Sosial şəbəkələrin erməni seqmentində üzərində Rusiya bayrağı olan hərbi maşınların Ermənistanın Azərbaycanla həmsərhəd Geqarkunik vilayətində hərəkətini əks etdirən fotolar yayılıb. Erməni KİV-ləri xəbər verir ki, bu hərbi maşınlar Azərbaycanla sərhəddə yerləşdiriləcək Rusiya hərbçilərini daşıyır. Belə ki, Geqarkunik vilayətindən Sünikə qədər Ermənistan sərhədlərində Rusiya sərhədçilərinin yerləşdirilməsinə hazırlıq gedir.
“Sputnik Ermənistan” agentliyinə məlumat verən mənbələr deyiblər ki, fotolarda Rusiya sərhədçilərinin ərazi kəşfiyyatı aparan mobil qrupları əks olunub. Onları 102-ci bazanın hərbçiləri dəstəkləyir.
Xatırladaq ki, bundan əvvəl erməni rəsmiləri Geqarkunik vilayətindən Sünik vilayətinə qədər sərhəd boyu Rusiya hərbçilərinin yerləşdirilməsinə dair üçtərəfli danışıqların getdiyini bildiriblər. Bir neçə gün əvvəl isə Ermənistan nümayəndə heyəti Rusiya hərbçilərinin sərhəddə yerləşdirilməsinə dair danışıqlar aparmaq üçün Moskvaya getmişdi.
“Sputnik Ermənistan” bildirir ki, Rusiya sərhədçilərinin yerləşdirilməsinə dair hazırlıq məsələləri həll olunub, amma Azərbaycan tərəfi hələlik buna razılıq vermir.
Qeyd edək ki, mayın sonlarından etibarən Azərbaycanın sərhəd və ordu qüvvələri sovet dövrü xəritələri əsasında Ermənistanla sərhədin Laçın və Kəlbəcər istiqamətlərində mövqe tutub. Lakin Ermənistan tərəfi iddia edir ki, Azərbaycan ordusu 1-2 kilometrə qədər bu ölkənin ərazilərinə daxil olub.
Hazırda Ermənistan tərəfinin yanaşması belədir ki, tərəflər öz qüvvələrini güzgü prinsipi ilə sərhəddən geri çəkməli, sərhədboyu Rusiya qüvvələri yerləşdirilməlidir. Azərbaycan isə bu yanaşmanı qəbul edə bilməz və öz sərhədlərini Ermənistandan fərqli olaraq özü qoruyur. Bu səbəbdən Azərbaycan qüvvələrinin geri çəkilməsi istisna edilir.
Virtualaz.org