Milli Məclisdə polisi döyən deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğvinə dair Baş prokurorun təqdim etdiyi təqdimatın müzakirələri zamanı deputat Tahir Kərimli həmkarını müdafiə etməyə çalışıb. Lakin spiker Sahibə Qafarova ona sərt reaksiya verib və Tahir Kərimlini Eldəniz Səlimovla polis əməkdaşı arasında qarşıdurma zamanı qeydə alınmış səs yazısına qulaq asmağa çağırıb.
“Bu gün hər birimizin içində kədər var. Bu onunla bağlı deyil ki öz həmkarımızın qələmini qırırıq. Burda hər bir deputatı nüfuzu üçün zərbə görürük. Mən də hiss edirəm ki, xalqımızın gözündə kiçildik. İntizam Komissiyasının qərarını alqışlayıram. Çünki o iclasda ancaq xəsarət yetirmədən danışılıb”,-Milli Məclisin sədri təqdimatla bağlı çıxışında deyib.Milli Məclisin İnsan hüquqları komitəsinnin sədr müavini Tahir Kərimli isə deyib: “Niyə polis gedib öz rəhbərinə məlumat vermədi? Deməli, polisin yiyəsi var, ancaq deputatın yiyəsi yoxdur. İndi biz neyləyək, rayonlara gedəndə polis bizə hərbi salam verirdi, indi bizmi onlara hərbi salam verək? Hər gün bizə polis orqanlarından dəfələrlə şikayətlər gəlir. Mən bilirəm ki, Eldəniz Səlimov mənə heç nə edə bilməz. Amma digər rəsmi qurumlar haqqımda axtarıb nəsə tapa bilər. Hərəmizi bir adla götürüb deputat səlahiyyətindən məhrum edək. Onda camaat da düz deyir ki, birdəfəlik bu parlamenti buraxaq”.
Sahibə Qafarova isə bildirib ki, deputatın yiyəsi xalqdır: “Şəxsən mən sizi iclasdan sonra kabinetimə dəvət edəcəm. Siz 10 dəqiqəlik səsə qulaq asmağa məcbur edəcəm. Mən özüm kabinetdən çıxacam siz ona qulaq asarsınız. Sizin çıxışınız məni məyus etdi”. ***
Xəbər verildiyi kimi, bu gün Milli Məclis deputat Eldəniz Səlimovun toxunulmazlığının ləğvi məsələsinə baxır. Bir gün əvvəl Milli Məclisin intizam komissiyası Baş prokurorun bu barədə təqdimatına baxıb və müsbət rəy verib. Bu günkü iclasda isə məsələ ümumi müzakirəyə çıxarılıb, müzakirələrdə Baş prokuror Kamran Əliyev çıxış edərək Eldəniz Səlimovun toxunulmazlığının ləğvi barədə təqdimatı əsaslandırıb.
Baş prokuror deyib ki, Azərbaycanda pandemiya ilə mübarizədə Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla mübarizə aparır, Birinci vitse-prezident Mehriban Əliyeva da bu mübarizəyə mühüm töhfə verir: “Nazirlər Kabineti yanında Operativ Qərargahın koordinasiyası ilə bu sahədə ardıcıl işlər görür. Bu sahədə əsas ağırlıq Daxili İşlər Nazirliyinin əməkdaşlarının üzərinə düşür. Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevin 6 polis əməkdaşı ilə birgə iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən, Eldəniz Səlimovun qohumuna məxsus “Starıy Dvor” restoranına gəldiyini və karantin qaydalarına uyğun olaraq restoranın gecə saat 12-dən sonra işləməməsini tələb etdiyini öyrənib. Eldəniz Səlimov bununla əlaqədar Zaur Mirzəyevin atası Cavanşir Mirzəyevə zəng vurub və Zaur Mirzəyevi restorana dəvət edib, ona qarşı zorakılıq edib”.
Baş prokuror bildirib ki, polis əməkdaşına xidməti vəzifələrinin icrası ilə əlaqədar zor tətbiq edilməsi barədə Daxili İşlər Nazirliyindən daxil olmuş material Baş Prokurorluqda araşdırılıb. Toplanmış material üzrə Cinayət Məcəlləsinin 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddəsi ilə cinayət işi başlanıb və istintaqın aparılması Baş Prokurorluğun İstintaq İdarəsinə tapşırılıb. Hazırda iş üzrə intensiv istintaq hərəkətləri aparılır.
Baş prokuror deputatları təqdimata səs verməyə çağırıb.
Parlamentin İntizam komissiyasının sədri Eldar İbrahimov Baş prokuror Kamran Əliyevin təqdimatı ilə bağlı çıxış edib. E. İbrahimov bildirib ki, dünən İntizam komissiyasının iclasında təqdimata rəy verilib. Rəydə bildirilib ki, təqdimatın verilməsi üçün kifayət qədər əsas var və İntizam komissiyası təqdimata rəy verib. Komitə sədri bildirib ki, hər kəs qanun qarşısında bərabərdir: “Komissiyanın 11 üvü buna müsbət rəy verib. Bu, parlament üçün çox böyük ləkə oldu. Biz parlamentin şərəfini qorumalıyıq. Bu hadisə bizim üçün dərs olacaq”.
Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev isə həmkarına qarşı daha kəskin danışıb, onu "Azərbaycan zabitinə qarşı dələduzluqda" ittiham edib. “Təəssüflər olsun ki, bu gün biz müzəffər Milli Məclisin bir üzvünün Azərbaycan zabitinə qarşı dələduzluğunu müzakirə edirik. Bizim deputat həmkarımız Eldəniz Səlimov bağışlanmaz hərəkətə yol verib”.
Onun sözlərinə görə, belə bir məsuliyyətsiz hərəkətin tödərilməsi deputatların hər birinin nüfuzuna xələl gətirir: “Burada xuliqanlıq, özbaşınalıq, qanuna hörmətsizlik elementləri var. Biz qanunlar qəbul edirik. Eldəniz Səlimovun özü çıxış etsəydi daha yaxşı olardı. Biz o insanla YAP-da da siyasi həmfikir olmuşuq. Hesab edirəm ki, cəmiyyətin də diqqəti bu müzakirələrdir. Cəmiyyət də görsün ki, Milli Məclis belə hərəkətləri bağışlamır”.