Rusiya MN-in Şuşa açıqlaması: etiraf, yoxsa dəhşətli səhv?

15-07-2021, 14:41   




Rusiya sülhməramlı kontingenti Qarabağ bölgəsində tapşırıqları layiqincə yerinə yetirə bilmir. Son günlər baş verən hadisələr də bunu təsdiqləyir. Sülhməramlı kontingent ya ermənilərə nəzarət edə bilmir, ya da onların həddini aşmasına məqsədyönlü şəkildə şərait yaradır.
Bu sözləri Axar.az-a açıqlamasında politoloq Qabil Hüseynli Rusiya Müdafiə Nazirliyinin rus sülhməramlılarının müvəqqəti yerləşdiyi ərazidən erməni terrorçularının Şuşaya açdığı atəşlə bağlı verdiyi açıqlamanı şərh edərkən deyib.
Q.Hüseynli qeyd edib ki, Rusiya Müdafiə Nazirliyinin Şuşa istiqamətində baş verən insidentlə bağlı açıqlaması anlaşılan deyil və qərəzlidir:
“Birincisi, açıqlamada Rusiya sülhməramlı kontingentinin Qarabağ bölgəsində tapşırıqları yerinə yetirməyə davam etdiyi bildirilib. Lakin reallıq ondan ibarətdir ki, son günlər erməni qanunsuz silahlı birləşmələri məhz Rusiya sülhməramlı kontingentinin müvəqqəti nəzarətində olan ərazilərdən atəş açmaqdadır. Bu necə tapşırıq yerinə yetirməkdir?
İkincisi, “atəşkəs bütün təmas xəttində müşahidə edilir” ifadəsi ciddi bir siyasi səhvdir. Hansı atəşkəs? Hansı təmas xətti?
44 gülük müharibədən sonra 27 ildir mövcud olan təmas xətti və əməl edilməyən atəşkəs də məhv edildi. Bu gün Qarabağda Azərbaycan silahlı qüvvələri və Rusiya sülhməramlı kontingenti mövcuddur. Rusiya ilə Azərbaycan arasında hansısa bir gərginlik yoxdur ki, təmas xətti və atəşkəs də olsun. Söhbət əgər burada erməni tör-töküntülərindən gedirsə, deyə bilərəm ki, rəsmi Bakı onları günü bu gün məhv edə bilər. Heç bir halda Qarabağda Ermənistan hərbçiləri ilə Azərbaycan Ordusu arasında təmas xətti və atəşkəs yoxdur. Çünki 10 noyabr bəyanatında bu və digər məsələlər öz əksini tapıb. Bunu Azərbaycan, Rusiya və Ermənistan dövlət başçıları da imzalayıb, qəbul edib.
Üçüncüsü, Rusiya MN-in bəyanatında qeyd edilib ki, Azərbaycan və Ermənistan silahlı qüvvələrinin bölmələri arasında atıcı silahlardan dağınıq atəş müşahidə edilib. Qarabağda Ermənistan silahlı qüvvələri? Bu bir etirafdır, yoxsa siyasi səhv? Məsələ ondadır ki, son bir neçə gündür Rusiya sülhməramlılarının müvəqqəti nəzarətində olan ərazilərdən qanunsuz erməni silahlı birləşmələri Şuşa ətrafı ərazilərə atəş açır. Yəni söhbət Ermənistan-Azərbaycan dövlət sərhədindən yox, Qarabağdan gedir. Bu zaman belə bir sual yaranır: Qarabağda Ermənistan silahlı qüvvələrinin nə işi var? Rusiya 10 noyabr bəyanatının müvafiq bəndinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin qeyd-şərtsiz Azərbaycan ərazisindən çıxartmalı idi. Belə çıxır ki, rəsmi Moskva 10 noyabr bəyanatının əsas bəndini gerçəkləşdirməyib. Nəticə etibarilə Rusiya Müdafiə Nazirliyinin Şuşaya açılan atəşlə bağlı verdiyi bəyanat bir çox həqiqəti gün üzünə çıxarır. Məsələ ilə bağlı əsaslı iş görülməli, Rusiya tərəfinə xəbərdarlıq edilməlidir. Ölkə başçısının son çıxşlarından da görünür ki, Azərbaycan ermənilərin ardıcıl gərginlik yaratma cəhdinə səssiz qalmayacaq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.