1990-cı ildən 2005-ci ilə qədər Qırğızıstana rəhbərlik etmiş Əsgər Akayev Rusiya tərəfindən Qırğızıstan hüquq-mühafizə orqanlarına təhvil verilib. “AzPolitika.info” xəbər verir ki, avqustun 2-də qəbul edilmiş bu qərarla bağlı Rusiya mətbuatı Qırğızıstan
Dövlət Təhlükəsizlik Komitəsinə(DTK) istinadla xəbər yayıb. Artıq Akayevin Buşkekə gətirildiyi və DTK-da dindirildiyi bildirilir.
Xatırladaq ki, xalq etirazları səbəbilə devrilmiş Qırğızıstanın keçmiş prezidentləri Əsgər Akayev və Kurmanbek Bakiyev ötən ayın əvvəllərində ölkədəki
“Kumtor” qızıl yatağı ilə bağlı başladılmış cinayət işi üzrə beynəlxalq axtarışa veriliblər. Qırğızıstan DTK-sının sədri Qamçıbek Taşiyev həmin vaxt keçirdiyi mətbuat konfransında demişdi ki, “Kumtor” qızıl yatağı ilə bağlı korrupsiya ilə məşğul olan şəxslər arasında daha bir neçə keçmiş yüksək vəzifəli məmur da var.
Qeyd edək ki, Kanadanın “Centerra Gold Inc.” şirkəti 700 tona yaxın ehtiyatı olan “Kumtor” qızıl yatağını 30 ilə yaxındır işlədir. Qırğızıstan ekoloji normaların pozulması və mədənin işlənməsi zamanı vergilərdən yayınmaya görə şirkətə qarşı 4.2 milyard dollarlıq maliyyə iddiası irəli sürüb.Maraqlıdır ki, adətən Moskva keçmiş SSRİ respublikalarına rəhbərlik etmiş və “öz adamı” hesab edərək sığınacaq verdiyi şəxsləri həmin ölkələrin istintaq orqanlarına təhvil vermir. Bu səbəbdən Akayevin Qırğızıstana verilməsi gözlənilməz addım hesab olunur.
“AzPolitika.info”