Azərbaycanda da onlarla jurnalist, hüquq müdafiəçisi, vəkil və siyasi fəallara qarşı casus proqramından - Pegasusdan istifadə olunduğu iddia edilir.
İsrailin NSO Group şirkətinə məxsus bu proqramın istifadəsi ilə bağlı iddialar nüfuzlu media qurumlarının bazar günü yayımlanan araşdırmasında yer alıb.
Araşdırmada deyilir ki, NSO Group şirkətinin müştərilərinin marağında olduğu iddia edlən şəxslərə məxsus 50 min telefon nömrəsindən ibarət siyahı iri media qurumlarına sızdırılıb.
NSO Group hər hansı bir qanun pozuntusu iddialarını rədd edib və araşdırmanın "yanlış fərziyyələr və təsdiqlənməmiş nəzəriyyələrlə dolu" olduğunu deyib.
Sosial şəbəkələrdə bəzi azərbaycanlı jurnalistlər, ictimai-siyasi fəallar və hüquq müdafiəçiləri adlarının bu siyahıda olduğunu iddia ediblər.
Onlar bu məsələni "qanun pozuntusu" və "şəxsi həyata müdaxilə" adlandırır və buna görə Azərbaycan hakimiyyətini ittiham edirlər.
Azərbaycan rəsmilərinin bu araşdırmaya reaksiyası hələ məlum deyil.
Pegasus nədir?
Pegasus iPhone və Android cihazlarına yoluxur və operatorlara mesajlar, fotoşəkillər və e-poçtlar çıxarmaq, zəngləri qeyd etmək və mikrofonları gizlicə aktivləşdirmək imkanı verir.
İsrail şirkətinin hazırladığı Pegasus casus proqramından onu alan "bəzi avtoritar dövlətlər"in ictimai-siyasi fəallar, jurnalistlər, iş adamları və siyasətçilər daxil olmaqla çoxlu adamı izləmək üçün istifadə etdiyi iddia olunur.
Proqramın bu cür istifadəsi ilə bağlı iddialar bazar günü Washington Post, Guardian, Le Monde və dünyanın digər 14 media qurumu tərəfindən yayımlanıb.
Siyahıda 180 jurnalistin adı olduğu bildirilir. Bu jurnalistlər Frans-Press, CNN, New York Times, Al Jazeera və başqa media orqanlarında çalışırlar.
Siyahıda adları yer alanların arasında öldürülən səudiyyəli jurnalist Camal Kaşıkçıya yaxın iki qadın və maşınyuma yerində öldürülən Cecilio Pineda Birto adlı bir meksikalı jurnalist də var.
Daha geniş siyahıya dövlət və hökumət başçıları, Ərəb Krallığı ailəsinin üzvləri və iş adamları da daxildir.
Yayımlanmış siyahının haradan əldə edildiyi və ya kimlərin telefonlarının həqiqətən hücuma məruz qaldığı aydın deyil.
NSO Group hər hansı bir qanun pozuntusu iddialarını rədd edir.
NSO Group deyir ki, hazırlanmış araşdırma "yanlış fərziyyələr və təsdiqlənməmiş nəzəriyyələrlə doludur".
Azərbaycanın adı çəkildiyi araşdırmanı çap edən Jurnalistlərin Mütəşəkkil Cinayətkarlıq və Korrupsiyanı Araşdırma Layihəsinin (OCCRP) saytında yazılır ki, Azərbaycan hökumətinin NSO Group-un müştərisi olmasına və ya sözügedən siyahıda adı çəkilənlərin hədəfə alınmaq üçün seçildiklərinə dair qəti bir sübut yoxdur, amma dəlillərin çəkisi belə güman yaradır.
Araşdırmaçı jurnalistlərə görə, siyahıda olan mobil nömrələrdən ikisinin Pegasus proqramına yoluxdurulduğu "təsdiqlənib".
Həmçinin qeyd olunur ki, NSO Group Azərbaycan haqqında verilən spesifik suallara cavab verməyib, amma bildirib ki, layihədə jurnalistlərin istifadə etdiyi məlumatlar təhrif olunub. Şirkət, həmçinin "müştərilərinə proqramdan sui-istifadə etmələrinə icazə vermədiyini" və bu proqramın "yalnız cinayətkar və terroristləri izləmək üçün" olduğunu deyib.
Azərbaycan rəsmiləri ölkənin adının Pegasus casus proqramı qalmaqalında çəkilməsi barədə şərh verməyib.
Şirkət proqramın cinayətkarlara və terrorçulara qarşı istifadə üçün nəzərdə tutulduğunu və yalnız insan hüquqlarının yaxşı qorunduğu ölkələrin hərbi, hüquq-mühafizə və kəşfiyyat orqanlarına təqdim edildiyini söyləyir.
İyulun 19-da NSO Group-un Baş icraçı direktoru Shalev Hulio mediaya bildirib ki, araşdırmada irəli sürülən iddiaların əksəriyyəti həqiqətə uyğun deyil. O, həmçinin sızdırılmış siyahıdakı nömrələrin şirkətin proqramı ilə hədəfə alındığını mübahisələndirib. Lakin o, son bir ildə insan haqlarının pozulması ilə əlaqədar narahatlıqlarına görə iki müştəri ilə müqavilələrin ləğv edildiyini və "hər şeyi araşdırdıqlarını" deyib.
WhatsApp Pegasusun yazıldığı 1400 mobil telefona edilən kiber hücumun arxasında NSO şirkətinin olduğunu iddia edərək 2019-cu ildə onu məhkəməyə vermişdi.
O vaxt NSO Group bu iddiaları təkzib etsə də, şirkətin WhatsApp istifadə etməsi qadağan edilmişdi.
Hədəflərin adları ilə bağlı daha ətraflı məlumatın yaxın günlərdə yayımlanması gözlənilir. Hədəflər arasında məşhur araşdırmaçı jurnalist Xədicə İsmayılın da olduğu bildirilir.
OCCRP-nin saytında deyilir ki, onun telefonu 2019-2021- ci illər arasında, əsasən, iMessage tətbiqi vasitəsilə mütəmadi olaraq istismar edilib.
Adının casus proqramıyla izlənən şəxslərin siyahısında olduğunu iddia edən jurnalist Sevinc Vaqifqızı "siyahı barədə biləndən sonra telefonu əlimə alanda elə bilirəm ki, kiminləsə əl-ələ tutub gəzirəm, o adam bilir ki, hara gedirəm, kiminlə görüşürəm, nə danışıram, hansı məkandayam, elə bil ki, tək gəzmirəm, kiminləsə bərabər addımlayıram," -deyir.
O əlavə edir ki, telefonunun izlənilməsi barədə ona məlumat veriləndən sonra telefonu bir proqramçı tərəfindən yoxlanıb və orda izləmə proqramı aşkarlanıb.
Sevinc Vaqifqızının sözlərinə görə, jurnalistlər ona "Azərbaycan hökuməti tərəfindən 2019-cu ildən bəri izləndiyini" deyiblər.
"Bu xəbərə bir anlıq şok oldum. Biz bilirdik ki telefon zənglərimizi dinləyirlər, lap uzağı, telefonun mesaj bölməsinə gələn mesajları oxuya bilərlər. Amma heç vaxt təsəvvürümə belə gətirməzdim ki, hökumət həm zənglərimizi, internetdeki bütün addımlarımızı izləyir, telefonumuzun kamerası vasitəsilə bizim olduğumuz məkanları izləyə bilir, bütün hallarda bizim harada olduğumuzu müəyyənləşdirə bilir. Bütün səsli və yazılı mətnləri yaddaşda saxlaya bilir,"- jurnalist qeyd edir.
Sevinc Vaqifqızı iddia edir ki, Azərbaycanda 1000 nəfərdən artıq şəxs bu üsulla izlənilib.
O bu halı "qəbuledilməz" və "qanun pozuntusu", "şəxsi və işgüzar həyata, jurnalistin işinə müdaxilə" hesab edir.
Jurnalist hesab edir ki, toplanılan informasiyalar, qarayaxma, işgüzar nüfuza xələl gətirmək üçün istifadə edilə bilər.
Sevinc Vaqifqızı düşünür ki, müstəqil jurnalistlərin təqib edilməsinin səbəbi "hökumətin nəzarəti altında çalışmadıqları üçündür".
Sevinc Vaqifqızı məsələ ilə bağlı əvvəlcə yerli məhkəmə instansiyalarına və "ədalətli qərar verilməsə", Avropa Məhkəməsinə müraciət edəcəyini deyir.
Azərbaycan hökumətinin bu iddialara reaksiyası məlum deyil.
Vəkil Aqil Layıc da adının "izlənilənlər siyahısı"nda olduğunu deyir.
O deyir ki, bir müddətdir telefon danışıqlarına müdaxilə olunması çox aydın şəkildə hiss olunub.
"Danışmaq mümkün deyildi… Hərdən zarafatla deyirdim ki, imkan verin, danışaq… Xışıltı eşidilirdi, arada səslər gəlirdi, sanki danışığa üçüncü şəxs qoşulurdu,"- vəkil deyir.
Vəkil hesab edir ki, təqib olunması ictimai fəaliyyəti, siyasi iradəsinə görə təqib edilənləri müdafiə etməsi, vətəndaş cəmiyyətinə yaxın olması və tənqidi fikirlərinin olması ilə əlaqəlidir.
Cənab Layıc bu hadisəni "kibercinayətkarlıq" və "şəxsi həyata müdaxilə" adlandırır və bu, ölkə üçün xoşagələn hal deyil.
Onun sözlərinə görə, siyahı tam təsdiq olduqdan sonra orada adları olan digər şəxslər də, o da məhkəmə instansiyarına müraciət edəcəklər.
"Qorxacaq bir şeyim yoxdur, terrorçu deyiləm, gördüyüm işlə qürur duyuram, fəaliyyətimə davam edəcəyəm,"- o deyir.
Siyahıda adının olduğu iddia olunan "Yeni Müsavat" qəzetinin Baş redaktoru Rauf Arifoğlu yerli mediada yayımlanan siyahını "absurd" adlandırır.
"Bu məlumatla qismi tanış olmuşam, siyahıların da bir hissəsini gözdən keçirmişəm, əgər siyahılar orada göstərilən kimidirsə, bu bir anekdotdur, gülüncdür, çünki orada siyahının yarısından çox elə insanlardır ki, onların dinlənilməsinin heç bir əhəmiyyəti yoxdur, xüsusən də Azərbaycan hakimiyyəti üçün,"- o deyir.
Rauf Arifoğlu hesab edir ki, ya məlumat çox şişirdilib və çoxlu adlar əlavə olunub, ya da bu, "tamamilə təxribatdır".
O, Azərbaycan hakimiyyəti tərəfindən izlənilməsi iddiasına "mən belə bir ehtimala qəti şəkildə yol vermirəm" deyə cavab verib.
"Siyahı absurddur, oradakılarn 70-80 faizi heç bir maraq, informasiya və başqa sirr daşıyıcısı deyillər", Rauf Arifoğlu qeyd edib.
Hakim partiya- YAP-dan millət vəkili Aydın Mirzəzadə yayılmış siyahının mənbəyini sorğulayıb.
"İstənilən məlumat haqqında fikir bildirmək üçün onun haradan qaynaqlandığını bilmək lazımdır. Bu nə təşkilatdır, hansı metodologiya ilə, hansı mənbələrlə bu nəticəyə gəlib?"- o, BBC News Azərbaycancaya deyib.
"Araşdırmanı aparan təşkilat hansı mənbədən istifadə edib, nə dərəcədə o mənbə etibarlıdır, bunu nə ilə təsdiq edə bilir və onun məlumatlarını yoxlamaq üçün hansı yoxlayıcı mexanizmlər var, bunları ortaya qoysun sonra o dediyinə fikir bildirək,"- o deyib.
Araşdırma yayıldıqdan bəri Azərbaycan hakimiyyəti və rəsmi qurumlar hələ ki, iddialarla bağlı açıqlama verməyiblər.
BBC News Azərbaycanca Prezident Administrasiyasından və Nazirlər Kabinetindən məsələyə reaksiya ala bilməyib. Dövlət Təhlükəsizlik Xidməti ilə əlaqə saxlamaq mümkün olmayıb.