısı bir yerdə qanunu şəffaf şəkildə müzakirə etdi və son olaraq qanun qəbul olundu. Amma 2005-ci ildən başlayaraq bu qanuna dəyişikliklər etməyə başladılar. Hesab edirəm ki, qanun daha da sərtləşdirildi, jurnalistlərin fəaliyyətinə daha da məhdudlaşdırıcı maddələr əlavə olundu. Bugünkü gündə medianın, informasiya məkanının inkişafını nəzərə alsaq ciddi dəyişikliklər baş verib. Ona görə də qanuna dəyişiklik lazım idi. Ancaq o mənada ki, daha da çox azadlıqlar vermək ki, jurnalistlər və informasiya istehsalçıları normal işləyə bilsin. Burada təkcə jurnalistlər deyil, çünki jurnalistlər bu peşənin sahibləri sayılır, hər bir vətəndaş informasiya istehsalçısına çevrilib. Yəni, hamı üçün normal şərait yaratmaq lazımdır ki, özünü azad ifadə edə bilsin.
Amerikanın Səsi: Sizcə yeni qanun layihəsinin hazırlanmasına səbəb nədir? Yəni, bu qanunun təşəbbüsçüsü media orqanlarıdır, yoxsa hökumətdir?
Hesab edirəm ki, qanun layihəsinin bu formada, qapalı şəkildə müzakirəsi yol verilməzdir və düzgün deyil.
Mehman Əliyev: Bu qanunun təşəbbüsçüsü dövlətdir. Mənə agentlikdən (Medianın İnkişafı Agentliyi nəzərdə tutulur-red) dedilər ki, normativ orqanlardır. Bizdə normativ orqanlar kimlərdir? Prezident Administrasiyasıdır, Nazirlər Kabinetidir, sonra parlamentdir. Yəni, layihə onlara verilib. Onlar da əslində qapalı müzakirələr aparır. Əslində, bu layihə Media İnkişafı Agentliyinə təqdim olunub. Sənəd əvvəlcədən dərc olunmalı idi ki, hamı bu prosesə qoşulsun. Şəffaf şəkildə hamı öz təklifləırini versin, fikrini bildirsin. Ona görə də hesab edirəm ki, qanun layihəsinin bu formada, qapalı şəkildə müzakirəsi yol verilməzdir və düzgün deyil. Bizə deyirlər ki, əsaslandırırlar ki, hələlik ekspertlər baxır, ekspertlər nə isə əlavələr edir. Biz niyə vaxt itirməliyik. Birbaşa üzə çıxarın. Bəlkə, elə böyük səhvlər var, biz əvvəldən onları düzəldəcəyik. Hesab edirəm ki, proses bu qaydada getməlidir.
Amerikanın Səsi: Amma nədənsə yerli mediada daha çox məhdudiyyətlərin olacağı barədə yazırlar? Niyə belə məlumatlar ortaya çıxır? Bu qanun, yəni mütərəqqi bir norma gətirəcəkmi?
Biz baxırıq ki, illərlə hakimiyyət həmişə çalışıb ki, medianın fəaliyyəti məhdudlaşdırılsın. Cürbəcür təşəbbüslər, cürbəcür gedişlər ediblər.
Mehman Əliyev: Çünki, bu layihənin müzakirəsində iştirak edən medialar, bunlar ya hökumət meylli, ya da hökumət medalarıdır. Bu, hətta onu göstərir ki, onların içindən informasiyalar sızdırılır. Bu onu göstərir ki, hətta o təbəqədə də bu, yeni qanun layihəsindən narazılıq var. Söhbət ondan gedir ki, əslində hökumət, hakimiyyət məhdudlaşdırmaq istəyir. Biz baxırıq ki, illərlə hakimiyyət həmişə çalışıb ki, medianın fəaliyyəti məhdudlaşdırılsın. Cürbəcür təşəbbüslər, cürbəcür gedişlər ediblər. Məsələn, vaxtı ilə Mətbuat Şurasına səlahiyyətlər verdilər. Qanunda onun dövlət orqanı kimi tanınması üçün dəyişikliklər etdilər. Əslində, bu ictimai təşkilatdır. Mətbuat Şurası qara siyahılar, reket jurnalsistikası və başqa “problemlərlə” məşğul olmağa başladı. Qanun layihəsinin bu formada müzakirələri, ümumiyyətlə öncə çap mətbuatına tranşlar, qrantlar verildi, yardımlar olundu. Bunlar hamısı göstərir ki, məqsəd informasiya təşəbbüslərini məhdudlaşdırmaq və özlərinə loyal olan medialara dəstək verməkdir. Mediaları daha çox hakimiyyətə bağlamaqdır. Başqa bir məqsəd yoxdur.
Amerikanın Səsi: Mətbuatda həmçinin sosial medianın da bu qanun layihəsində əksini tapacağı yazılır. Sizcə, bu düzgündürmü?
Sosial şəbəkələrlə, təşəbbüslərlə bağlı hakimiyyətlə cəmiyyət arasında “biz bu qaydalara riayət edirik” kimi bir saziş olmalıdır
Mehman Əliyev: Düzgün deyil. Sosial media, peşəkar media. Biz ayırmalıyıq. Var peşəkar media, peşəkar o demək deyil ki, o hamıdan ağıllıdır, hamıdan yaxşı bilir. Məsələn, Bakı Dövlət Universitetinin jurnalistika fakültəsini bitirən xeyli insan gəlib yanıma, baxmışam ümumi bilikləri də yoxdur. Baxmayaraq ki, 5 il oxuyublar. Ancaq elə insanlar var ki, jurnalsitika fakültəsini bitirməyib, ancaq kifayət qədər yaxşı reportyordur və materiallar hazırlaya bilir. Biz “Kütləvi İnformasiya Vasitələri haqqında” qanunu ayrıca işləməliyik və deməliyik ki, peşəkar media ilə bağlıdır. Bir də ki, sosial şəbəkələr, orada təşəbbüslər, fəaliyyət, məsuliyyət var, Bunlar ayrıca qanunda əksini tapmalıdır. Mən daha çox deyərdim ki, sosial şəbəkələrlə, təşəbbüslərlə bağlı hakimiyyətlə cəmiyyət arasında “biz bu qaydalara riayət edirik” kimi bir saziş olmalıdır. Biz bu formada fəaliyyət göstəririk, bir-brimizə qarşı hörmətlə yanaşırıq. Çünki, bu gün informasiya istehsalçısı hər bir şəxsdir. Hər bir balaca uşaqdan prezidentədək hamı informasiya istehsalçısıdır. Biz informasiya cəmiyyətinə qədəm qoymuşuq. Ona görə də münasibətlər ancaq bu formada tənzimlənə bilər. Bu səbəbdən media ilə sosial media məsələlərini bir qanunda cəmləşdirmək düzgün deyil.
Amerikanın Səsi: Sizcə, yeni qanun layihəsi media azadlığının daha da dərinləşdirilməsi, diffamasiyanın dekriminallaşdırılması üçün özündə hansı normaları ehtiva etməldir? Yeni qanun Azərbaycanın beynəlxalq öhdəlikləri baxımından necə olmalıdır?
Qanun sağlam informasiya mühitinin yaradılmasını təmin etməlidir.
Mehman Əliyev: Qanun birinci növbədə informasiya təşəbbüslərini, informasiya əldə etmək, istehsal etmək azadlıqlarını, özünü ifadə etmək azadlıqlarını tam təmin etməlidir. Onun qarantı olmalıdır. Qanun bax, bu istiqamətdə inkişaf etməlidir. Bu şəraiti yaratmalıdır. Qanun jurnalistlərin, blogerlərin, informasiya istehsalçılarının müdafiəsində olmalıdır. Qanun hakimiyyətin müdafiəsində olmamalıdır. O, sərbəst fəaliyyət göstərmək üçün şərait yaramalıdır. Qanunun əsas istiqaməti bundan ibarət olmalıdır. Sağlam informasiya mühitinin yaradılmasını təmin etməlidir.
Amerikanın Səsi: Medianın İnkişafı Agentliyinin rəhbərliyi dəyişdirildikdən sonra yenidən mediaya maliyyə dəstəyi layihəsi həyata keçirilir? Sizcə bundan öncə mediaya verilən maliyyə dəstəyi medianın inkişafına hansı kömək edib? İndi necə olacaq?
Şərait yaradlmalıdır ki, KİV-lər işləyib pul qazansınlar.Bu şərait yoxdur.
Mehman Əliyev: Heç bir kömək etməyib. Əksinə, medaiların şəraitini daha da pisləşdirib. İki il bundan qabaq xeyli kütləvi informasiya vasitəsinə, qəzetlərə maliyyə yardımını dayandırmışdılar. Çünki, özləri bildirmişdilər ki, effektiv deyil, mənasızdır. Çünki, triraj itirilir, oxucu itirilir. Yəni, əslində indiki qaydada verilən vəsaitlər düzgün deyil. Dəstək nə üçün verilir? Dəstək verilir ki, media inkişaf etsin, vəziyyəti daha da yaxşılaşsın. Ancaq medianın inkişafı üçün zəmin yaradılmayıbsa, məsələn, yayım sistemi bərpa olunmayıb, köşklər, küçədə, metroda, supermarketlərdə və başqa yerlərdə qəzet satışları bərpa edilməyib. Çap mətbu orqanların evlərə çatdırılması sistemi yoxdur. Reklam bazarı bərbad vəziyyətdədir. Bunlar bərpa olunmadan vəsaitlərin verilməsi nə deməkdir? Bu sistem işləmnirsə vəsaitlər niyə verilir? Yəni, hazırlıqsız, köhnə qaydada maliyyə yardımı verilir. Əslində bu rüşvətdir. Bu, rüşvətdir. Bu, dövlət tərəfindən yenə də pul verməkdir ki, sən bunu et. Biz mövzulara baxırıq. Mənasız mövzulardır. Niyə orada korrupsiya ilə bağlı mübarizə yoxdur? Məsələn deyək, niyə dövlət orqanları tərəfindən yol verilən pozuntular, buna nəzarət etmək, ictimai nəzarət funksiyasını həyata keçirmək, tenderlər, dövlət vəsaitlərinin xərclənməsi üstündə nəzarəti gücləndirmək, inhisarçılığa qarşı mübarizə aparmaq, yəni, bu gün dövlətin, cəmiyyətin qarşısında ən mühüm olan problemləri aradan götürmək üçün vəziyyəti sağlamlaşdırmaq istiqaməndə layihələr olmalıdır. Əslində, belə layihələr də olmamalıdır. Əslində, Media İnkişafı Agentliynin işi mediaya şərait yaratmaqdır. Şərait yaradlmalıdır ki, KİV-lər işləyib pul qazansınlar. Bu şərait yoxdur.