Əfqanıstana girib, Rusiyanın enerji marşrutunu bloklamışdılar: İndi tələsik çıxmaqla, Böyük İpək Yolunu əngəlləyirlər

12-07-2021, 09:31   



ABŞ-ın dünya hegemonluğu hədəflərini birdəfəlik iflasa uğrada biləcək ciddi  təhlükə yaranıb; Çinin beynəlxalq siyasi-iqtisadi məkanda təşəbbüsü ələ keçirməsi ABŞ-ın gələcək süqutuna yol aça bilər...

Əfqanıstan mövzusu yenidən dünyanın əsas gündəminə çevrilməyə başlayıb. Çünki, ABŞ-ın təşəbbüsü ilə NATO hərbi bazaları bu ölkədən çıxarılır. Və bu, bütün dünya üçün böyük önəm daşıyan hadisə hesab olunur.
Əlbəttə, bir ölkənin ərazisindən xarici hərbi qüvvələrin çıxarılması müsbət addımdır. Çünki hər bir xalq və ölkə öz taleyini məhz müstəqil, kənar müdaxilə olmadan müəyyən etmək hüququna sahibdir. Bu, Əfqanıstana da aiddir.
Ancaq Əfqanıstanla bağlı bu önəmli faktor heç də tam şəkildə özünü doğrultmur. Əfqanıstanın öz taleyini həll etmək hüquqları təxminən 40 il əvvəl pozulub. Bu ölkəyə kənar müdaxilə ilk dəfə keçmiş SSRİ tərəfindən edilib. Əfqanıstanda mövcud olan hakimiyyəti devirib, əvəzində qondarma sosialist üsul idarəsi qurmağa çalışıllıb. Və keçmiş SSRİ-nin hərbi qüvvələri qondarma rejimi qorumaq üçün uzun müddət bu ölkəni işğalda saxlayıb.
4399813a-02e8-421e-ad77-35e69d487f5a_850.jpg (85 KB)
Sovet qoşunları Kremlin yaratdığı "Əfqanıstan bataqlığı"nı tərk etdikdən sonra isə bu ölkəni bir müddət radikal dini qruplaşmalar öz aralarında bölüşdürüblər. Nəticədə Əfqanıstan beynəlxalq terrorizmin yerləşdiyi məkana çevrilib. "Əl Qaidə"nin Yaxın Şərqdə duruş gətirə bilməyərək, Əfqanıstana sığınmasından sonrasa, ABŞ və Qərbin bu ölkəyə yönəlik yeni hədəfləri yaranıb.
Artıq məlum olur ki, bütün bunlar ABŞ-ın maraqlarından qaynaqlanan hərbi-siyasi əməliyyatdan başqa bir şey deyildi. Belə ki, Rusiya Əfqanıstanı öz aralarında bölüşdürmüş radikal dini qruplaşmalar, eləcə də, Talibanla anlaşmağa nail olmuşdu. Və bu ölkənin ərazisindən keçməklə Sakit Okeanın Çin sahillərinə yeni neft kəməri çəkməyi planlaşdırırdı. Və bu, ABŞ-ın maraqlarına qətiyyən cavab vermirdi.
Ona görə də, "Əl Qaidə"nın bu ölkəyə yerləşməsini təmin etdilər. Ardınca da iki əsas bəhanəni ön plana çıxarmaqla, NATO-nun Əfqanıstanda hərbi bazalar yerləşdirməsini arqumentləşdirdilər. Guya NATO Əfqanıstanda "Əl Qaidə" başda olmaqla, beynəlxalq terrorizmə qarşı mübarizə aparacaqdı. Eyni zamanda, əsasən radikal Taliban Hərəkatının hegemonluq etdiyi bu ölkəyə demokratiya gətirəcəkdi və insan haqlarını qoruyacaqdı.
İndi isə NATO hərbi bazaları Əfqanıstandan çıxarılır. ABŞ hərbi kontingentinin bu ölkədən çıxarılması avqustun 31-də yekunlaşdırılacaq. Üstəlik, bu barədə qərarın tez-tələsik qəbul olunduğu da inkaredilməz reallıqdır. Və bu qərarın arxasındakı əsas səbəblər də məhz tələskənlikdə gizlənir.
nato-efqan-images.jpg (12 KB)
Maraqlıdır ki, ABŞ prezidenti Co Bayden bu prosesi arqumentləşdirməyə çalışıb. Ağ Ev sahibi deyib ki, ABŞ və NATO qarşıya qoyulmuş missiyanı tamamlayıb və artıq Əfqanıstanda qalmaq üçün elə bir ciddi səbəb qalmayıb. Və onun həmin missiyanın üzərindən dolaşıq fikirlər ilə yan keçməsi isə təəccüb doğurur.
Ağ Ev sahibi Əfqanıstanda demokratiyanın bərqərar olmasından və ya insan hüquqlarının təmin edilməsindən əmindirmi? Bəlkə bu ölkədə yerləşmiş beynəlxalq terrorizmin kökü kəsilib? Axı, NATO-nun bu ölkədə hərbi bazalar yerləşdirilməsində əsas məqsəd məhz həmin iki sualın müsbət cavab tapmasını təmin etmək idi.
Deməli, ABŞ-ın Əfqanıstan planlarında bu suallara bağlı müsbət heç nə olmayıb. Əslində, Ağ Evin hədəfi başqa strateji maraqlara indeksləşibmiş. Yəni, Rusiyanın Sakit Okeanın Çin sahillərinə çəkmək istədiyi boru xəttini bloklamaq məqsədi güdürlər.
Əgər, Ağ Ev sahibi Co Bayden məhz bu hədəfi nəzərdə tutursa, haqlıdır. Rusiyanın boru kəməri bloklanıb və missiya yekunlaşıb. İndi bundan sonra Əfqanıstanda qalmaq ABŞ-a qətiyyən sərf etmir. Və hətta bu superdövlətin strateji maraqlarına zərər verir.
Deməli, çıxmaq lazımdır. Bu ölkəyə yerləşərək, beynəlxalq rəqiblərə necə zərbə vurulmuşdusa, Əfqanıstanı tərk etməklə də ilk növbədə onlar hədəfə alınmalıdır. Yəni, Ağ Ev heç bir qərarı boşuna qəbul etmir.
859d3198-fd5e-3a95-a7cf-0a26c9b41323_850.jpg (129 KB)
ABŞ Rusiya və Çini özünün iki əsas beynəlxalq düşməni elan edib. NATO qoşunlarının Əfqanıstandan çıxarılmasında da əsasən bu iki dövlətin maraqları hədəfə alınıb. Və yaxın vaxtlarda bunun ən real nəticələri ortaya çıxa bilər.
Birincisi, Rusiyanın cənub-şərq sərhədləri ətrafında geniş xaos bölgəsinin yaradılmasına çalışılır. Çünki, Taliban Əfqanıstana nəzarəti tam ələ keçirdikdən sonra Rusiyanın KTMT üzrə Orta Asiya müttəfiqləri olan Tacikistan və Türkmənistan ərazisində terror fəaliyyətinə cəhd göstərəcəyi qətiyyən şübhə doğurmur. Bu fəaliyyətin daha sonra bütün Orta Asiya ölkələrinə yayıla biləcəyi, hətta Rusiyanın sərhədləri içərisinə sıçraya biləcəyi də istisna deyil. Və bu, Rusiya üçün əsl başağrısına çevrilə bilər.
Digər tərəfdən, bu prosesin Çinə də ciddi problemlər vəd etdiyi qətiyyən şübhə doğurmur. Belə ki, Rusiyanın hədəf olduğu gələcək xaos bölgəsi Çin üçün də strateji əhəmiyyət daşıyır. Çünki Çin ilə həmsərhəd region olduğundan orada baş verənlərin bu nəhəng ölkəyə təsirsiz ötüşməsi sadəcə, mümkün deyil.
Digər tərəfdən, xaosun planlaşdırıldığı bölgə Avropadan başlayaraq, Cənubi Qafqaz və Xəzər dənizindən keçməklə, Çinə qədər uzanacaq yeni Böyük İpək Yolunun üzərində yerləşir. Yəni, xaos planı baş tutarsa, Çinin Avropa ölkələri ilə birbaşa iqtisadi-ticari marşrut qazanmaq şansları bloklanmış olacaq.
Son 30 il ərzində bu perspektivli layihə Cənubi Qafqazdakı hərbi münaqişə sayəsində əngəllənirdi. ATƏT-ın Minsk Qrupunun həmsədrləri, xüsusilə də, ABŞ və Fransa münaqişənin həllini dondurmaqla, buna nail olurdular. Və bu baxımdan, Böyük İpək Yolu layihəsi də dondurulmuş vəziyyətdə qalırdı.
F3A37367-235D-4066-8428-F723FEF72183_w408_r1_s.jpg (29 KB)
Ancaq indi vəziyyət dəyişib. Azərbaycan ordusu münaqişəni təkbaşına həll etməyə nail olub. Cənubi Qafqazda geopolitik proseslər ABŞ və Fransanın müdaxilə imkanlarından uzaqlaşıb.
Ona görə də, ABŞ-ın maraqlarına cavab verməyən Böyük İpək Yolu layihənin qarşısında olan əsas əngəl aradan qaldırılıb. Bu layihə baş tutarsa, əksər Avropa dövlətləri Asiya ölkələri, xüsusilə də, Çin ilə daha perspektivli iqtisadi-ticari tərəfdaşlıq marşrutu əldə etmiş olacaq. Nəticədə ABŞ-ın nəzarətindən kənar, üstünlük, Ağ Evin düşmən elan etdiyi Çinin dünya üzərində təsir gücünü artıra biləcək nəhəng maliyyə-iqtisadi resursların dövriyyəsini təmin edəcək yeni münasibətlər sistemi yarana bilər.
Təbii ki, bu, Ağ Ev üçün ABŞ-ın dünya hegemonluğu hədəflərini birdəfəlik iflasa uğrada biləcək ciddi bir təhlükədir. Çünki bu halda, ABŞ-ın beynəlxalq mövqelərinin böyük sürətlə sarsılması qaçılmaz olacaq. Və hətta bu halda, Çinin beynəlxalq siyasi-iqtisadi məkanda təşəbbüsü ələ keçirməsi ilə ABŞ-ın gələcək süqutu belə, ciddi müzakirə mövzusuna çevrilə bilər.
Göründüyü kimi, ABŞ-ın NATO-nu tez-tələsik Əfqanıstandan çıxartması qətiyyən boşuna deyil. Bu addım tələsik atılsa da, nəticələri tam dəqiqliyi ilə hesablanıb. Vaxtilə Əfqanıstana girməklə Rusiyanın enerji marşrutunu bloklamışdılar: İndi isə tələsik çıxmaqla Böyük İpək Yolunu əngəlləmək istəyirlər. Amma bu qəliz hərbi-siyasi manevrin hədəfə çatıb-çatmayacağı barədə danışmaq hələlik bir qədər tezdir.
Elçin XALİDBƏYLİ,
Siyasi ekspert,
"Yeni Müsavat" Media Qrupu



Instagram
Bizim Instagram kanalımıza abunə olun

Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.