“Delta” ən çox gəncləri və uşaqları hədəf alır?

7-08-2021, 09:53   




Ölkədə yoluxma sayı yenidən 4 rəqəmli həddə çatdı; həkimlərdən yeni dalğa ilə bağlı əhaliyə çağırış...

Dünyada və Azərbaycanda koronavirusla bağlı vəziyyət getdikcə kritikləşir. Ölkəmizdə koronaya yoluxma sayı artıq 4 rəqəmliyə çatıb. Son statistik məlumata əsasən, 1242 yeni yoluxma faktı qeydə alınıb, 345 nəfər müalicə olunaraq sağalıb. Nazirlər Kabineti yanında Operativ Qərargahdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 8 nəfər vəfat edib.
İndiyədək ölkədə ümumilikdə 349316 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 334258 nəfər müalicə olunaraq sağalıb, 5051 nəfər vəfat edib, aktiv xəstə sayı 10007 nəfərdir.
Bu arada Britaniya alimləri müəyyən edib ki, yeni mutasiyalarla bağlı (“Delta” və s.) hazırkı peyvəndlərin effektivliyi 2 dəfə aşağı düşüb. Odur ki, təzə peyvəndlərə ehtiyac var. “Delta”ya isə daha çox gənclər (12-24 yaş) yoluxur.
“Delta” ştammının azyaşlıları, gəncləri daha çox yoluxdurması isə narahat olmağa əsas var. Sual olunur ki, bu dəfə yoluxanlar arasında daha çox hansı simptomlar özünü  göstərir? Ağırlaşma halları əvvəlki dalğalarla müqayisədə azdır, yoxsa çox? Hansı vəziyyətdə xəstəxanalar öhdəsindən gəlməkdə çətinlik çəkməyə başlayacaq? Uşaqlar arasında kütləvi yoluxmalar olarsa, xəstəxanalarımızda bunun üçün şərait varmı?
Yeri gəlmişkən, Britaniyanın London Kral Kollecinin bir qrup mütəxəssisi, “Delta” ştammına yoluxmuş xəstələrin ən çox baş ağrısından əziyyət çəkdiyi qənaətinə gəlib. Onlar qeyd ediblər ki, bu virus eləcə də asqırma, burun axması, boğaz ağrısı və qoxu itkisi ilə xarakterizə olunur. Bundan əlavə, “Rospotrebnadzor” Mərkəzi Elmi -Tədqiqat Epidemiologiya İnstitutunun klinik tədqiqatlar şöbəsinin müdiri Xədicət Ömərovun sözlərinə görə, koronavirus xəstələrində arıqlama ola bilər ki, bu da susuzluq və iştahsızlıq ilə əlaqədardır. Bununla belə, həkimlər təhlükəli infeksiyadan qorunmağın ən təsirli yolun vaksinasiya olduğunu xatırladır.
Rusiya yoluxucu xəstəliklər üzrə həkimi Yevgeni Timakovun Sputnik radiosuna verdiyi müsahibədə yeni ştammın orqanizmdə bir sıra fəsadlar buraxmasından danışıb. Timakova görə, sağaldıqdan sonra koronavirus xəstələrində davam edən bir sıra simptomları qalır: “Bunlar baş ağrısı, zəiflik, yaddaşın zəifləməsi və bir sıra digər xəstəliklərdir. Əvvəllər bu təzahürlər, bir qayda olaraq, yaşlı insanlarda özünü göstərirdi, amma indi post-covid əlamətləri cavanlaşıb. ”Delta" stammı tam araşdırılmayıb, amma əminik ki, gənclər və uşaqlar daha çox xəstələnirlər. Yaşlılar da risk altındadır “- o deyib.
Mütəxəssis əlavə edib ki, çox güman ki, bu gərginlik immun faktorlara və sinir sisteminə təsir edəcək. “Koronavirus infeksiyasından əziyyət çəkən uşaqlar daha uzun müddət xəstələnəcəklər. Gənclərin reproduktiv funksiyasına təsiri araşdırılır ”.
Timakov deyib ki, peyvəndlər post-covid sindromundan qorunmağa kömək edə biləcək. Onun sözlərinə görə, ilkin məlumatlar peyvənd olunanların  bu sindromdan əziyyət çəkmədiyini göstərir.

Əli Quliyev
Mövzu ilə bağlı yaranan suallarla bağlı tanınmış pediatr Əli Quliyev “Yeni Müsavat”a danışıb: “Əsasən valideynlər bizə müraciət edirlər ki COVİD olmuşuq, uşağımızda da covid çıxıb. Bu şəkildə müraciətlər var. Şikayət edənlərdə əsasən qrip şəklində-burun axıntısı, boğaz ağrısı, öskürək, halsızlıq, baş ağrısı əlamətləri olur. Amma ümumiyyətlə, bu günə qədər müraciət edən xəstələrdən ağırlaşan demək olar ki, görməmişəm. 3-4 gün sonra sağalma periodu ilə gedirlər. Təbii ki, bu bir qarantiya deyil. Hər an ağırlaşma ola bilər. O baxımdan hazır olmaq lazımdır. Bildiyim qədərilə 1 nömrəli infekision xəstəxanada ağırlaşan uşaqlar üçün şərait yaradılıb. Yenə də deyirəm ki, uşaqlarda ağırlaşma, böyüklərdəki kimi deyil. Daha çox qrip əlamətləri şəklində ola bilər”.
Pediatrın sözlərinə görə, son günlərin statistik məlumatları realdır: “Biz də müşahidə edirik ki, əvvəllər gün ərzində uşaqlarla bağlı müraciət yox idi. Son dövrlərdə gün ərzində 10-15 zəng alırıq ki, uşağımız COVİD olub nə edə bilərik? Bu baxımdan deyirik ki, yenə virus yayılmağa başlayıb. O səbəbdən də tövsiyəmiz odur ki, insanlar çox olan yerə getməsinlər. Başa düşürük, yayda əksəriyyət çimərliyə, toylara, şadlıq saraylarına getmək istəyir. Amma mümkün qədər insanlar toplaşan yerlərə getməsinlər. Çünki bunu qorumağın yeganə yolu təması əngəlləməkdir. Müəyyən müddət uşaqları evdə izolyasiya etmək yaxşı olar”.   
Medicina.az - Uşaq poliklinikasında analiz verməyin -Pediatr
Aytən İsmayılzadə 
Həkim-pediatr Aytən İsmayılzadə də mövzu ilə bağlı fikir bildirib: “Uşaqlarda ”Delta" ştammı nə vaxt yoxlandı ki, dəqiq bilək?! Hazırda əksər uşaqlarda virus infeksiyasını müşahidə edirik. COVİD-ə qarşı test verənlərin nəticəsi  pozitiv çıxanlar çoxdur. “Delta” ştammı isə Hematologiya - Talassemiya Mərkəzində  yoxlana bilir. Bunu da kütləvi şəkildə yoxlamaq olur, - ya olmur, deyə bilmərəm. Hazırda biz uşaqları kəskin virus infeksiyası kimi müalicə edirik. Hələ ki ciddi ağırlaşmalar yoxdur. Hazırda əsas əlamətlər hərarət, qusma, ishal, qarın ağrısı ilə keçən infeksiyalardır. Bu, “Retrovirus” da ola bilər, bağırsaq qripi də, COVİD-19 da ola bilər. Dəqiq deyə bilmərik".
Erkin Rəhimov: "Ağır allergiyanın aktiv mərhələsində uşaqlar peyvənd  olunmaya bilər"
Erkin Rəhimov
Səhiyyə Nazirliyinin Baş pediatrı Erkin Rəhimov isə bildirib ki, pandemiya dövründə “Delta” ştammı da daxil olmaqla virusdan ən yaxşı qorunma yolu vaksindir: “Hələ ki, uşaqlara vaksin vurulmur, amma gələcəkdə bu barədə elmi sübut olarsa, uşaqlar da vaksin oluna bilər. Təəssüf ki, hələ uşaqlar koronavirusa qarşı peyvənd olunmur. Ona görə də uşaqları da qorumağın ən yaxşı yolu hamının peyvənd olunmasıdır. Bəzi insanlar peyvənd vurdurub yoluxa bilər, heç bir peyvənd 100 faiz qorumur. Amma elmi tədqiqatlar göstərir ki, yoluxma olsa belə, peyvənd reanimasiyaya düşmə və ölüm hallarından 95 faiz qoruyur. Elmi sübutlar göstərir ki, virusdan ölənlər də peyvənd olunmayanlardır. Hər iki dozadan peyvənd olunandan sonra ölüm çox-çox nadir halda ola bilər. Məqsəd təkcə peyvənd olunan adamın özünü qoruması deyil. Məqsəd həm özümüzü, həm cəmiyyəti qorumaqdır”.
Baş pediatr qeyd edib ki, əhalinin 70-80 faizinin peyvənd olunması lazımdır: “Bəzi xərçəng xəstələri və digər xəstəlikləri olanlar peyvənd oluna bilmir. Ona görə biz peyvənd olunmaqla o cür xəstlikləri olanları da virusdan qorumuş oluruq”.
Afaq MİRAYİQ,
“Yeni Müsavat”
Facebook-da paylaş
Digər xəbərlər
Xəbərlər
Bütün xəbərlər
Ən çox oxunanlar

  • © 2020 Müəllif hüquqları qorunur.
  • Anaxeber.info-ın məlumatlarından istifadə etdikdə istinad və müvafiq keçidin qoyulması mütləqdir.