Böyük Britaniyanın “Prospect” jurnalında “Aleksey Navalnıdan sonra müxalifətin Putinə qarşı vahid lideri yoxdur” başlıqlı məqalə dərc olunub. Məqalənin müəllifi Con Lloyddur. Novator.az saytı məqalənin əsas hissələrini ingiliscədən çevirərək oxucuların diqqətinə çatdırır.
1991-ci ildə Sovet İttifaqının dağılmasını “XX əsrin ən böyük siyasi faciəsi” adlandıran Rusiyanın dövlət başçısı Vladimir Putin özünün dördüncü prezidentlik müddətində bu faciəni bir xeyli dərəcədə kino lenti kimi geri çevirə, filmin əvvəlinə qayıda bilib.
Rusiyada getdikcə dövlətin və Kremlin insanlara təsir gücü və vətəndaş cəmiyyətinə təzyiqi artır. Cəmiyyətin böyük qismi təhdid altındadır. Əhalinin yarıdan çoxu, hətta sovet dövrünü görməyənlər belə keçmiş üçün darıxdığını dilə gətirir.
“Levada” sorğu mərkəzinin rəhbəri Lev Qudkov yerli mediaya açıqlamasında ölkənin hələ də totalitarizmə tərəf sürükləndiyini deyir: “Azadlığın, mədəniyyətın, mənəviyyatın, maarifçiliyin, dinin və elmin məkanları get-gedə daralır. Siyasət institusional sahə kimi yoxa çıxıb. Kütlə böyük dövlət ideyası ilə yaşamaqda davam edir. Qərbə nifrət hissi bu ideyanın bir parçasıdır”.
Tarixçi İrina Proxorova Almaniya mediasına açıqlamasında bildirir ki, küçədə-bayırda tanış olduğun insanların çoxu Qərb haqqında mənfi fikirlər səsləndirir: “Sonra da öyrənirsən ki, həmin adamlar əmanət pullarının hamısını uşağını xaricdə oxutmağa xərcləyib. Bu, riyakarlıqdır. Sovet dəyərlərinin geri qayıtması mühüm bir problemi – cəmiyyətin riyakarlığı problemini də geri qaytarıb”.
Bir sıra rusiyalı dissidentlər kimi xaricdə – Baltikyanı ölkələrinin birində yaşayan Maksim Trudolyubov “Meduza” saytında dərc olunan essesində qeyd edir ki, Kreml liderləri daima “təhdid böhranı” yaradır, “təxribatçılar”, “daxili düşmənlər” yetişdirir: “Kreml elə mənzərə formalaşdırır ki, sanki xalq təhlükə altındadır və bu xalqın liderləri “milli qurtuluş” düşüncəsi ilə hərəkət etməlidirlər. Rusiyanın siyasi ritorikasının təhdidlərlə dolu olması heç də təsadüfi deyil”.
Bəzi rusiyalı siyasətçilər də Lev Qudkov kimi bədbin fikirlərdədirlər.
“R Politik” kosaltinq şirkətinin rəhbəri Tatyana Stanova deyir ki, bu gün müxalifətlə mübarizədə siyasi üstünlük tam şəkildə hakimiyyətdədir. Onun sözlərinə görə, “xarici agentlər”, “arzuolunmaz təşkilatlar”, “ekstremist, vətəndaşların şəxsi həyat toxunulmazlığını və digər hüquqlarını pozan QHT-lər” kimi düşmən obrazlarından həm ayrı-ayrı şəxsləri, həm də vətəndaş cəmiyyəti institutlarını sıradan çıxarmaq üçün istifadə olunur: “Bu isə onları siyasətə qatılmaq imkanından məhrum edir. Rusiyanın bu ilin sentyabrında keçiriləcək seçkilərdə yenilənəsi qanunvericilik orqanı – Dövlət Duması məhz bu cür siyasət yürüdən tərəflər arasındadır”.
Kreml böyük bir problemin – əsas siyasi rəqibi sayılan Aleksey Navalnının öhdəsindən gəlməyi bacardı. Keçən ilin avqust ayında zəhərləndikdən sonra Almaniyada müalicə alan və cəsarətlə Rusiyaya qayıdan Navalnı həbs edildi. Müxalifət lideri 2 il 6 ay müddətinə azadlıqdan məhrum olunaraq Rusiyanın ən sərt rejimli cəzaçəkmə müəssisələrindən birinə – Pokrova həbsxanasına göndərildi. Onun başçılıq etdiyi təşkilatın da fəaliyyətinə qadağa qoyuldu.
Moskva Karneqi Mərkəzinin (hələ ki, məhdud sayda fəaliyyət göstərən Qərb institutlarından biri) baş elmi işçisi Andrey Kolesnikovun sözlərinə görə, Navalnı hazırda ictimaiyyətin diqqət mərkəzindən kənarda qalıb.
2021-ci ilin əvvəlində nəşr etdirdiyi, Rusiyanın çağdaş siyasətindən bəhs edən esselərinin birində Kolesnikov yazır ki, Navalnının geri qayıtması və həbs olunması, görünür, Rusiyada ictimaiyyətin ona etimadını və dəstəyini azaldıb: “Navalnının əhalini Rusiyada nümayişlərə çağırmasına, Qara dəniz sahilində Putinin sifarişi ilə tikildiyi iddia olunan nəhəng sarayın video görüntüləri də daxil olmaqla korrupsiya hallarını ifşa etməsinə, habelə prezidentin Vahid Rusiya Partiyasını durmadan tənqid atəşinə tutmasına son qoyulub”.
Ancaq Kolesnikov etirazların dayanmayacağı qənaətindədir: “Biz indi regionlarda baş verənləri görəcəyik. Navalnı əsasən mərkəzi hakimiyyətə köklənmişdi. Bu, məntiqlidir, çünki bütün tarixi dəyişikliklər Kremldə baş verib. Ancaq bölgələrdə insanlar öz yerli hüquqlarının hayındadır”.
Ötən il Uzaq Şərqdə – Xabarovsk şəhərində tanınmış qubernatorun həbsi insanların küçələrə axışmasına səbəb oldu. Başlanğıcda polis demək olar etirazçılara müqavimət göstərmədi.
Rusiya Federasiyasının Başqırdıstan Respublikasında da ekoloji problemlərə qarşı etirazlara dəstək verənlərin sayı çox oldu.
2019-cu ildə də minlərlə insan Yekaterinburqda parkın ortasında kilsənin tikilməsinə etiraz etmişdi.
Rusiyada müxalif fikrə basqının paytaxtda daha güclü olması üzündən rejimə qarşı çıxanların Moskvanı tərk etməsi halları xeyli artıb.
Dövlət Dumasının tanınmış müxalif üzvü Dmitri Qudkov (Lev Qudkov ilə əlaqəsi yoxdur) iyun ayında Rusiyanı tərk edib. O, ölkədə qalacağı təqdirdə saxta ittihamlarla həbs olunacağını bildirib.
Qələm dostu İrina Boroqanla birlikdə Rusiya təhlükəsizliyinə dair mükəmməl kitablar yazan Andrey Soldatov deyir ki, rejim ölkənin sığınacaqlarında üsyan edə biləcək gənc nəsil yetişdirməklə məşğuldur.
Hazırda Rusiyada etiraz və narazılığın vahid lideri yoxdur. Rusiyalıların əksəriyyəti müxalifət təmsilçisinin fikirlərini dəstəkləmək əvəzinə onu güllələməyi üstün tutsa da, hər halda indi bu ölkədə sovet dövrü ilə müqayisədə etirazların geniş vüsət alması üçün daha böyük zəmin var.
Lev Qudkov indiki gəncliyin davranış və ünsiyyət metodlarına görə əvvəlki nəslin gənclərindən fərqləndiyini vurğulayır. O bildirir ki, indiki gənclər Qərbə daha meyillidir və onlar zorakılığa daha çox təpki göstərirlər: “Navalnın susdurulması fərqli baxışların sonu demək deyil. Onun həbsi sadəcə şiddətə qarşı yönəlmiş etirazlara yox, daha geniş etirazlara gətirib çıxara bilər”.
Andrey Soldatov şagirdlərin məktəblərdə müəllimlərin təcavüzkar davranışlarını telefonla çəkdiyini misal göstərir. O, yetişməkdə olan gənc nəslin düşüncə tərzinə görə sovet sistemində təhsil alan məktəblilərdən fərləndiyini bildirir. Bu isə o deməkdir ki, Rusiyada dəyişiklik etməyə çalışanların ümidi gənc nəslədir.
Maksim Trudolyubov yazır: “Əlbəttə, həbslər, cəzalar və cərimələr, “agent” damğaları real problemlərdir. Bunlara sadəcə bir çətinlik kimi yanaşmaq yanlışlıq olardı. Hakimiyyət çox dərinə gedə bilər, ancaq axıra qədər gedə bilməz. Bu gün Rusiya cəmiyyətində vəziyyətə tam nəzarət etmək üçün qarşılıqlı əlaqələr və proseslər mövcuddur. Amma idarəolunan utopiya üçün lazım olan ictimai passivlik rejimə lazım olan səviyyədə də deyil”.
Trudolyubovun fikrincə, tam inzibati nəzarət, yəni dövlətin hər kəsi eyni anda idarə etməsi mümkünsüzdür: “Hakimiyyətin “allahlıq” iddiası cəmiyyətin onun “dinini” qəbul etməsi məntiqinə söykənir. Ancaq cəmiyyət birçalarlı icma deyil. Rusiyanın mürəkkəb ictimai həyatında fəal iştirak edən də təkcə hakimiyyət deyil. Rusiyada hakimiyyətin total inzibati idarəçilik üçün arzuladığı həddə passivlik yoxdur”./musavat.com/