Bakı Yavru Vətəni rəsmən tanıya bilərmi? – Şərh

17-07-2021, 12:54   




10:35
Milli Məclisin bir qrup üzvünün Şimali Kiprə - Kuzey Kıbrıs Türk Cümhuriyyətinə səfəri bu ölkənin azad olunmasının 47-ci ildönümü ilə bağlı keçirilən tədbirlərdə iştirakla əlaqəlidir. Nümayəndə heyəti adada iyulun 20-də Sülh və Barış günü tədbirlərində də iştirak edəcək. Bu tədbirlərdə Türkiyə Cümhurbaşqanı Rəcəb Təyyub Ərdoğan da iştirak edəcək. Ərdoğan Kıbrısda adanın gələcək taleyini müəyyənləşdirəcək vacib açıqlamalar səsləndirəcəyinin anonsunu da verib.
Axar.az xəbər verir ki, bu sözləri “Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu qeyd edib. O bildirib ki, Azərbaycan rəsmən Kuzey Kıbrıs Türk Cümhuriyyətini tanımasa da, Bakı ilə Lefkoşa arasında hər zaman əlaqələr olub:
“Əgər ilkin illərdə bu əlaqələr Ankara üzərindən qurulurdusa, sonrakı illərdə birbaşa təmaslar da həyata keçirilməyə başladı. KKTC-nin Bakıda Nümayəndəliyi fəaliyyət göstərir. Azərbaycanın məhrum dövlət başçısı Heydər Əliyevin dəvəti ilə KKTC-nin mərhum lideri Rauf Denktaş Bakıda oldu, fikir mübadiləsi aparıldı. Bundan başqa, deputatlarımız, jurnalistlərimiz və QHT təmsilçilərimiz zaman-zaman Kuzey Kıbrıs Türk Cümhuriyyətinə səfərlər edirlər.
Buna baxmayaraq, “rəsmi Bakı KKTC-nin müstəqilliyini tanıya bilərmi” sualı hər zaman səslənib. Azərbaycanın Qarabağ müharibəsində qələbəsindən sonra bu suallın aktuallığı daha da artıb. Çünki keçmiş illərdə əsas arqument bu idi ki, rəsmi Bakı KKTC-ni müstəqilliyini tanısa, Yunanıstan və Kipr Yunan Respublikası da Qarabağ separatçılarını tanıyacaq. Bu arqument hazırda zəifləyib. Çünki yunanların tanıya biləcəyi məkan xeyli daralıb, heç ermənilərin özləri də müharibədəki məğlubiyyətdən sonra “müstəqillikdən” danışmırlar. Ancaq orası da var ki, Yunanıstan bizə başqa pisliklər etməyə çalışacaq. Onsuz da müharibə günlərində yunanlar var gücləriylə Ermənistanı müdafiə edir, ermənilərin təxribatçı xəbərlərini yayırdılar. Bunların da mümkün zərərini hesablamaq lazımdır. Əslində Azərbaycanla yanaşı bir neçə türkdilli ölkə birgə KKTC-nin müstəqilliyini tanıyarsa, bu, işin xeyrinə olacaq və Afina türkdilli dövlətlərin kollektiv qərarına qarşı aciz qalacaq”.
Politoloq vurğulayıb ki, Ankara KKTC-ni tanımaq məqsədilə əvvəllər də Bakıya təzyiq etməyib, indi də etmir:
“Ancaq Ankaranın Bakıdan və digər türkdilli dövlətlərdən ricası var: KKTC ilə sıx iqtisadi əlaqələr qurun, hava nəqliyyatı əlaqələri yaradın, birbaşa turist səfərləri təşkil edin. Bəli, bunu etməyə bizə heç nə mane olmur. Onsuz da bir gün gələcək beynəlxalq aləm Kosovanın müstəqilliyini tanıdığı kimi, Kuzey Kıbrıs Türk Cümhuriyyətinin də müstəqilliyini tanıyacaq. Bu, adada yaşayan türklərin təbii haqqıdır. Adadakı türklərin buna mənəvi haqqı çatır. 1960-1970-ci illərdə soyqırıma məruz qalan da türklər oldu, BMT-nin keçmiş baş katibi Kofi Annanın planına “hə” deyən də türklər idi. Ancaq ABŞ və Avropa yunanların yanında oldu, demək, biz də soydaşlarımızın - türklərin yanında olmalıyıq”.
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.